AŞPA-da təmsilçilik Azərbaycanın haqqıdır və bu haqqın qeyd-şərt olmadan təmin edilməsi zəruridir

AŞPA-da təmsilçilik Azərbaycanın haqqıdır və bu haqqın qeyd-şərt olmadan təmin edilməsi zəruridir.

Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqisin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə dair şərhində deyilir.

"Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın dalana dirəndiyini qeyd edən, Avropa Şurası Parlament Assambleyası ilə dialoqa, açıq məsələləri həll etməyə çağıran Litva xarici işlər nazirinə xatırlatmaq istərdik ki, dialoqu dayandıran və bundan imtina edən Azərbaycan deyil, məhz AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər parlament üzvləri olub. Avropa Şurası nizamnaməsinin pozulması, AŞPA tərəfindən səlahiyyətlərin aşılması nəticəsində baş vermiş məlum addımdan sonra da Azərbaycan tərəfi müxtəlif kanallarla dialoqa açıqlığını, vəziyyətin həllində səmimi şəkildə maraqlı olduğunu nümayiş etdirib. Görünən odur ki, Avropa Şurası Nazirlər Komitəsində sədr olan Litva tərəfi Azərbaycanın AŞPA-da hüquqlarının əlindən alınmasından qətiyyən narahat deyil.

AŞPA daxilində Azərbaycana qarşı son illər, xüsusilə də ərazilərimizin Ermənistan işğalından azad edilməsindən sonra qərəzli yanaşmalar, ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinə kölgə salınmağa yönəlmiş cəhddir. AŞPA-da təmsilçilik Azərbaycanın haqqıdır və bu haqqın qeyd-şərt olmadan təmin edilməsi zəruridir", - deyə A.Hacızadə deyib.