Heydər Əliyev adına Hərbi İnstitutda məzun buraxılışı keçirilib

Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun məzun buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

22-ci buraxılış mərasimi münasibətilə keçirilən tədbirdə Milli Müdafiə Universitetinin rəhbərliyi, institutun pedaqoji kollektivi və rəhbərliyi, müəllimlər, məzunlar, valideynlər, ictimaiyyətin və KİV-in nümayəndələri iştirak edirlər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin ifasında Azərbaycanın dövlət himni səsləndirilib.

Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər Piriyev çıxış edərək əlamətdar gün münasibətilə müdafiə nazirinin, universitetin kollektivi və öz adından məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Həmçınin gənc zabitləri yaxınlaşmaqda olan 26 İyun - Silahli Qüvvələr Günü munasibətilə təbrik edib.

General-leytenant H.Piriyev çıxışında son illərdə ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlardan, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsindən, hərbi institutun zabit və kursantlarının Vətən müharibəsində iştirakından danışıb. O, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin zəfərlə başa çatdığını və torpaqlarımızın işğaldan azad edildiyini xüsusi vurğulayıb.