Qeyri-adi faktlarla TikTokda məşhurlaşan Yuspace əslində kimdir? - ÖZƏL MÜSAHİBƏ
.png)
Dünyanın müxtəlif ölkələrindən müxtəlif bacarığı və maraq dairələri olan insanlara böyük auditoriyaya çatmaq fürsəti yaradan video platforması TikTok-da fərqli kontent yaradıcıları diqqəti cəlb edir. Bunlardan biri də paylaşdığı maraqlı və qeyri-adi faktları əks etdirən videolarla seçilən və Yuspace kimi tanınan Vüsal Yusiflidir. Vüsal bu dəfə izləyicilərə maraqlı olan suallara aydınlıq gətirərək, özü ilə bağlı Day.Az-a özəl müsahibəsində faktları bölüşdü.
Özünüz haqqında məlumat verin (yaşınız, təhsiliniz, peşəniz və s.)
Adım Yusifli Vüsaldır, lakin bir çoxları məni Yuspace kimi tanıyır. 31 yaşım var, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm, hazırda isə frilans motion graphic dizayner və kopirayterəm, həmçinin sosial şəbəkələrdə elmi-kütləvi mövzularda videolar hazırlayıram.
Müxtəlif faktları araşdırmaqla ilk dəfə necə maraqlandınız? Bu tip məzmuna olan həvəsiniz nədən yarandı?
Ümumiyyətlə maraqlı faktları araşdırmağı 2017-ci ildən etibarən başlamışam. Lakin sırf məzmun yaratmaq həvəsi məhz Pandemiya vaxtı, 2020-ci ilin iyun ayında başladı. Evdə oturduğum üçün, boş vaxtım çox idi və qərara gəldim ki, bunu dəyərləndirim.
Tədqiqat prosesiniz haqqında bir az məlumat verə bilərsinizmi? İzləyiciləriniz üçün paylaşdığınız faktları necə tapırsınız və doğruluğunu yoxlayırsınız?
Keçmiş müstəntiq olduğum üçün bu tədqiqat prosesləri mənim üçün bir hobbidir. Həqiqəti axtarıb tapmaq mənə mənəvi həzz verir. Hər hansısa məsələ ilə bağlı məni tag edəndə və yaxud sual verəndə o məsələni, ilk növbədə Google və Google Schoolar-da axtarışa verirəm. Google-da Azərbaycan dilində yox, (əfsuslar olsun ki doğma dilimizdə məzmun çox azdır) məhz, ingilis, rus, alman hətta bəzən fransız dilində (google translate vasitəsilə) sorğu verirəm. Ortalığa çıxan nəticələrə əsasən başlayıram bütün vebsaytların verdiyi məlumatları təhlil etməyə. Hər tezisə məntiqi nöqteyi nəzərindən yanaşmağa başlayıram. Bu an doğruluq məsələsini yoxlamaq vacibliyi ortalığa çıxır. Bunu yoxlamağın bir neçə yolu var. İnternetdə xüsusi "faktcheck" saytarı var, əgər hər hansısa məsələni o faktcheck saytlarında tapa bilmirəmsə, sahədən asılı olaraq bəzən mütəxəssislərə belə müraciət edirəm. Anam həkimdir, bəzən ona belə müraciət etmişliyim olub. Ona görə izləyicilərimə yalan məlumat ötürməyim deyə 10 dəfə bir faktı yoxlamağa çalışıram.
Mövcud olan bu qədər böyük məlumatlardan, məzmununuzda hansı faktları əks etdirəcəyinizi necə seçirsiniz? Faktların həm maraqlı, həm də etibarlı olmasını təmin etmək üçün hansı meyarlardan istifadə edirsiniz?
Mən hər hansısa faktı götürəndə, bu faktın insanların marağına səbəb olub-olmayacağını analiz etməyə çalışıram. Bu mövzuda başqa insanların video hazırlayıb hazırlamadığını yoxlayıram. Lakin mənim üçün vacib olan ilk cümlələrdən insanların marağını qıcıqladırıb, sonra isə elmi mövzuya yavaş-yavaş sövq etməkdir. O ki qaldı, faktların həm maraqlı həm etibarlı olmasını təmin edən meyarlara, həmin meyarlar bunlardır:
- faktı təstiq edən ciddi elmi məqalələrin mövcudluğu
- faktı təstiq edən ciddi elmi eksperimentlər mövcudluğu
- faktın məntiqə əsaslanmağı
- faktın skeptik yanaşmaya dözümlülüyü
Daha az məlum olan faktları bölüşmək və auditoriyanızın ümumi maraqlarını təmin etmək arasında tarazlığı necə qoruyursunuz? Düzgün tarazlığı saxlamaq çətin deyilmi?
- Daha az məlumat olan faktları bölüşməyin də bir strategiyasını qurmuşam. Onları maksimal sadə, sıravi insanların anlayacağı dildən izah etməyə çalışıram. Çünki hər kəsin cəbr, həndəsə, kimya və fizika bilikləri yüksək deyil. Lakin bu o demək deyil ki, onlar da bu bilgilərə yiyələnmək istəmirlər. Daha az məlumat olan faktlar əsasən birbaşa elmi faktlar olduğu üçün daha qəlizdir. Əfsuslar olsun ki, bəzi bloggerlərimiz "izləyicilərimiz bunu istəyir" deyib məsuliyyəti izləyici üzərinə atır. Halbuki mənim astrofizika, coğrafiya, biologiya və kimya ilə bağlı olan videolarım 100 minlərlə baxış yığıb. İnsanların zövgünü istəyini düzgün təyin və təmin etmək bizim özümüzdən asıllıdır. Keyfiyyətli məzmuna baxılmasını istəyiriksə keyfiyyətli məzmunu biz hazırlamalıyıq.
Sizcə, müxtəlif və maraqlı faktların paylaşılması auditoriyanıza hansı şəkildə təsir göstərə bilər? İzləyicilərinizdən hansı şərhləri alırsınız?
-Mənim subyektiv fikrimə əsasən, mənim onlarla paylaşdığım maraqlı faktlar izləyicilərimə gündəlik həyatda qatqı verə bilər. Ən azı hər hansısa cəmiyyət içində intellekti ilə seçilmək və yaxud intellektual bir viktorinaya qoşulduqları zaman qarşılarına çıxacaq sualdakı faktı artıq biləcəklər. Həmçinin də yeni informasiya insan beynində "sinapslar" arasında əlaqəni gücləndirir. Bunu özü isə beynimizin daha yaxşı çalışmasına gətirib çıxarır.
Sizi təəccübləndirən və ya öz perspektivinizə əhəmiyyətli dərəcədə təsir edən konkret fakt və ya mövzu olubmu? Bir misal paylaşa bilərsinizmi?
- Araşdırma zamanı qarşıma çıxan bir çox faktlar məni təəcübləndirib. Lakin bir fakt var ki, "mənə uşaqlıqdan yalan deyirdilər" dedizdirdi. Sən demə Amazon meşələri bizim yer kürəsinin ağ ciyəri sayılmır. Çünki Amazon yer kürəsinin oksigenini cəmi 20% təmin edir. Qalan 80% bilirsiniz nə təmin edir? 10% faiz yer kürəsində olan ağac, bitkilər, kollar, 70% isə okean və dənizlərdəki yosunlar. İlk dəfə bunu oxuyanda beynim həqiqətən yanmışdı.
Məzmun yaradıcısı olaraq, paylaşdığınız məlumatın müxtəlif səviyyəli biliklərə malik olan insanların üçün anlaşılan və cəlbedici olmasını necə təmin edirsiniz?
- Bundan öncə də qeyd etdiyim kimi, mövzunun nə qədər gəliz və ya asan olmasından asıllı olmayaraq onu anlaşılan, sadə insanların anlayacağı dildən başa salmağa başlayıram. Çünki elm 4-5 insanın bildiyi, istifadə etdiyi disiplin olmamalıdır. İnsanlar və cəmiyyətin də bu elmdən xəbəri olmalıdır ki, elmə düşmən yox, məhz dost gözü ilə baxsın.
Siz inanırsınızmı ki, müxtəlif faktların tədqiqi auditoriyanızda maraq və açıq fikirlilik hissini inkişaf etdirməyə kömək edə bilər? Əgər belədirsə, bunu məzmununuza necə daxil edirsiniz?
- Əslində, bəli, buna inanıram. Misal üçün mən son 1 ildir ki, fəlsəfə mövzularına, hər bir şeyi sorğulamağa insanları sövg etməyə çalışıram. Məsələn, sonuncu paylaşdıqlarımdan "gəlinliklər hər zaman ağ olmayıb mövzusu olub". Bu videoda "ağ gəlinliyin" mənşəyi "təmizlik" və "adət-ənənə" olmadığını müəyyən etdim. Sən demə bu ağ gəlinlik bütün dünyada yalnız Kraliça Viktoriya ağ gəlinlikdə ərə gedəndən sonra dəbə mindi. Hər kəs özünü ona oxşatmağa çalışrıdı. Bir çox izləyici bu faktdan şoka düşdülər. Çünki on illərdi insanların beyninə oturan faktları çıxarmaq onların həqiqi olmadığını özünə belə sübut etmək çox çətindir. Lakin çox şadam ki, mənim izləyicilərim həyatı sorğulayacaq məzmunlara açıqdırlar.
TikTok-da məzun yaratmağa başlayandan sonra həyatınızda nələr dəyişdi?
- Açığı həyatım 180 dərəcə dəyişdi. Əvvəllər tanımadığım insanları tanıdım, daha çox yaradıcılığıma təkan verdi TikTok, maraqlı və faydalı məlumatları daha böyük kütləyə çatdırmağa mənə yardım etdi.
Məzmun yaradıcısı kimi fəaliyyətinizdə hər hansı problem və ya tənqidlərlə üzləşmisinizmi? Missiyanıza sadiq qalaraq onlarla necə davranırsınız?
- Nə yalan deyim üzləşmişəm. Mənim əsas məqsədim insanların "konspiroloji sərsəmliyə" inanmasıdır. Onlara bu "konspirologiyanın" yalan olduğunu sübut etməkdir. Bu əsasən "yer kürə deyil, düzdür" "reptilianlar bizi idarə edir" ,"5G ziyanlıdır" və s. kimi mövzulardır. Buna görə çox vaxt bəzi "insanlar tərəfindən" linç belə almışlığım olub.
Məzmun yaradıcısı olaraq gələcək arzularınız və məqsədləriniz nədir? Gələcəkdə məzmununuzun təsirini daha da inkişaf etdirməyi və genişləndirməyi necə planlaşdırırsınız?
- Arzularımdan biri təhsil platforması yaratmaqdır - interaktiv, müasir və gənclərə yönəldilmiş. Məzmunumun təsirinin online-dan artıq əlavə olaraq offline-a keçirmək də istəyirəm. Daha böyük və daha elmi mövzuları işıqlandırmaq istəyirəm.
Nəhayət, TikTokda izləyiciləri ilə müxtəlif və maraqlı faktları bölüşməkdə maraqlı olan iddialı məzmun yaradıcılarına nə məsləhət görərdiniz?
- İddialı məzmun yaradıcılarına məsləhət görərdim ki, sadəcə başlasınlar. Mənim özümə maraqlıdır ki, mənimlə paralel 4-5 elmi kütləvi kanallar mövcud olsun ki, rəqabət formalaşsın. Çünki sağlam rəqabət inkişafın təməlidir. Paxıllığın axırı yoxdur.
Ən vacib məsləhət isə, özlərinə qarşı səmimi olsunlar. Bu işi sevirlərsə etsinlər. Baxışlar üçün, tanınmaq üçün, like-lar üçün, reklam üçün, pul qazanmaq üçün edilirsə bu iş bu artıq biznesdir, məzmun yaradıcılığı deyil. Sevdiyini işlə məşğul olursansa sən əvvəl-axır buradan pul qazanmağa başlayacaqsan.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре