DİQQƏT - Tez-tez açılıb-bağlanan yoldan xəbər var
Uzun müddətdir ki, Bakı şəhərinin Badamdar qəsəbəsinin "20-ci sahə" ərazisində avtomobil yolunun baş verən uçqunla bağlı yolun hərəkət hissəsi nəqliyyat vasitələri üçün bağlıdır.

Day.Az referans.az-a istinadən bildirir ki, bunun nəticəsində artıq bir neçə ildir ki, nəinki avtomobillər, marşrut avtobuslar belə, alternativ yollardan istifadə etməli olurlar.

Bu zaman isə onlar daha çox məsafə qət etməli olurlar. Artıq neçə müddətdir ki, təmir-bərpa işləri gedən ərazidə işlər yekunlaşmaq bitmir. 

Bugünlərdə məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Bakı şəhəri, Səbail rayonu, "20-ci sahə" adlanan ərazidə baş vermiş torpaq sürüşməsinin fəsadlarının aradan qaldırılması istiqamətində görülən tamamlama işləri ilə əlaqədar təhlükəsizlik baxımından yolun bu hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb:

"Belə ki, yamacda olan artıq torpaq kütləsinin daşınması işləri həyata keçirilir. Yaxın zamanlarda işlərin yekunlaşacağı və hərəkətin tam bərpa ediləcəyi gözlənilir".

Qeyd edək ki, bu gün Bakı şəhər İcra Hakimiyyətindən əldə etdiyimiz məlumata görə, Badamdar "20-ci sahə" yolu açılıb. Bildirilib ki, nəqliyyatın hərəkəti üçün yol artıq ikitərəfli fəaliyyət göstərir.

Xatırladaq ki, qarşıdan "Formula-1" yarışı gəlir. Sayca yeddinci dəfə keçiriləcək Azərbaycan Qran-prisi 28-30 aprelə təsadüf edəcək. Həmin dövrdə isə bir sıra ərazilərdə, xüsusilə də "Azneft" dairəsində yolun nəqliyyat vasitələri üçün məhdudlaşdırldığını nəzərə alsaq, Badamdar "20-ci sahə" yolu kimi alternativ yolun istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir.