“Türk” etnonimi və törələri - Yunus Oğuz yazır

Müəllif: Yunus Oğuz
Əvvəlini buradan oxuya bilərsiniz
https://olaylar.az/news/sosial/594687
Yuxarıda qeyd etdiyimiz kimi türk cəmiyyətinin nüvəsi ailə idi və bu alənin əsasını ata-ana-usaq təşkil edirdi. Ata-ananın üç əsas vəzifəsi vardı:
1. Övladı halal qazancla yedizdirmək, ləyaqətlə yetişdirmək, böyütmək, cəmiyyətin bir hissəsi etmək;
2. Övladı cəmiyyətin bir hissəsi etmək üçün dövrün tələbinə uyğun olaraq tərbiyə etmək, törələri mənimsətdirmək, qorxmaz döyüşçü kimi böyütmək;
3. Övladı evləndirmək, yaxud ərə vermək.
Ata-ananın yazılmamış bu vəzifələri min illərdir nəsildən-nəsilə keçir, zamana uyğun olaraq dəyişikliklər olsa da, mahiyyəti dəyişmirdi. Elə indinin özündə də dünyanın qloballaşmasına baxmayaraq, türk dünyasında ata-ananın bu fundamental vəzifəsi dəyişməmişdir.
İslamaqədərki dövrdə türk qadınları üzlərini, (elə islamın ilk çağlarında da) gizlətmirdirlər. Törəyə uyğun olaraq qızın razılığı olmadan xaqan da olsa ona ərə getməzdi.
Oymaqda, obada "bayramlar, yarışlar və digər mərasimlər zamanı "qız", yaxud "oğlan" bəyənmək prosesi gedirdi. Ola bilərdi ki, qız və oğlan uşaqlıqdan bir yerdə böyüsünlər, sonradan bir-birlərinə könül versinlər.
İslam dövründə isə bu qaydalar qismən dəyişikliyə məruz qaldı. Belə ki, şəhərdə oturub yaşamaq istəyən türkləri öz soydaşları "duraq" adlandırırdı. Bu, o anlama gəlirdi ki, şəhərdə yaşamaq istəyən türklər, axınçılığı dayandırır, daha yürüşlərdə iştirak etmirdilər, yəni dayandı, durdu.
İslam dövründə şəhərdə yaşayan türklərin qız bəyənmək prosesi islam dövründə başqalaşdı.
Yuxarıda qeyd etdiyimiz kimi türk ailəsində, nəslin davam etdirilməsində əsas məsələ sağlamlıq hesab edilirdi. Buna görə də islamiyyət dövründə "qız bəyənmək" prosesi hamamdan başlayırdı. Qızın bədən düzlüyünü, əyriliyini, yarasını, xorasını, təmizliyini hamamda yuyunmaq prosesi daha tez üzə çıxarırdı. Adətən, "araçı" vasitəsilə bəyin anası gələcək gəlininə göz yetirir, vücudunun sağlamlığına, dilinin şirinliyinə, acılığına, oturuşuna, duruşuna diqqət yetirirdi.
Bir-birini sevən gənclərin evlənməsinə (təbiidir ki, ata və anaların razılığından sonra) "qovuşmaq" deyilir. Qızın bakirəliyi bu evlənmədə xüsusi əhəmiyyət kəsb edir və qədim türklərdə bu "qapaq" adlanırdı.
"Araçı" vasitəsilə oğlan evindən ana qız evinə təşrif aparırdı. Buna "ağız aramaq" deyirdilər. "Ağız aramaq" bir neçə gündən, bir neçə aya qədər çəkə bilərdi.
Bundan sonra "araçı" ilə oğlan evinə xəbər göndərilirdi ki, gərək qızın da ağzını arayaq, atası ilə məsləhətləşək. Hər iki tərəf razılığa gəldikdən sonra, oğlan evi elin ağsaqqalı, ağbirçəyi başda olmaqla qız evinə yollanırdılar. Bəzən qız evi naz edir, oğlan evini əliboş geri qaytarır, deyilirdi ki, bir fikirləşək. Amma yenə də razılıq olurdusa, oğlan evi bilirdi ki, bu dəfə qızı verəcəklər. "Araçı" bu aralarda çox fəal olurdu. O zaman oğlan evi erkək heyvana qırmızı lent bağlayıb qız evinə yollanırdı.
Razılıq zamanı qız atası "verdim", oğlan evi isə "aldım" deyər, bununla da vədə sadiq qaldıqlarını bildirərdilər. Bundan sonra evlilik və toy müzakirəsinə başlayırdılar. Oğlan evi sosial vəziyyətinə görə qız evinə başlıq verirdi. Bundan əlavə "südlük", "qan bahası" deyilən ödəmələr, yaxud hədiyyələr olurdu. Gəlinin ata-anasına, qardaş və bacılarına da hədiyyələr verilirdi, buna "ağırlıq" deyilirdi.
Bütün bunlara "kalın" deyilirdi. Sonralar bu sözü "kalım" kimi işlətdilər və indi də işlək sözdür. Yenə sosial vəziyyətdən asılı olaraq "dünir"lər (qudalar) qız toyunun xərcinin bir hissəsinin oğlan evi tərəfindən ödənilməsini müzakirə edirdilər.
Beləliklə, evlənmə bir necə mərhələdən keçir:
1. Qızaxtarma (bəzən oğlan və qız bir-birlərini sevir, anaya bu barədə bildiriş verirlər.)
2. Qızbəyənmə (oğlan və qızın bir-birlərini bəyənməsi hələ heç nəyi həll etmirdi. Lazım idi ki, ata-ananın da razılığı olsun).
3. Elçilik.
4. Toy mərhələsi
Toy mərhələsi iki yerə bölünürdü; qız toyu, oğlan toyu.
Qız toyundan sonra qız rəsmən gəlin sayılırdı. Əsasən qadınların iştirak etdiyi bu toyda gəlinə müxtəlif hədiyyələr verilirdi. Qırmızı gəlinlik paltarı geyinən qız, başına "didim" deyilən tac qoyurdu. Bəyin "sağdışı və soldışı" olduğu kimi, "qız toyu"nda da gəlinin "sağdışı", "soldışı" olurdu. Adətən sağdış evli, soldış isə subay olurdu. Gəlinin üzünü örtən duvağa isə "didək" deyilirdi.
Türklərdə "bəy və gəlin otağı" qabaqcadan hazırlanırdı. "Qız toyu"ndan sonra gəlinin ata-anası tərəfindən verilən cehiz "bəy və gəlin otağı"na daşınırdı. Gəlinin cehizi bəy evinə daşındıqdan sonra qadınlar gətirilən əşyaları bir-bir nümayiş edirdilər. Qadınlardan biri əşyanı qaldırıb "Bu onun filan əşyası" deyəndə yerdəkilər "Tanrı mutlu etsin", yaxud da "Allah mübarək eləsin" cavabını verərdilər. Gəlinin gətirdiyi cehiz onun öz malı hesab edilirdi. Gəlini bəy evinə at üstündə gətirərdilər. O atdan enərkən bəy tərəfindən verilən qulluqçunun çiyninə söykənirdi. İzdivac zamanı oğlan tərəfindən qızın bakirəliyini təsdiq etmək üçün "yengə" deyilən bir qadın təhkim olunurdu. Bundan sonra deyirdilər: "Qadın bəy sahibi oldu."
Qız toyundan bir neçə gün öncə "paltarbiçdi" deyilən mərasim keçirilirdi. Oğlan evinin adamları qız-gəlingilə gəlir, hazırladıqları geyimi, bəzək əşyalarını, şirniləri onlara təqdim edirdilər. Əgər bu gəliş bayram günlərinə düşürdüsə, o zaman əlavə olaraq qızıl əşyalar və xınalı qoç gətirirdilər. Gətirilən əşyaları burada da mərasimə gələnlərə göstərirdilər.
Oğlan evində toya bir gün qalmış qız evində "xınayaxdı" mərasimi keçirilirdi. Bölgələrdən asılı olaraq bu mərasim müxtəlif cür keçirilirdi. Qızın əl-ayağına xına qoyulur, sonra isə gələnlər əllərinə xına yaxardılar. "Xınayaxdı" mərasimində müstəsna olaraq qız-gəlinlər, qadınlar iştirak edirdilər.
Gəlini bəy evinə aparmağa gələndə bəyin kiçik qardaşı onun belinə qırmızı lent bağlayırdı.
Qız həyətinə çalğıçı dəstəsi gəlir, bununla da bildirmək istəyirdilər ki, bu gəlin bəy evinə aparılacaq. Bəy gözə görünməz, gəlin arxasınca özü gəlməzdi.
Gəlini bəy evinə aparanda "qabaqkəsdi" adəti də vardı. İstənilən böyük-kiçik gəlinin qarşısını kəsib "nəmər", "xələt" istəyirdi. Oğlan evinin çibindən, qurşağından nə çıxardısa onu verərdi. Gəlin həyətə daxil olanda onun başına şirni atırdılar ki, həyatı şirin olsun. Bəzi bölgələrdə isə meyvə qurusu da səpirdilər.
Gəlin evə, yaxud çadıra daxil olmamış bir qaşıq bal yedizdirirdilər ki, şirin övladları olsun. Gəlin duvaqda olar, oğlan toyu qurtarana qədər otağından çıxmazdı.
Oğlan evində toy günündən bir gün öncə heyvanlar kəsilər, çadırlar qurular, toy hazırlığına gələn dostlar-tanışlar, qohumlar vəzifələri bölüşdürərdilər. Yemək və şənlik çadırları ayrılıqda qurulardı. Oğlan toyunda, eləcə də qız toyunda oba, kənd ellilikcə iştirak edərdilər.
Toy günü bəy sağdış, soldışla "bəy hamamı"na gedərdi. Hamamda saclarına, saqqalarına düzən verər, təzə paltarlar geyinərdilər. Daha sonra bəyi toy mağarına aparardılar, yaxud bir otaqda gözlətdirərdilər. Bu zaman sağdış və soldış onun ayrılmaz hissəsi olurdu.
Bəyin soldışı evli, sağdışı isə subay olmalı idi. Bu, o anlama gəlirdi ki, bəy subay həyatından evliliyə qədəm qoyurdu. "Bəy toyu" üç gün, üç gecə keçirilərdi. Hətta daha imkanlılar "Dədə Qorqud" dastanında deyildiyi kimi "qırx gün, qırx gecə toy-düyün eylədilər".
Toyda ozanlar (aşıqlar) söz sözləyər, söyləmələrinə (şeirlərinə) möhür vurar, qıfılbənd deyər, bir-birlərini bağlamağa çalışardılar. Kim məğlub olurdusa, qopuzu (sazı) əlindən alınar, bir daha qalibin yanında söz söyləməzdi. Aşıqlar dastan söyləyər, uzun toy gecəsində iştirak edənlər intizarla gözləyərdilər ki, hadisələrin sonu nə ilə nəticələnəcək. Bundan əlavə toyda zurna-balaban və nağara dəstəsi də iştirak edərdi. Əsasən gənclər halay tutar, toy mağarına xüsusi bir şirinlik və şənlik gətirərdilər. Toyda gənclər əsasən qımız və şərab içər, xoşagəlməz hərəkətlərə yol verməzdilər.
Mağarda toyu idarə edən hörmətli adama "toybaşı", yaxud "sərpayı" deyirdilər. O adətən toyun düzənini qorumağa çalışar, oynayıb yorulanları başqaları ilə əvəz edərdi. Mağarda heç kim onun sözündən, əmrindən çıxa bilməzdi.
Gündüzlər toyda at, ox, güləş (qurşaqtutdu) yarışları keçirilərdi. Qaliblərə ya bəy, ya da atası tərəfindən mükafatlar verilərdi.
Toy mərasimində heç bir dini mövzu haqqında danışılmaz, dini söhbətlərə icazə verilməzdi. Bu da onu göstərirdi ki, dinin törələrə təsir gücü yox dərəcəsində idi.
Mərasimin sonuncu günü "bəy tərifi" başlayardı. Bəyi sağdış və soldışla birgə otuzdurar və bəy tərifi başlanardı. Toybaşı növbə ilə adları çəkər, aşıq da "Gəlsin xələt versin bəyin filankəsi" deyərdi. Bu gələnəklər günümüzə qədər gəlib çıxmış və təəssüflər olsun ki, artıq unudulmaqdadır.
Yadımdadır, məsələn bəy tərifi deyən aşıq söylərdi:
Bakıdan yol gedir Duvannı, Ələt
Gəlsin xələt versin bu təklə Bələd.
Adları çəkilənlər də imkanları daxilində xələt verər, bəyin evliliyinə dəstək verərdilər. Daha əvvəllər isə tərəkəmə həyatı yaşayan bəy və gəlinə yeni çadır qurular, oturaq türklər üçün isə, əgər evin böyük oğludursa ev tikilər, həm də evin qurulmasına elliliklə kömək edərdilər.
Toydan üç gün sonra bəy və gəlin gərdəkdən çıxıb evdəkilərin üzlərinə görünürdü. Buna "üzə çıxdı" deyirdilər. Bu zaman oğlan evi gəlinə qiymətli hədiyyələr verərdi. Gəlinin ata-ana evinə ilk gedişinə "ayaqaçdı" deyirdilər. Bu dəfə isə bəyə hədiyyələr təqdim olunurdu. Beləliklə, evlilik və möhkəm qurulmuş ailə həyatı başlayırdı.
Toy mərasiminə yekun vuraraq elə bölümü F.Ağasıoğlunun sözlərilə tamamlamaq istəyirik: "Göründüyü kimi, evlənmə, toy gələnəyilə bağlı "bəy, gəlin, söz alma, elçi, elçi daşı, başlıq, cehiz, duvaq, yançı, yengə, qayın, qaynata/qaynana, baldız, günü, kürəkən, damad, yeznə, sağdış, soldış, quda, toy gecəsi, toy xınası, xınayaxdı, paltar biçdi/kəsdi, ayaqacdı, bəy hamamı, bəy tərifi, bəy toğlusu, toybaşı" və sair bu kimi onlarla söz vardır. Bu terminlərin əvvəlki leksik anlamının öyrənilməsi çox önəmlidir, çünki belə etnoqrafik sözlər bizi xalqımızın qədim gələnəklərinə aparıb çıxarır..."
Ardı var
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре