Kitabxanaçıların maaşının artırılması üçün konkret model hazırlanıb - Nazir
Kitabxana sahəsində fəaliyyət göstərən əməkdaşlarla bağlı dövlət tərəfindən verilən ən vacib tapşırıqlardan biri onların əməkhaqqı şərtlərinin yaxşılaşdırılmasıdır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət komitəsində keçirilən "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirədə deyib.
Nazir bildirib ki, bu, keyfiyyətli xidmətin təmin olunması üçün mühüm amildir. İlk növbədə kitabxana işçiləri müasir dövrün və əmək bazarının tələblərinə uyğun əməkhaqqı ilə təmin edilməlidirlər:
"Bu istiqamətdə artıq ciddi işlər aparılır və konkret model hazırlanıb. Kitabxana sisteminin optimallaşdırılması nəticəsində əldə ediləcək qənaət və resursların yenidən sahəyə yönəldilməsi, o cümlədən əməkhaqqı şərtlərinin yaxşılaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib".
Nazir, həmçinin 65 yaşından yuxarı kitabxanaçıların işlə təminatı məsələsinə də aydınlıq gətirib. O bildirib ki, 65 yaşdan yuxarı əməkdaşlarla bağlı qərarlar fərdi yanaşma əsasında qəbul olunur.
"Əsas məqsəd kitabxana sisteminin ixtisaslı kadrlarla təmin edilməsidir. Bu, həm mövcud qanunvericiliyin, həm də 1998-ci ildə qəbul olunmuş "Kitabxana işi haqqında" Qanunun tələblərindən irəli gəlir. Həmin qanunda kitabxanaçı anlayışı məhz xüsusi təhsilə malik mütəxəssislər üçün nəzərdə tutulub.
Bu səbəbdən gələcəkdə kitabxana sisteminin komplektləşdirilməsi zamanı ali təhsilli və peşəkar kadrların cəlb olunması əsas prioritetlərdən biri olacaq. Bununla yanaşı, onların layiqli iş şəraiti ilə təmin olunması da vacib məsələlərdəndir", - deyə Adil Kərimli vurğulayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре