Nazim Pişyari: “Elələrinə “dilənçi” deyirlər” - MÜSAHİBƏ

Day.Az представляет новость на азербайджанском языке:

"Baloğlanı, Ağadadaşı efirə buraxmırdılar heç"

Müğənni Nazim Pişyari Lent.az-a müsahibə verib. Onunla həm illər əvvəl sənət dünyasında baş verənlər barədə söhbətləşdik, həm də bu günə nəzər saldıq.

- Sizi faytonçu Nazim obrazında tanıyıb sevdilər. Amma hazırda Nazim Pişyari kimi təqdim olunursunuz...

- Bu təxəllüsü mən seçməmişəm. Zamanında "Faytonçu" adlı nəğmə oxumuşdum. Və bu mahnı həmin dövrdə çox populyar oldu. Musiqi çarxlarında bir müddət 1-ci yerdə qərar tutdu. Mahnı çox sevildi. Çünki nostalji bir nəğmə idi. Azərbaycan xalqı bir az sentimental xalqdır - göz yaşı ovcunun içindədi. Sonradan bu mahnıya klip də çəkildi. Bundan əlavə, o zaman sənətdə Nazim Ağayev adlı sənətçi də olub. Ona görə də ayırd etmək üçün soruşurdular ki, hansı Nazim, faytonçu? Bir sözlə, bu damğanı xalq qoyub. Bəzi sənətçilər var ki, özləri özlərinə hansısa adlar seçirlər. Bu adı mən seçməmişəm. Xalq verib. Bu, məni məyus etmir. Faytonçu da bir peşədir. Digər adları götürməkdənsə, elə faytonçu qalmaq yaxşıdır.

- Bir qədər musiqi təhsiliniz haqda danışaq...

- Orta musiqi məktəbini klassik gitara və ümumi fortepiano üzrə bitirmişəm. Sonra isə Firudin Mehdiyevdən fərdi dərslər almışam. Mən musiqiçi idim. Musiqi məktəbini bitirəndən sonra toylarda sintezator ifa edirdim. Bu, mənim üçün bir tramplin oldu. Nardaran kəndində tez-tez olurdum. O zamankı toylar muğam müsabiqəsini xatırladırdı. Bugünkü muğam sənətkarlarının əksəriyyəti o toylarda sanki yarışırdılar - Ağaxan Abdullayev, Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Qəndab Quliyeva, Alim Qasımov, dünyasını dəyişən sənətkarlarımız - Hacıbaba Hüseynov, Əbülfət Əliyev, Yaqub Məmmədov. Mən bu insanlara gecə-gündüz qulaq asırdım. Toylarda bir xanəndə ifasını bitirər-bitirməz digərinə sifariş gələrdi. Onlardan çox şey öyrəndim. Bilirsiniz ki, kənd toyları gec bitir. Demək olar ki, toylarda yaşayırdım. Zamanla başqa müğənnilərdən təkliflər almağa başladım. "Bəsdir tozanaq içində oturdun, bir az da xalça üzərində otur. Şəhər məclislərində çıxış elə, otellərdə çalış" deyirdilər. O zaman Elman Məmmədov var idi, el arasında "göygöz Elman" kimi tanınırdı. Başladım onun ansamblında işləməyə. Elə orada başladım 2-ci səsləri ifa etməyə. Gördüm məndə pis alınmır, dayım Tələt Şahverdiyevə müraciət elədim. Dedim ki, səsimi yoxlatmaq istəyirəm. O da Firudin müəllimlə, maestro Niyazi, Tofiq Quliyevlə dost idi. Eyni zamanda "Azkonsert"in baş administratoru vəzifəsində çalışıb. O, məni Firudin Mehdiyevin yanına apardı. Məndən soruşdu ki, kimləri dinləyirsən? Dedim, Gülağa Məmmədov, Oqtay Ağayev, Rəşid Behbudovu dinləyirəm. Gördü ki, mən bayağı musiqiyə yox, peşəkar musiqiyə meylliyəm. Sonra səsimi yoxladı və bəyəndi. Beləcə, başladım vokalla məşğul olmağa. 2 il Firudin müəllimdən dərs aldım.

- Böyük səhnədə ilk çıxışınızı necə xatırlayırsınız?

- Böyük səhnəyə məni Flora Kərimova gətirib. Bizim bir duetimiz vardı - "Sevgi yolu". Baba Vəziroğlunun sözlərinə Elçin İmanovun bəstəsi idi. Buna qədər ara-sıra çıxışlarım olurdu. O zaman bir televiziya var idi - dövlət televiziyası. Orada "Əsgər poçtu" adlı veriliş vardı. 1-ci dəfə ora çıxmışam. Ruhəngiz Qasımovanın "Bir baxmısan, bir də bax" mahnısı ilə... Amma peşəkar səhnəyə məni Flora Kərimova gətirib. Burada Teymur Əmrahın da rolu var. O, "Sevgi yolu" nəğməsini dinləyib bəyənmişdi. Ona dedim ki, mən bu mahnını Flora xanımla duet oxumaq istəyirəm. O zaman Flora xanımla o qədər də münasibətim yox idi. Dedi "mən təşkil edərəm". Mahnını ona göstərdi, o da bəyəndi və razılıq verdi. Ondan sonra hara getsə, məni də özü ilə apardı. Məni səhnəyə gətirən Flora Kərimova olub. Mən ona borcluyam. Heç zaman da ona qarşı ləyaqətsizlik etmərəm.

- Bu gün Flora xanımla münasibətləriniz necədir?

- Çox gözəl. Mən sadiq insanam. Hamı bilir ki, Flora xanımın üzünə gülüb arxasınca danışan insanlar çox olub. Sonradan utanmadan barışıblar da. Flora xanımın böyüklüyüdür ki, o, hər zaman bağışlaya bilir. O, adı, soyadı, sənəti, şəxsiyyəti ilə Azərbaycan mədəniyyətində çox böyük bir zirvədir. Mən ona həmişə sadiq olmuşam. Və heç zaman onunla bağlı olaylara qarışmamışam. Bu gün ondan soruşsaz, özü də deyəcək ki, Nazim kişi qeyrətli, kişi xasiyyətli bir müğənnidir. Dəfələrlə yanımda onun haqqında mənfi söhbət olanda müdafiə etmişəm. Heç özünə deməmişəm, amma necə olubsa, xəbər tutub. İndən sonra oxumasa belə, o, bir tarixdir.

- Sənəti cılızlaşdırırlar deyirsiz. Sənəti kimlər cılızlaşdırır?

- Günah hamımızdadı. Media şərait yaratmasa, o mahnılar Heydər Əliyev Sarayına qədər ayaq açmaz. Bayağılıq həmişə olub. Amma kasetlərdə idi. Heç kimin xətrinə dəymək istəmirəm, amma zaman olub ki, Baloğlan Əşrəfov, Ağadadaş Ağayev efirə çıxa bilməyiblər. Bədii Şura icazə verməyib. Zamanla repertuarı düzəldən, sözlərə, musiqiyə fikir verəndən sonra İslam Rzayevin ansamblında efirə çıxmağa başlayıblar. Bayağılıq olub, var, olacaq da. İnsanlara nə verirlərsə, onu da yeyirlər. Yazıq tamaşaçı neyləsin? Hansı kanalı çevirsə, bayağılıq görür. Biz musiqiçilərdə də günah var. Acınacaqlı olsa da, mən bunu deməliyəm. Pərdə arxası həyat var. Bəzi sənətkarlar diqqətsizlikdən əziyyət çəkdikləri üçün layiq olmayanları tərifləməyə məcbur olurlar. Bəziləri o sənətkarlara pul göndərir, bazarlıqlarını edirlər ki, məsələn, "sabah efirdi, yaxşılığıma danışmasan da, pisliyimə heç nə danışma". O da məcbur olub razılaşır. Belə sənətkarlarımız təəssüf ki, var, daim kimdənsə nəsə gözləyirlər, umurlar.

- İstərdim, fəxri adlarla bağlı mövqeyinizi bilim. Siz də ad gözləyənlərdənsiniz?

- Açığı deyim, fərqində deyiləm. O adları layiq olanlara verirlər. Yəqin ki, hələ layiq deyiləm. Bu da sənətçiyə dövlət tərəfindən verilən bir diqqətdir. Olsa, pis olmaz. Canfəşanlıq edim ki, mənə niyə ad verilmir? Bu, mənə xas olan davranış olmaz. Biri var xalq artisti, biri də var xalqın artisti. Akif İslamzadənin adı yoxdur. Amma onun adı çəkiləndə hamı köks ötürür.

- Gənc ifaçılar barədə nə düşünürsünüz?

- Sevindirici haldır ki, istedadlı, pozitiv gənclər var. Zamiq, Elton, Ayaz, Nurlan Növrəslini bəyənirəm, xanımlardan Ülviyyə Tağıyeva vardı, onu bəyənirdim, indi görünmür. Günay İbrahimli çox çalışqandı. Mən heç solo konsert verməmişəm, amma o Yaşıl Teatrda konsert verib.

- Siz niyə solo konsert vermirsiniz?

- Hər bir müğənninin prodüseri, meneceri, bir sözlə, komandası var. Hərəsi bir dəfə çalışsa, sponsor da tapılar və iş görmək olar. Mənim nə prodüserim, nə də menecerim var. Özüm isə heç kimin qapısını döyə bilmərəm. Nə olsun ki, Naziməm, müğənniyəm. Heç zaman bundan istifadə etməmişəm. Bəlkə də o qapıları döymək lazımdı?! Bəlkə lazımlı adamların diqqətində olmaq lazımdı?! Sadəcə, qürurumu sındıra bilmirəm. Görsəm ki, vəziyyətim pisdi, acınacaqlıdı, onda şansımdan istifadə edəcəm. İndi çoxları bu variantdan istifadə edir, qapıları gəzir. Əslində, bu da müğənniləri nüfuzdan salıb. Elələrinə "dilənçi" deyirlər. Çalışıram özümü qoruyum. Məsələnin digər tərəfi də var. Məsələn, Səməd Səmədov gözəl insandı, həm də çox... Amma yaşının bu vaxtında elə mahnılar oxuyur ki, mən utanıram. Mən heç vaxt oxumaram. Amma onun üçün fərqi yoxdur. Ona görə hər zaman çalışmışam ki, anam, övladlarım mənə görə xəcalət çəkməsinlər. Bu, mənim üçün addan da, puldan da vacibdir.

- Sənət adamları arasında mütaliə edənlərin sayı azdır. Siz necə, kitab oxuyursunuz?

- Bəli, amma çox az. Vaxtım olmur. Mən Moskvadan gələndə "baqaj"ımın böyük hissəsini kitablar tutar. Kitabxanamda tarixlə bağlı kitablar çoxdur.