Saxta telefonların ömrünə az qalır

Day.Az представляет новость на азербайджанском языке.

Saxta telefonların ömrünə az qalır

Mayın 1-dən etibarən mobil cihazların qeydiyyat sistemi işə başlayır. Yəni ölkədə olan bütün telefonlar İMEİ kodu vasitəsilə bir mərkəzdə qeydə alınacaq. Bunun üçün martın əvvəllərindən etibarən mobil operatorlar istifadə olunan mobil cihazların İMEİ nömrələrini sistemə təqdim edir. Mayadək informasiyaların ötürülməsi tamamlanmalıdır.

Bəs mobil tellefonların qeydiyyatı nə üçün lazımdır?

Bununla bağlı layihə bir neçə il əvvəl Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər aidiyyəti dövlət qurumlarının iştirakı ilə hazırlanıb. Sistem vasitəsilə ölkəyə gələn əcnəbi vətəndaşların telefonları da müəyyən müddətdən sonra qeydiyyata alınacaq. Onların rouminqlə istifadə etdikləri telefonlar avtomatik qonaq rejimində qeyd olunacaq. Müddət bitdikdən sonra telefon haqda məlumat bazaya daxil edilənə kimi bağlanacaq. Mərkəzi bazaya əlaqədar dövlət qurumları da qoşula biləcək.

İMEİ kodu nədir?

İnternetforumun prezidenti, "Multimedia" İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz Simsar.az-a açıqlamasında öncə İMEİ kodunun nə olduğuna aydınlıq gətirdi: "Əgər insanlar indiyə qədər şəxsi nömrələrinə daha çox diqqət yetirirdilərsə, bundan sonra telefonlarının zavod nömrələrinə önəm verməlidirlər. Hansı ki, biz ona İMEİ kodu deyirik. Hər bir telefon aparatı zavodda istehsal edilib buraxılanda onun yaddaşına bir nömrə daxil olur. Bu 15 rəqəmli nömrə unikaldır - yəni başqa heç bir telefon aparatında belə bir nömrə yoxdur. Vətəndaş hər hansı bir operatordan telefon nömrəsi alıb, onu telefon aparatına qoşaraq, "OKEY" düyməsini basdıqda mobil operatorun antenası onun nömrəsini deyil, telefon aparatının nömrəsini tutur. Operator öncə bilir ki, bu kodlu telefon onun dairəsindədir".

Telefon qeydiyyatının oğurluğun qarşısının alınmasına hesablandığını deyən O.Gündüz qeyd etdi ki, bu sistemin mövcudluğu oğurluq telefonların şəbəkədən istifadəsini mümkünsüz edir. Buna baxmayaraq, o, burada bir sıra mənfi məqamların baş verə biləciyini istisna etmir: "Ola bilər ki, sistemi idarə edənlər müəyyən anlaşılmazlıq olan telefonlarla bağlı mobil operatordan informasiyalar istəsinlər ki, bu da qanunsuzdur. Məhkəmə qərarı olmadan hər hansı vətəndaşa malik olan informasiya başqasına verilə bilməz".

Lakin İnternetforumun rəhbəri burada telefonların dinlənilməsi hallarının mümkünsüz olduğunu deyir. Onun fikrincə, digər tərəfdən şəffaflıq qorunmasa sistemi idarə edənlər tərəfindən telefon biznesi ilə məşğul olanlara ögey-doğmalıq göstərilməsi mümkündür: "Bəzilərinə yaşıl, bəzilərinə isə "qırmızı işıq" göstərilə bilər".

Həmsöhbətitz Türkiyə, Gürcüstan, Ukrayna, Avropanın bir sıra ölkələrində bu sistemin artıq xeyli əvvəl qurulduğunu dedi.

Qeyd edək ki, telefonu itən və ya oğurlanan şəxs qeydiyyat mərkəzinə müraciət etdikdə həmin telefona xidmət göstərilməsi məhdudlaşdırılır. İMEİ nömrəsi *#06# yığmaqla müəyyən edilir.

Mobil telefonların qeydə alınmasında əsas məqamlardan biri də ölkəyə keyfiyyətsiz telefonların gətirilməsinin qarşısının alınmasına yonəlməsidir.

Saxta telefonlar Azərbaycana əsasən Çin və Dubaydan gətirilir. Qiyməti ucuz olduğuna görə alıcılardan böyük bir qismi bu cür telefonlara üstünlük verirlər.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun fikrincə, telefon bazarının 30-40 faizi saxta telefonlardan ibarətdir. Holoqramları olmayan bu cür telefonlara da təminat verilməsinə baxmayaraq, onların istifadəsi uzun müddətli olmur. Onların əsasən akkumuluyatorları keyfiyyətsiz olur və bu bəzi hallarda telefon partlamalarına səbəb olur.

Beləliklə, saxta telefonların ömrünə az qalır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əhaliyə saxta telefonları almamağı tövsiyə edərək göstərilən tarixdən ölkədə satılan bütün saxta telefonlar mobil operatorların şəbəkəsindən çıxarılacağını bildirir.

Simsar.az