Brüsselin dərdi var,

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Avropa Parlamentinə (AP) keçirilmiş seçkilər Avropa İttifaqının siyasi landşaftını ciddi şəkildə dəyişərək onu sürətlə sağa meyilləndirdi. Mühafizəkarlar və sağlar seçkilərin tam qalibləri olduqları halda sosial-demokratlar və sollar mövqelərini qorumağa çalışmaqla kifayətləndilər.

"Yaşıllar"la liberallar, bəlli, uduzublar.

Avropa İttifaqının tarixində sağlarla ultrasağlar "qoca qitə"dəki ölkələrdə indiki populyarlığa və nüfuza malik deyildilər. Yaşanan vəziyyət Aİ ölkələrindəki mərkəzçi siyasi qüvvələrə ənənəvi azlıq əldə etməyə mane olmaqla yanaşı, Brüsseldə konsensus mexanizminin çalışmasına mane ola bilər.

Portuqaliyanın sabiq baş naziri, sosial-demokrat Antoniu Koştu Avropa İttifaqı Şurasının prezidenti postunda Şarl Mişeli, Estoniyanın baş naziri Kaya Kallas isə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı vəzifəsində Jozep Borreli əvəzləyib.

Avropa Komissiyasının sədri postuna çoxsaylı namizədlərin adları çəkilsə də, Avropa Xalq Partiyasının (AXP) liderlərindən olan Ursula fon der Lyayenin vəzifəsində qalacağı şübhə doğurmur. Aİ ölkələrinin bir çoxunun liderləri də bunu məqbul qəbul etdiklərini bəyan ediblər. İspaniyanın baş naziri Pedro Sançes və Almaniyanın kansleri Olaf Şolts isə ümumiyyətlə, fon der Lyayenin "əvəzlənməsinin arzuolunmazlığı"nı vurğulayıblar.

Avropa Komissiyasının (AK) sədri postuna seçkilər bu ayın ortalarında olacaq. Daha doğrusu, iyulun 16-da Roberta Metsolanın Avropa Parlamentinin sədri vəzifəsində, Ursula fon der Lyayenin isə AK rəhbəri postunda qalacaqları ilə bağlı ehtimallar böyükdür.

Beləliklə, Avropa Parlamentindəki yay tətili zamanı Avropa Komissiyasının potensial üzvlərinin siyahısını müəyyənləşdirmək üçün imkan yaranacaq.

Ursula fon der Lyayenin vəzifədə qalması üçün Avropa Parlamentinin 720 deputatının ən azı 361-nin onun namizədliyini dəstəkləməsi gərəkdir: sağçı və radikal sağçı partiyaların gücləndiklərini nəzərə alsaq, bu, asan məsələ olmayacaq.

Xatırladaq ki, Jan-Klod Yünker 2016-cı ildə 46 səslik üstünlüyə malikdisə, 2019-cu ildə fon der Lyayen cəmi 9 səs üstünlüklə qalib gəlmişdi. Üstəlik, 5 il əvvəl onu sağçılar və populistlər də dəstəkləmişdilər.

Ursula fon der Lyayen Avropa Şurasında uğursuzluğa düçar olarsa və ya Avropa Parlamentində gərəkli çoxluğu əldə edə bilməzsə, Macarıstanın hazırda sədrlik etdiyi Avropa Şurası çox qısa müddətdə yeni namizədi təqdim etməli, Avropa Komissiyasının yeni heyəti isə fəaliyyətini bir qədər təxirə salmalıdır.

Gecikmə isə Avropa İttifaqının faydalı iş əmsalını azaltmaqla yanaşı, onun nüfuzuna ciddi zərbə ola bilər.

Bəhs etdiyimiz, ifrat dərəcədə siyasiləşmiş proseslə yanaşı, Avropa Parlamentində (AP) fraksiyaların yenidən formalaşması prosesi başlanıb.

AP-də prezidentin, vitse-prezidentlərin və komitə sədrlərinin seçkiləri qurumun yaxın illərdəki iş rejimi ilə yanaşı, siyasi prioritetlərini də müəyyənləşdirəcək. Bundan başqa, sağçı və ultrasağçı siyasi qrupların yenidən təşkilatlanması yaşanacaq. Əsas məsələ, təbii ki, Fransadakı radikal sağçı "Milli Vəhdət" və Almaniyadakı "Almaniya üçün Alternativ" (Alternative für Deutschland, AfD) partiyaları ilə bağlı olacaq.

"Milli Vəhdət"in lideri Marin Le Pen Fransadakı növbədənkənar parlament seçkilərində gözlənilən uğura nail ola bilmədiyi üçün 2027-ci ildəki prezident seçkilərinə hazırlığa başlayacaq və bu səbəbdən onun tərəfdaşlıq anlaşmalarına yenidən baxacağı gözlənilir.

AfD ilə isə Avropanın ən nüfuzlu sağçı partiyalarının rəhbərləri Marin Le Pen, Corca Meloni və Mateo Salvini əməkdaşlıqdan imtina ediblər.

AfD Avropa Parlamentində mövqelərini itirməmək üçün əsas funksionerlərindən olan Maksimilian Kranı Almaniyanın qurumdakı nümayəndə heyətinin tərkibindən çıxarıb. Əgər Avropa Parlamentindəki ifrat sağçılar mövqelərini dəyişərək, AfD ilə tərəfdaşlığı bərpa etməsələr, almaniyalı radikallar, çox yəqin, AP-də üçüncü sağçı fraksiya yaratmağa çalışacaqlar. Di gəl, bunun üçün AfD Aİ üzvü olan 7 ölkədən ən azı 23 deputatın dəstəyini almalıdır.

Problemi həll etmək üçün AfD hazırda Avropa Parlamentində (AP) heç bir fraksiyada təmsil olunmamış digər sağçı partiyaları - Macarıstanın baş naziri Viktor Orbanın sədrlik etdiyi "Fides" kimi - əməkdaşlığa cəlb etməyə çalışacaqlar.

Fərqli variant da istisna deyil. Belə ki, Avropa Parlamentindəki sağçı-populist və ifrat sağçı partiyalar yeni "superfraksiya" yaradaraq, mövqelərini gücləndirməyə cana bilərlər ki, bu da qurumda qütbləşmənin daha da sərtləşməsi ilə nəticələnə bilər. Bəhs olunan fraksiya yaranarsa, mütləq şəkildə Avropa İttifaqının gündəmində daxili, milli məsələləri ön plana çəkəcək, ümumavropa problemlərini arxa plana atacaq.

Sözügedən variantın reallaşma şansı azdır, çünki xarici siyasət və təhlükəsizlik müstəvisində ən önəmli məsələlərlə bağlı Avropadakı sağçı partiyalar arasında ciddi fikir ayrılıqları mövcuddur.

Xristian-Demokrat və Xristian-Sosialist partiyalarının da daxil olduğu Avropa Xalq Partiyası (AXP) yaranmış vəziyyəti nəzərə alaraq, sağçılarla təmaslarını aktivləşdirməyə hazırlaşır. AXP lideri Manfred Veber "yaşıllar" və ya sosialistlərlə tərəfdaşlıq yolları aramaq əvəzinə sağçılarla, o cümlədən, İtaliyanın baş naziri Corca Meloni ilə danışıqlara başlayıb.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də son aylarda C.Meloni ilə sıx əlaqələr qurub. Bu təmaslarda fon der Lyayen postunda qalmaq üçün əlavə dəstək arayıb, Meloni isə Avropa İttifaqı miqyasında təsir imkanları əldə etmək məqsədi güdüb.

Unutmayaq ki, Meloninin seçkiqabağı təbliğat kampaniyası "İtaliya Corca ilə Avropanı dəyişəcək!" (Con Giorgia l'Italia cambia l'Europa) şüarı altında keçmişdi.

Veber və fon der Lyayenin sağçılarla danışıqlarının nəticələrini çox yaxxın vaxtlarda görəcəyik, amma artıq bəlli olan məqam var: belə müzakirələr nəticəsində Avropa XCalq Partiyası solçuların və sol-mərkəzçilərin dəstəyini sürətlə itirməkdədir.

Avropalı sosial-demokratlar, həmçinin, Almaniyanın kansleri Olaf Şolts artıq bəyan ediblər ki, əgər Ursula fon der Lyayen radikal sağçılarla müzakirələri davam etdirərsə, vəzifəsini itirə bilər.

Əslində, həmin danışıqlar sadəcə Avropa Xalq Partiyasının sağa meyillənməsinə yox, Avropa İttifaqındakı ölkələrin daxili siyasi landşaftında yaşanan ciddi dəyişikliklərə dəlalət edir.

Səbəblər çoxdur, amma onların arasında əsas yerləri orta statistik avropalının mövcud siyasətdən və siyasətçilərdən usanması, mürəkkəb suallara sadə cavablar vəd edən populistlərə meyil etməsi tutur. Siyasi fraqmentasiya isə Avropa İttifaqında və Avropa İttifaqı Şurasında qərarların qəbulunu ləngitməklə yanaşı, islahatların keçirilməsinə mane olacaq.

Avropa İttifaqı ölkələrində milli maraqların ön plana çıxması isə Aİ-nin ümumi siyasətinə, xüsusilə də miqrasiya, iqlim dəyişiklikləri və iqtisadi əməkdaşlıq təki transsərhəd problemlərdəki mövqeyinə təsir edəcək.

Avropa Komissiyasına kimin rəhbərlik etməyindən asılı olmayaraq, yeni komissarlar siyasi mövqe baxımından daha sağçı olacaq, çünki onları Aİ üzvü olan dövlətlərin hökumətləri təyin edir. Son 5 ildə isə Avropa İttifaqı ölkələrində sağçıların reytinqləri aramsız yüksəlişdədir.

Avropa İttifaqının "demokratik" ölkələrindəki vəziyyətin ümumi görüntüsünə gəldikdə, baş verənlər siyasi kollapsı xatırladır. Fransada sağçıların yüksəlişi, Almaniyada ifrat sağçı-radikal AfD-nin nüfuzunun artması, Britaniyada radikal sağçı Naycel Faracla bağlı perspektivlər, ABŞ-də radikal Donald Trampın demokratların mövqelərinə dalbadal sarsıdıcı zərbələr endirməsi və ən nəhayət, Avropanın kiçik ölkələrində analoji proseslərin yaşanması...

Baş verənlərdə seçiciləri suçlamaq ən asan iş olsa da, məntiqsizlikdir.

Avropalı seçicilər arasında sağçıları va ifrat sağçıları dəstəkləyənlərin sayı niyə artır?

Nə üçün bu yaxınlaradək solçulara və ya mərkəzçilərə səs verən avropalı indi sağçılara ümid edir?

Çünki onunla danışmırlar. Yaşadığı ölkədə baş verənlərin çoxu onu razı salmır - ümumiyyətlə, normal adam həmişə çox məqamdan narazı olur.

Amma onun səs verərək hakimiyyətə gətirdiyi mərkəzçilər və ya solçular, demokratlar və ya sosialistlər həmin seçicinin fikrini dörd ildən bir öyrənir, yerdə qalan vaxtda nə etdiyini özünün bildiyinə əminlik göstərir və özünü sanki paralel dünyada hiss edir.

Avropa İttifaqı ölkələrinin siyasi elitaları "biz" deyirlər, amma orta statistik avropalıların çoxu hiss edir ki, həmin "biz"ə daxil deyillər. Hələ Fərid Zəkəriyyə Qərbdə demokratik institutlara etibarın sürəkli azaldığını deyirdi: onun fikrincə, Qərbdəki insanlar arasında "seçdiyimiz siyasətçilər bizim maraqlarımızı və problemlərimizi nəzərə almaq istəmirlər" düşünənlərin sayı çoxalır.

Qərbdə sağçıların və radikal sağçıların populyarlığının artmasının əsas səbəbi odur ki, hakimiyyət elitaları siyasətin mümkünlükdən daha çox dialoq sənəti olduğunu unudurlar.

Rəsmi, quru, söz yığınından ibarət nəzakətli ünsiyyət yox, insanları narahat edən problemlərin müzakirəsi olmalıdır.

Yalnız belə olarsa, radikalların qarşısı alına bilər.