Ərdoğanın qələbəsinin Azərbaycan və Türk Dünyası üçün müsbət tərəfləri

Müəllif: Elvin Səxavətoğlu

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək. Artıq Ərdoğan bu gündən rəsmi şəkildə vəzifəsinin icrasına başlayır. Türkiyə lideri 2028-ci ilə qədər ölkəyə rəhbərlik edəcək. 

Məlumdur ki, Türkiyə seçkiləri Azərbaycan tərəfindən də yaxından izlənilirdi.

Hazırda isə əsas müzakirə mövzularından biri Ərdoğanın yenidən Prezident seçilməsinin Azərbaycan-Türkiyə, həmçinin ümumilikdə Türkdilli dövlətlər arasında əlaqələrin inkişafına təsiri ilə bağlıdır.

Türkiyəli akademik Gökmen Kılıçoğlu Day.Az-a açıqlamasında deyib ki, Ərdoğanın seçkilərdə uğur əldə etməsi Azərbaycan və Türkiyə arasında mövcud olan əlaqələrin yüksələn xətt üzrə inkişafını asanlaşdıracaq.

"Yeni bir iqtidarın gəlməsi Azərbaycanın Türkiyə üçün önəminə və xarici siyasətindəki çəkisinə təsir etməyəcəkdi. Bununla belə, yanaşmalar və metodlardakı fərqlər müəyyən qeyri-müəyyənliklər ehtiva edə bilərdi. Ərdoğan xəttinin davam etdirilməsi bu qeyri-müəyyənlikləri aradan qaldırdı. Artıq belə bir problem yoxdur".

Ərdoğanın Prezident seçilməsinin Türk Dünyasının güclənməsinə təsirindən danışan akademik bildirib ki, AKP iqtidarı bu istiqamətdə əlaqələrin inkişafına və tərəfdaşlarla effektiv münasibətlərin qurulmasına böyük önəm verəcək və prosesi sürətləndirmək üçün səylərini davam etdirəcək.

"İstər qlobal, istərsə də regional proseslər göstərir ki, Türküstanda təhlükəsizlik və rifah ancaq əməkdaşlıqdan qaynaqlana bilər. ABŞ, Rusiya və Çinin təzyiqlərindən başqa cür qurtulmaq mümkün deyil. Ərdoğan bunun fərqindədir. Seçkilərdə özünü daha qabarıq şəkildə göstərən millətçilik dalğası daxili siyasətdə də bu cür addımların atılmasının zəruriliyini gücləndirir.

Gökmen Kılıçoğlu bildirib ki, Ərdoğan və Türkiyənin "böyük qardaş" tipli siyasi davranış ritorikasından uzaq durması, prosesin ortaq qərar və iradə ilə yönləndirilməsi Türk Dünyasında da birləşmə meyillərini artırır.  

"Türk Dünyası artıq Avropa Birliyinə qarşı bir kart deyil, fundamental alternativə çevrilir.  Türkiyənin "Yenidən Asiya" anlayışı ilə həmahəngdir. Hesab edirəm ki, Rusiya və Çinlə əməkdaşlığı nəzərdən qaçırmadan, dağıdıcı rəqabətə girmədən proses uğurla davam edəcək".

Türkiyə liderinin Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan normallaşma prosesindəki roluna toxunan akademik vurğulayıb ki, Qarabağ qələbəsinin yekunu olaraq sülh müqaviləsinin imzalanması istiqamətində səylər davam etdiriləcək.

"Keçmiş Qarabağ münaqişəsində əldə olunan uğur Türkiyə-Azərbaycan münasibətlərinin regional sülh və təhlükəsizlik üçün nə qədər əhəmiyyətli olduğunu göstərdi. Qələbənin yekun sülh müqaviləsi ilə taclanması üçün bu əməkdaşlıq daha yüksək səviyyədə davam etməlidir. Bu, Ermənistan üçün də vacibdir".

Akademik bildirib ki, Türkiyə və Azərbaycanın birgə mövqe sərgiləməsi Ermənistanın fəaliyyət sahələrini, təsir imkanlarını daraldır.

"Görünən odur ki, Ermənistan təkcə Qarabağda istədiyi nəticəni əldə etməyəcək. Bu, onların Rusiyadan və Qərbdən asılılığını artırır. Bundan əlavə, regionda beynəlxalq layihələrdən uzaq olmaq Ermənistana ziyan vurur. Türkiyə və Azərbaycanın birgə mövqeyi Ermənistanın fəaliyyət sahələrini daraldır. Təbii ki, normallaşma prosesində Ermənistanın qondarma erməni soyqırımı və Türkiyə ərazisinə iddialarla bağlı sərgilədiyi mövqe münasibətin inkişafına təsirli olacaq".