Transmilli şirkətlərlə dialoq Azərbaycanı qlobal iqtisadi platformada etibarlı tərəfdaş kimi möhkəmləndirir – Azər Qarayev
Çağdaş dünyada qlobal iqtisadi və siyasi proseslərin formalaşmasında artıq yalnız dövlətlər həlledici rol oynamır. Son onilliklərdə beynəlxalq miqyasda fəaliyyət göstərən iri korporasiyalar elə bir nüfuz və təsir gücü qazanıblar ki, onların qərarları ayrı-ayrı ölkələrin iqtisadi strategiyalarına, sosial gündəminə, hətta geosiyasi balansına birbaşa təsir göstərir.
Bunu Trend-ə politoloq Azər Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı diqqətə çatdırılan mesajların əhəmiyyətindən danışarkən bildirib.
Politoloq vurğulayıb ki, görüşdə iştirak edən şirkət rəhbərlərinin idarə etiyi korporasiyalar yalnız məhsul və xidmət istehsalçıları deyil, eyni zamanda qlobal trendləri müəyyənləşdirən, yeni qaydalar yaradan və dövlətlər üçün alternativ güc mərkəzinə çevrilən aktorlardır:
"Bu iri transmilli şirkətlərin illik dövriyyəsi orta və kiçik dövlətlərin ümumi daxili məhsulunu üstələyir. Onların investisiya qərarları bazarları canlandıra, məşğulluğu artıra və texnoloji sıçrayışlara yol aça bildiyi kimi, eyni zamanda ölkələr arasında iqtisadi asılılıq münasibətlərini də dərinləşdirir. Belə bir reallıqda iri beynəlxalq biznes strukturlarının hər hansı ölkəyə yönələn marağı sıradan iqtisadi hadisə deyil, həmin dövlətin qlobal sistemdə tutduğu yerin, siyasi sabitliyinin və gələcək perspektivlərinin göstəricisi kimi dəyərləndirilir".
Azər Qarayev bildirib ki, dünya miqyasında tanınan və qlobal bazarlara yön verən şirkətlərin Azərbaycana maraq göstərməsi təsadüfi deyil. Texnologiya, enerji, maliyyə, sənaye, nəqliyyat, logistika və xidmət sahələrində lider mövqedə olan "Apple", "Meta", "Visa", "Mastercard", bp, "Shell", "ExxonMobil", "Boeing", "Honeywell", "Ericsson", "J.P. Morgan", "Marriott" və digər nəhəng korporasiyaların nümayəndələrinin Bakıya səfəri ölkəmizin artan iqtisadi nüfuzunun və etibarlı tərəfdaş imicinin göstəricisi kimi qiymətləndirilir. Bu şirkətlər üçün bazar seçimi təkcə iqtisadi gəlirliliklə deyil, siyasi sabitlik, hüquqi mühit, uzunmüddətli proqnozlaşdırma və strateji yerləşmə ilə ölçülür ki, Azərbaycan bu meyarlar üzrə artıq qlobal biznes xəritəsində öz mövqeyini möhkəmləndirib.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin həmin şirkətlərin rəhbər şəxsləri ilə keçirdiyi görüş və aparılan geniş məzmunlu müzakirələr də məhz bu reallığın təsdiqi kimi çıxış edir:
"Dövlət başçısının enerji təhlükəsizliyindən rəqəmsal transformasiyaya, süni intellektdən nəqliyyat və logistika dəhlizlərinə qədər uzanan baxışı Azərbaycanın yaxın və orta perspektivdə hansı iqtisadi trayektoriyanı seçdiyini aydın şəkildə ortaya qoyur. Bu görüş təkcə mövcud əməkdaşlığın müzakirəsi deyil, eyni zamanda ölkənin gələcək illər üçün yeni iqtisadi üfüqlərə daşınması istiqamətində atılan strateji addım kimi dəyərləndirilir.
Qlobal biznesin əsas oyunçuları ilə birbaşa dialoq, onların plan və maraqlarının dövlət səviyyəsində uzlaşdırılması Azərbaycanın iqtisadiyyatını qlobal müstəvilərdə inkişaf etdirməyə yönəlmiş növbəti uğurlu gediş kimi qiymətləndirilməlidir. Bu yanaşma həm investisiya axınlarının genişlənməsi, həm də ölkənin regional və qlobal iqtisadi proseslərdə rolunun daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır".
Politoloqun fikrincə bu tip görüşlər, eləcə də perspektivdə oxşar təmasların intensivləşməsi Azərbaycanın beynəlxalq müstəvidə formalaşdırdığı ümumi etimad mühitinin tərkib hissəsi kimi dəyərləndirilir:
"Qlobal iqtisadi platformalarda aparılan müzakirələr, beynəlxalq forumlarda səsləndirilən mövqelər və ardıcıl şəkildə nümayiş etdirilən siyasi-iqtisadi xətt ölkənin qərarvermə proseslərində proqnozlaşdırılan və məsuliyyətli tərəfdaş kimi qəbul olunmasına zəmin yaradır. Bu yanaşmanın formalaşmasında Prezident İlham Əliyevin beynəlxalq dialoqlarda nümayiş etdirdiyi praqmatik mövqe və institusional davamlılıq mühüm rol oynayır.
Azərbaycanın qlobal iqtisadi dialoqlarda aktiv iştirakı və regional proseslərə balanslı münasibəti ölkənin potensial imkanlarını daha geniş tərkibdə təqdim etməyə imkan verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət çərçivəsində ölkə beynəlxalq iqtisadi müzakirələrdə təşəbbüskar və konstruktiv tərəf kimi çıxış edir. Belə bir fonda baş tutan yüksək səviyyəli biznes təmasları təkcə cari əməkdaşlıq məsələləri ilə məhdudlaşmır, eyni zamanda uzunmüddətli iqtisadi perspektivlərin qiymətləndirildiyi platforma funksiyasını daşıyır və Azərbaycanın qlobal iqtisadi münasibətlər sistemində tutduğu mövqeyin möhkəmləndiyini göstərir".
Politoloq Azər Qarayev hesab edir ki, sözügedən şirkət rəhbərləri Azərbaycanı sabit, proqnozlaşdırılan və uzunmüddətli əməkdaşlıq üçün cəlbedici tərəfdaş kimi dəyərləndirirlər:
"Onlar ölkədə mövcud olan əlverişli investisiya mühitini, institusional yanaşmanı və inkişaf edən iqtisadi gündəliyi xüsusi qeyd edərək, enerji, texnologiya, maliyyə, nəqliyyat və xidmət sahələrində əməkdaşlığın genişləndirilməsinə maraq ifadə ediblər. Bu yanaşma Azərbaycanın qlobal biznes dairələrində etibarlı platforma kimi qəbul olunduğunu göstərir.
Prezident İlham Əliyevin görüşdə səsləndirdiyi fikirlər Azərbaycanın iqtisadi inkişaf modelinin əsas konturlarını və qarşıdakı mərhələyə dair baxışını aydın şəkildə ortaya qoydu. Dövlət başçısı enerji təhlükəsizliyində ölkənin etibarlı tərəfdaş rolunu, mövcud və planlaşdırılan enerji potensialını, həmçinin bu imkanların rəqəmsal transformasiya, süni intellekt və məlumat mərkəzləri kimi yeni sahələrin inkişafına xidmət edə biləcəyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın coğrafi mövqeyi, formalaşmış nəqliyyat və kommunikasiya infrastrukturu, eləcə də uzunmüddətli və dəyişməz investisiya mühiti hesabına qlobal layihələr üçün əlverişli platformaya çevrildiyini diqqətə çatdırdı".
Politoloq həmçinin bildirir ki, qlobal şirkətlərlə yüksək səviyyəli təmas Azərbaycanın yalnız mövcud resurslara söykənən iqtisadiyyatla kifayətlənmədiyini, eyni zamanda gələcək qlobal trendləri öncədən proqnozlaşdırdığını və yeni əməkdaşlıq formatlarına açıq inkişaf müstəvisində inamla addımladığını sərgiləyir.
Azər Qarayev həmçinin qeyd edib ki, fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyi görüş, Azərbaycanın regionda artan strateji rolunu bir daha ön plana çıxarır. ABŞ və İsrail kimi əsas beynəlxalq aktorlarla paralel və balanslı münasibətlərin müzakirə predmeti olması, ölkənin təkcə regional deyil, daha geniş təhlükəsizlik və əməkdaşlıq arxitekturasında mühüm tərəfdaş kimi qəbul edildiyini göstərir.
"Görüş zamanı səsləndirilən fikirlər, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərində sülhün irəlilədilməsi, ABŞ-ın bu prosesdəki rolu və yeni regional bağlantı layihələrinin gündəmə gətirilməsi, Azərbaycanın dialoq və əməkdaşlıq üzərində qurulan xarici siyasət xəttinin davamlı və təsirli olduğunu nümayiş etdirir.
Hər iki görüş zamanı səsləndirilən mesajlar ölkəyə gələcək illərdə beynəlxalq siyasi və iqtisadi sferada geniş inkişaf imkanları vəd edir. Mövcud nailiyyətlər görüşlər zamanı müzakirə edilən potensialın qlobal realizəsi üçün siyasi iradənin mövcud olduğunu ortaya qoyur", - deyə politoloq əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре