Vüqar Rəhimzadə: Azərbaycan mənşəli toponimlər mərhələ-mərhələ erməniləşdirilərək təcavüzə məruz qalıb

XX əsrin əvvəllərində bu gün Ermənistan adlandırılan ərazidəki 2310 coğrafi addan 2000-i türk mənşəli olub. Məhz həmin ərazidə və Dağlıq Qarabağda zaman-zaman Azərbaycan tarixinə aid toponimlər kütləvi şəkildə dəyişdirilib. Ona görə də toponimlərimiz haqqında ictimaiyyətimiz, xüsusilə gənc nəsil daha məlumatlı olmalıdır. Bu mənada cənab Prezident İlham Əliyevin Tərtərə səfəri zamanı rayon ictimaiyyəti ilə görüşündə toponimlər məsələsini diqqətdə saxlaması hər bir Azərbaycan vətəndaşı, xüsusilə tarixçilər qarşısında mühüm vəzifələr qoyur.

Day.Az Trend-ə istinadən verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, indiki Ermənistan ermənilərin yox, türk mənşəli tayfaların yaşadığı ərazi olub: "Buna görə də 1826-1828-ci ilə qədər bu ərazidəki yaşayış məntəqələrinin hamısının adı türk mənşəlidir. 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 min, Türkiyədən 84 min erməni köçürülüb. 1893-1895-ci illərdə isə indiki Ermənistana 900 min erməni köçüb. Yalnız bundan sonra İrəvan quberniyasında ermənilərin sayı azərbaycanlıların sayından çox olub. Ermənilərin növbəti addımı türk mənşəli toponimləri dəyişdirmək olub. Bəzi adları tərcümə ediblər, bəzilərinə yeni erməni adları qoyublar."

"Toponimlərin dəyişdirilməsi ilə bağlı müəyyən tədqiqatlar aparılsa da, bütün bunlar yetərli deyil" - söyləyən Vüqar Rəhimzadə əlavə edib ki, bu sahədə tədqiqat işlərinin davam etdirilməsi və gənclərə çatdırılması həm tariximizin qaranlıq səhifələrinə işıq salınması, həm də Ermənistanın təcavüzkar siyasətinin ifşası baxımından əhəmiyyətlidir: "Ermənistanın ölkəmizə qarşı apardığı informasiya müharibəsi çərçivəsində irəli sürdüyü əsassız iddialara tutarlı cavab vermək üçün müdafiə olunmaq yox, əks-hücuma keçmək lazımdır. İşğalçı Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə iddialarının əsassız olduğunu göstərməyin təsirli yollarından biri də ermənilərin bu diyara köçürüldüklərini və burada olan toponimləri sonradan dəyişdirmələrini sübut etməkdir. Bugünkü Ermənistan ərazisindəki toponimlərin nəşr olunan xəritələrdə və digər sənədlərdə Azərbaycan mənşəli adlarının göstərilməsi yaxın tariximizin unutdurulmaması baxımından da vacibdir".

Baş redaktor qeyd edib ki, xalqımıza məxsus toponimlərin dəyişdirilməsi məsələsi araşdırılıb və bəlli olub ki, Azərbaycan mənşəli toponimlər mərhələ-mərhələ erməniləşdirilərək təcavüzə məruz qalıb. Bununla da Ermənistan tərəfindən təkcə işğal olunmuş ərazilərdə yerləşən 300-dək coğrafi ad dəyişdirilərək erməniləşdirilib: "Ermənistan tərəfindən Azərbaycan toponimlərinin saxtakarlıq yolu ilə dəyişdirilməsi və müxtəlif üsullarla uydurma erməni adları ilə əvəz edilməsi bir neçə üsulla baş verib. Birincisi, Azərbaycan mənşəli toponimlər bütövlüklə erməni adları ilə əvəz edilib. İkincisi, keçmiş sovet dövründə dəyişdirilən bəzi toponimlərin erməni yazılış variantı saxlanılıb. Üçüncüsü, işğal altında olan ərazilərin toponimlərindən başqa respublikanın digər yer adlarına da təcavüz edilərək toponimlər təhrif edilməklə qismən dəyişdirilib. Dördüncüsü, hərfi tərcümə nəticəsində adlar dəyişdirilib. Beşincisi, bir qisim toponimlər isə bəzi fonetik dəyişdirilməyə məruz qalmaqla hazırda mövcud olduğu kimi saxlanılıb".

"Göründüyü kimi, Ermənistan təkcə Azərbaycanın torpaqlarına deyil, eyni zamanda, tarixinə, toponimlərinə də təcavüz edib" deyən V.Rəhimzadə bildirib ki, bu səbəbdən də Azərbaycan mənşəli coğrafi adların düzgün şəkildə dünya ictimaiyyətinə çatdırılması üçün daha əzmlə mübarizə aparılmalı, müntəzəm olaraq saytlarda Ermənistan tərəfindən təcavüzə uğrayan Azərbaycan toponimlərinin dəyişdirilməsi ilə bağlı yayılan saxta informasiyalar haqqında müvafiq qurumlara vaxtında məlumat verilməli və onların sıradan çıxarılmasına qarşı müntəzəm surətdə tədbirlər görülməlidir. Bu işdə əlbəttə ki, mətbuat nümayəndələrinin və tarixçilərin üzərinə daha böyük məsuliyyət düşür.