Aktrisa Kübra Əliyeva: "Yenidən canıma qəsd etmək..." - FOTO

Day.Az представляет новость на азербайджанском языке:
Aktrisa Kübra Əliyevanın Milli.Az-a müsahibəsi.
Müsahibim xarakterik obrazları ilə xalqın sevimli aktrisasına çevrilən əməkdar artist Kübra Əliyevadır. Taleyin ona bəxş etdiyi sınaqdan üzüağ çıxan aktrisa sağlamlığına qovuşmasını möcüzə hesab edir. Aktrisa bu gün niyə yerli film və seriallarda çəkilmək istəmir? Onu kimlər bu sənətdən küsdürüb? Bu kimi suallara o, müsahibədə aydınlıq gətirir.
- Kübra xanım, necəsiniz, özünüzü necə hiss edirsiniz?
- Şükürlər olsun, hər şey yaxşıdır. Özümü də çox yaxşı hiss edirəm. Bu xəstəlikdən ayağa qalxmaq hər bir insana nəsib olmur. Görünür, Allahın sevimli bəndəsiyəm. Mən Allahıma çox bağlı bir insanam və bu möcüzəni mənə yaşatdığına görə mən yalnız ona borcluyam.
- Sənətdən uzaqlaşmağınız həvəsinizin azalmasıdır, yoxsa sırf həkimlərin məsləhətidir?
- Mən hal-hazırda yalnız istirahət edirəm. Çəkilişlərə getmirəm, çəkilmirəm də. Məncə, bu qədər bəs edər. Çünki vaxtilə çox çəkilib tanınmışıq, bizi teatrdakı rollarımıza görə tanıyıb seviblər. İndi dövran cavanlarındır. Estafeti onlara ötürməyin vaxtı gəlib.
- İçinizdə heç çəkilmək, yaxud tamaşa oynamaq kimi bir hiss varmı?
- Allah mənə bu canı qaytarıb verdisə, yenidən canıma qəsd etmək fikrim yoxdur. Çünki sənət stresdir, həyəcandır. Bunları daha yaşamaq istəmirəm. Mən uzun illərdir istirahət etmirdim. Yay ayında ya uşaqlarım üçün bişirib-düşürmüşəm, ya da ki, evimi təmir etmişəm. Pensiyaya çıxmağımla xəstəliyim üst-üstə düşdü. Allaha qurban olum, yalnız istirahət edirəm. Nəvələrimlə, ailəmlə istirahətin dadını çıxarıram (gülür). Allahımdan çox razıyam. Hazırda Türkiyədə, qızımın yanındayam. Oranın havası, dənizi çox gözəldir. Türkiyədə istirahətdə olmaq mənə çox rahat və xoşdur. İnşallah, yaxın günlərdə Bakıya gələcəyəm.
- Teatrdan danışarkən kövrəldiyinizi hiss etdim...
- Bu gün filmlərdə çəkilməsəm də, etiraf edim ki, teatr üçün darıxıram. Amma yenə də teatra getməyəcəyəm. Küsdüyüm insanla barışmıram, verdiyimi almıram və çıxdığım yerə də qayıtmıram. Bu mənim xarakterimdir.
- Kimlər sizi küsdürüb?
- Xeyr, heç kim məni küsdürməyib. Sadəcə olaraq öz istəyimlə pensiyaya çıxmışam. Mən müsahibələrimin birində vaxtı çatanda teatrdan uzaqlaşacağımı bildirmişdim. Teatrın mənim üçün nə demək olduğunu izah edə bilməsəm də, mən bu sənət ocağına çox bağlıyam. İstərdim ki, bu teatrda gözəl, bacarıqlı sənətkarlar yetişsinlər.
- Sənət yoldaşlarınızı, tərəf-müqabillərinizi yadınıza salarkən çox kövrəlirsiniz, yəqin ki. İnsan yaşa dolduqca daha da kövrək olur... Siz necə?
- Bu teatrın səhnəsindən kimlər gəldi, kimlər getdi... (kövrəlir) Teatr heç kimə qalan deyil. Orada 42 il çörək yemişəm. Mən teatrı sevirəm, sevmişəm, ölənəcən də sevəcəyəm. Çünki sənət mənin həyatım olub. Həyatımın ən böyük parçasını teatra həsr etmişəm. Ötən günə gün çatmaz, calasan günü-günə... Mən Siyavuş Aslan, Yaşar Nuri, Nəsibə Zeynalova, Telman Adıgözəlov, Hacıbaba Bağırov, Elçin Həmidov kimi sənətkarlarla birlikdə çalışıb, xalqa gülüş bəxş etmişəm. Hər bazar günü bizim televiziyada çıxışımız olurdu. O günlər üçün həqiqətən də darıxıram. Amma zaman dayanmadan irəliləyir, sevdiklərimizi bizdən ayırır. Çox təəssüf...
Böyütmək üçün şəkillərə klikləyin:

















































Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре