Davam İnkişaf Gündəliyindəki 17 davamlı inkişaf məqsədinin yalnız 17 faizi zamanında həyata keçirilməkdədir - Sahibə Qafarova - FOTO
Milli Məclisin sədri, Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında "Daha sülhsevər və dayanıqlı gələcək üçün elm, texnologiya və innovasiyadan (ETİ) istifadə" mövzusunda çıxış edib.
Day.Az xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Milli Məclisin sədri Parlamentlərarası İttifaqın 149-cu Assambleyasının işinə uğurlar arzulayıb.
Spiker Sahibə Qafarova deyib ki, elm, texnologiya və innovasiya hər zaman cəmiyyətin inkişaf meyillərinin mərkəzində yer alıb. Bu gün Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində onların vacib rolu hamılıqla qəbul edilib. Həqiqətən də elm, texnologiya və innovasiyalar Davamlı İnkişaf Məqsədlərinin çoxu ilə əlaqəli olduğu üçün bu məqsədlərin reallaşdırılmasına ciddi təsir etmək imkanına malikdir.
O, təəssüflə qeyd edib ki, hesabatlara görə, 2030-cu ilin Davam İnkişaf Gündəliyində nəzərdə tutulmuş vaxtın bitməsinə sadəcə 5 il qaldığı bir dövrdə həmin gündəliyin və 17 davamlı inkişaf məqsədinin yalnız 17 faizi zamanında həyata keçirilməkdədir ki, bu da kifayət qədər narahatedici məqamdır.
Spiker bildirib ki, dünya birliyi, hamının xeyrinə, birgə müəyyən edilmiş İnkişaf Məqsədlərinə çatmaq səylərini irəli sürüb. İndiyə kimi çoxsaylı qətnamələr, bəyannamələr qəbul edilib, bir çox forumlar keçirilib. Lakin bir sıra bərabərsizliklər hələ də qalır. Sahibə Qafarova bəzi problemlərin tərəqqini ləngitdiyini, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı fərqin daha da artdığını söyləyib. Bildirib ki, mövcud vəziyyəti nəzərə alaraq, real addımlar atmağın və uyğun həllər təklif etməyin vaxtı gəlib çatıb.
Qeyd olunub ki, bu gün elm, texnologiya və innovasiyanın əlçatanlığı məsələsi ön plana çıxır. Əgər onlar yalnız inkişaf etmiş ölkələrə, icmalara və fərdlərə əlçatan və münasib olarsa, belə bir vəziyyət heç bir həll təqdim etməyəcək və bu səpkidən olan hər hansı bir problemin mənfi təsirləri, əksinə, daha da artacaq.
Parlamentin spikeri vurğulayıb ki, bəzi ölkələrin vaksin ehtiyaclarını qarşılamaq məqsədilə öz peyvənd tələblərini prioritetləşdirmək üçün texnoloji üstünlüklərindən istifadə etdikləri COVID-19 pandemiyasının dərsləri unudulmamalıdır.
Əgər biz DİM-lərin kollektiv həyata keçirilməsini və heç kəsi kənarda qoymamağı hədəfləyiriksə, bu halda ETİ-lər hər kəs üçün əlçatan olmalıdır. İnkişaf etməkdə olan ölkələr elmi, texniki və innovasiya siyasətlərini milli inkişaf strategiyalarına inteqrasiya etmək üçün lazım olan tədbirləri müəyyənləşdirməlidirlər. Lakin bu fəaliyyət eyni zamanda maliyyə, texniki yardım, potensial yaradıcılığı, texnologiyanın ötürülməsi, ən yaxşı təcrübələrin paylaşılması yolu ilə təşviq olunmalıdır.
Milli Məclisin sədri çıxışında qeyd edib ki, parlamentlər ETİ-nin təşviqi üçün əlverişli mühitin yaradılmasında, milli inkişaf proqramlarının hazırlanmasında, texnologiya mübadiləsinin dəstəklənməsində və ölkələr arasında tərəfdaşlığın gücləndirilməsinə töhfə verməkdə fəal rol oynaya bilərlər. Bu mənada, Sahibə Qafarova təkcə siyasi iradə deyil, həm də parlamentlərin birgə səylərini təşviq etmək və onların səslərinin eşidilməsini təmin etmək üçün praktiki alətlərə malik olan Parlamentlərarası İttifaqın rolunu xüsusi qeyd edib.
Azərbaycan parlamentinin spikeri diqqətə çatdırıb ki, elm, texnologiya və innovasiya kimi sahələr Azərbaycanın inkişaf gündəliyində mühüm yer tutur. Qeyd olunub ki, DİM məqsəd və hədəfləri ölkəmizin milli inkişaf planlarına və strategiyalarına daxil edilib. Ölkəmizdə müasir innovasiyalar və rəqabət qabiliyyətli insan kapitalı 2030-cu ilədək yeni sosial-iqtisadi inkişaf strategiyasının beş prioritet sahəsindən biridir.
Qabaqcıl texnologiya sənayelərini və innovasiyanı dəstəkləyən, iqtisadiyyatın texnoloji imkanlarını artıran rəqəmsal cəmiyyət inkişafın hərəkətverici qüvvəsi hesab olunur. Bununla yanaşı, ETİ Azərbaycanın bərpa olunan enerji potensialını inkişaf etdirmək və Ermənistanın işğalından azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaşıl enerji zonalarının yaradılması üzrə fəaliyyətinin mühüm amilidir.
Sahibə Qafarova bildirib ki, qlobal çağırışlar fonunda ölkələrin bir-birinin inkişaf arzularını dəstəkləmək kimi mənəvi öhdəliyi var. 2020-ci ildən bəri Azərbaycan 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları dəyərində humanitar, iqtisadi və texniki yardım göstərib.
Diqqətə çatdırılıb ki, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun 2023-cü ilin mart ayında Azərbaycanda keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək məqsədilə iki qlobal çağırış elan edib. Bu çağırışlar birbaşa maliyyə dəstəyi, təhsil imkanlarının genişləndirilməsi, potensialın artırılması və digər texniki vasitələri nəzərdə tutur.
Sahibə Qafarova deyib ki, bir çoxları elmi, texniki və innovativ təşəbbüslərin davamlı inkişafın hər üç aspektini - iqtisadi inkişaf, sosial tərəqqi və ətraf mühitin qorunmasını əhatə etməli olduğunu hesab edirlər. O, qeyd edib ki, iqlim dəyişikliyi kimi təxirəsalınmaz bir qlobal problem qarşısında ətraf mühitin qorunması çox vacibdir.
Cari ilin noyabr ayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək COP29 tədbiri barədə məlumat verən spiker Sahibə Qafarova deyib ki, tədbirə hazırlıq intensiv şəkildə həyata keçirilir. O bildirib ki, texnologiya COP29 Azərbaycan Sədrliyinin baxışında mühüm yer tutur, çünki o, iqlim dəyişikliyinə qarşı qlobal cavabın vacib komponentidir. Texnologiya həm təsirli yumşaltma, həm də uyğunlaşma tədbirlərinin asanlaşdırılmasında həlledici rol oynayır.
Diqqətə çatdırılıb ki, Azərbaycan Sədrliyi artıq 14 təşəbbüs irəli sürüb, bunlardan biri də "Yaşıl Rəqəmsal Fəaliyyət" təşəbbüsüdür. COP29 çərçivəsində tarixdə ilk dəfə Rəqəmsallaşma Günü keçiriləcək ki, bu da öz növbəsində iqlim böhranı ilə mübarizədə rəqəmsal texnologiyaların əvəzolunmaz roluna dair müzakirələrin səviyyəsinin artırılması üçün bir platforma rolunu oynamış olacaq. Elə həmin gün yüksək səviyyəli xüsusi dəyirmi masa təşkil olunacaq, müvafiq Bəyannamə təqdim olunacaq.
Milli Məclisin sədri bildirib ki, parlament müzakirələrində iqlim dəyişikliyi məsələsinin əhəmiyyətini nəzərə alaraq, Parlamentlərarası İttifaq Azərbaycan Milli Məclisi ilə birlikdə COP29 çərçivəsində parlament görüşü təşkil edəcək. Diqqətə çatdırılıb ki, tərəflər artıq tədbirə hazırlıq prosesinə yekun vurmaq üzrədirlər.
Sahibə Qafarova tədbir iştirakçılarını parlament iclasına dəvət edib, onları bu görüşdə fəal iştirak etməyə çağırıb. O, vurğulayıb ki, biz bu tədbiri birgə səylərlə çoxşaxəli iqlim fəaliyyətinə parlament töhfəsinin mühüm bir mərhələsinə çevirə bilərik.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре