İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib - FOTO
İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümünə həsr olunan tədbir keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Türkiyədə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri, ziyalılar, alimlər, sənət və iş adamları və çoxsaylı qonaqlar iştirak ediblər.
Proqram Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi, Qarabağ şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən İSTAD-ın sədri, TADEF-in mətbuat katibi Səfər Karakoyunlu Şanlı Zəfərin Azərbaycanla yanaşı, bütün Türk dünyası üçün mühüm tarixi hadisə olduğunu bildirib. O, 30 il ərzində Azərbaycanın haqq səsinin müxtəlif platformalarda müdafiə edildiyini qeyd edərək, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunmasının əhəmiyyətindən danışıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin xalqımızda böyük qürur hissi yaratdığını vurğulayıb, şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərə minnətdarlığını bildirib.
Tədbirin xüsusi qonağı, şəhid Tapdıq Babaşovun anası, "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədr müavini Kifayət Türksoy çıxışında şəhid ailələrinin keçirdiyi hisslərdən, Vətənə bağlılıqdan və Qarabağ Zəfərinin Azərbaycan xalqı üçün mənəvi əhəmiyyətindən bəhs edib. Şəhid anasının çıxışı iştirakçılara duyğulu anlar yaşadıb.
Dirijor Tekin Büyükkayanın rəhbərliyi ilə Türkiyə-Azərbaycan Qardaşlıq Xorunun ifasında hər iki ölkənin milli və mədəni dəyərlərini əks etdirən musiqi nümunələri təqdim olunub.
Sonda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, Azərbaycan-Türkiyə qardaşlığı və türk dünyasında həmrəyliyin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbir Azərbaycan-Türkiyə qardaşlığına həsr olunan şüarlarla başa çatıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре