KOB İnkişaf Mərkəzləri tərəfindən 2021-ci il ərzində keçirilən təlimlərdən 9000-ə yaxın qadın yararlanıb

KOB İnkişaf Mərkəzləri tərəfindən 2021-ci il ərzində keçirilən təlimlərdə 9000-ə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadın yararlanıb.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədri Orxan Məmmədov "Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu" mövzusunda konfransda deyib.

O.Məmmədov bildirib ki, bu gün iqtisadi və sosial inkişafın səmərəliliyinə nail olmaq, iqtisadi inkişaf və yüksəlişdən bəhrələnmək üçün cəmiyyətdə olan qadınların mövcud potensial imkanlarından istifadə olunması mühüm əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla, KOBİA qadın sahibkarlığının inkişafını təşviq etmək, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirir.

"Qadınların sahibkarlıq, bu sahədə yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər, təlim, seminar və dəyirmi masalar təşkil olunur. KOBİA yanında İctimai Şurada Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da təmsil olunur ki, ötən il Şuranın tədbirlərinin biri də "Qadın sahibkarlığı: mövcud vəziyyət və perspektivlər" mövzusunda olmuşdur.

Bununla yanaşı bildirmək istərdim ki, KOBİA-nın strukturuna daxil olan KOB İnkişaf Mərkəzləri tərəfindən 2021-ci il ərzində keçirilən təlimlərdə 9000-ə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadın yararlanmışdır" - deyə o qeyd edib.

Onun sözlərinə görə, növbəti dəstək tədbirlərdən biri də 2021-ci il ərzində Dövlət Məşğulluq Agentliyi və Azərbaycana Birgə Yardım Təşkilatı ilə (UAFA) birlikdə həyata keçirən "Məktəbim" layihəsidir. Layihə çərçivəsində Təlimlərdə 65 qadına KOBİM-lərin ekspertləri tərəfindən biznes yönümlü təlimlər keçirilmiş və biznes planlarının hazırlanmasına dəstək göstərilmişdir.

"Qeyd edim ki, Agentlik tərəfindən göstərilən dəstək mexanizmlərindən qadın sahibkarlar da faydalanırlar. Belə ki, ötən il ərzində 3 qadın sahibkara təqdim etdikləri layihə çərçivəsində qrant, 4 qadın sahibkara 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən "Startap" şəhadətnaməsi verilmiş, o cümlədən qabaqcıl ölkələrin sahibkarlıq sahəsində təcrübələrinin öyrənilməsi məqsədilə həyata keçirilən "Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində 99 qadın yararlanmışdır.

Həmçinin, qadınların istehsal etdikləri əl işlərinin bazarlara çıxarılması və tanıdılması məqsədilə 2021-ci ilin 1 iyun tarixində Xaçmaz rayonunda qadın sahibkarların əl işlərinin satış-sərgisi keçirilmişdir.

KOBİA olaraq, biz bu və ya digər dəstək tədbirlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını da əhatə etməsində maraqlı olmaqla yanaşı, həmin bölgələrdə qadın sahibkarlığın inkişafı üçün müvafiq dəstəyin göstərilməsinə hər zaman hazırıq", - deyə O.Məmmədov əlavə edib.