“TÜRK” etnonimi və törələri

Yunus Oğuz

DAVAMI...

l hissəni buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/587277

ll hissəni buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/588140

Strabon özünün məşhur "Coğrafiya" kitabında yazır:

"Müqəddəs Burun da daxil olmaqla qərb sahilləri düz TAQ çayının töküldüyü yerə qədər İberiyanın (müasir İspaniya və Portuqaliya əraziləri nəzərdə tutulur. - Y.O.) qərb tərəfinin başlanğıcıdır.

Cənubdan isə - Ana çayının töküldüyü yerə qədər cənub tərəfin başlanğıcıdır. Hər iki çay mənbəyini şərqdən götürür. Amma TAQ  o biri çaylardan daha böyükdür və birbaşa qərbə axdığı halda, Ana cənuba dönərək vilayəti İkiçayarasına salır... Ölkənin dərinliklərində KARPATAN, OREATAN və VETTONLAR (kursiv mənimdir- Y.O.) yaşayırlar... Bu əyalətdən mənbəyini  Ana və Taq çayları kimi eyni yerdən götürən BATİY  çayı axır..

...Çayın adına uyğun olaraq ölkə Batik adlanır, əhali isə onu TURDETAN  adlandırır. Arada əhalini turdetan, bəziləri isə turdul çağırırlar. Bir sıra yazarlar onları bir xalq, bir qismi isə müxtəlif xalqlar hesab edir. Axırıncıya Polibi aiddir və təsdiq edir ki, turdullar turdentlərin şimal qonşusudur, amma indi onların arasında heç bir fərq tapmazsan. Turdentlər iberiyalılar arasında özlərini ən mədəni hesab edirlər. Onların əlifbası mövcuddur, qanunlar və öz tayfalarının tarixinə aid poemalar yazırlar (özlərinin dediyi kimi, yazılarının 6000 il yaşı var).Başqa iberiyalılar da yazı ilə tanışdırlar, amma onların hərfləri fərqlidir, belə ki, onların dilləri ayrıdır".

Göründüyü kimi  e.ə. I əsrin sonunda, eramızın əvvəllərində Avropanı gəzən və qələmə alan Strabon bizə  türk toponimləri, hidronimləri və etnonimləri haqqında kifayət qədər məlumat verir. Bunun üzərindən sükutla keçmək mümkün deyil.

Başlayaq Strabonun İberiyada göstərdiyi TAQ  və ANA  hidronimlərindən. Adi gözlə də, heç bir şərh vermədən görmək olur ki, hər iki çayın adı türkcədir. Bəs bu qədər türk toponimləri, hidronimləri və etnonimləri e.ə. I əsrdə indiki İspaniya ərazisinə necə gedib çıxıb? Nəzərə alaq ki, bu adların bu yerlərdə öz təsdiqini tapması üçün yüz illər, bəlkə də min illər gərəkdir. Bəzi tarixçilər təsdiq edirlər ki, e.ə. V əsrdə biz qədim türklər olaraq  Mərkəzi Asiya çöllərindən kənara çıxmamışıq. Elə isə bu adlar Avropanın qərbinə necə gəlib çıxdı? Haradan qaynaqlanır bu adlar? Özü də bu adları Strabon yunan dilinə tərcümə etmir. Yerli xalqlar bu adları necə söyləyir və tələffüz edirsə, Strabon da elə yazır.

Məlumdur ki, "TAQ" sözü indi də bir çox türk dillərində, o cümlədən də  Azərbaycan türkcəsində işlədilir. "Taq (ğ) Azərbaycanda üzüm ağacının bir qoluna deyilir. "Taqım" orduda alayın bir hissəsidir. 1969-cu ildə Leninqradda (indiki Sankt-Peterburq) nəşr olunan "Qədim türk sözlüyü" kitabında "taq" sözü bərkidilmək, nəyinsə bir hissəsi anlamını verir.

Qeyd etmək lazımdır ki, qədim şumer dilində bu söz müasir türk dilindəki kimi "birlədirmək", "yaışdırmaq", "sancmaq" anlamlarını verir.

XI əsrdə yaşayıb-yaratmış M.Kaşğari də taq və tağ sözlərini eyniləşdirir. Bundan başqa müəllif "tağ" sözündən əmələ gələn sözlərə də diqqət yetirir:

Tağay - dayı;

Tağık - dağa çıxmaq;

Tağıl - korlamaq;

Tağla - dağılmaq.

Strabonun göstərdiyi "Ana" çayının adı isə - minillərdir "ANA,APA,ABA" kimi işlədilən bu söz şumer dilində də "AMA" kimi işlədilmişdi.

"Qədim türk sözlüyü"ndə də "ana" sözü indi başa düşdüyümüz anlamda verilir.

Daha sonra Strabon qeyd edir ki, ölkənin dərinliklərində karpatan, oretan və vettonlar yaşayırlar. Maraqlıdır ki, bu etnonimlərə indiyə qədər bizim türkoloqlar diqqət yetirməyiblər. Göründüyü kimi bu sözlər mürəkkəb sözlərdir və təmiz türkcədir. Fonetik dəyişikliyə uğrasa da bu sözlərin anlamı bu gün də başa düşülməkdədir.

Strabon qeyd edir ki, bu əyalətdən Batiy çayı axır və çayın adına uyğun olaraq ölkə Batik adlanır, əhalisi özünü turdul deyə çağırır. Turdullar haqqında yuxarıda bəhs etdik.

Qeyd etdiyimiz kimi İberiya  Avropanın lap şərqində yerləşir, yəni günəşin batdığı yerdə. Bu baxımdan çay qərbə axdığı üçün çayın adı Batiy, ölkə isə çayın adına uyğun Batik adlanır.

Mahmud Kaşğaridə də Bat sözü müxtəlif mənalar verir:

Bat - batmaq, gözdən itmək;

Batıs - bataqlıq, çayın dərin yeri;

Batsıs - qərb;

Batur - batırmaq, bağlatmaq.

"Qədim türk sözlüyü"ndə də "bat" sözü müxtəlif çalarlarda və mənalarda işlədilir:

"I Bat - üzümün suyunun sıxılması,

II Bat - pis, gərəksiz,

III Bat - tez, cəld; iglig ersar bat onulurkim xəstədirsə tez sağalar.

IV Bat - batmaq, baş vurmaq; kün batti - günəş batdi"

Bu gün də dilimizdə işlədilən sözləri - günəş çıxan tərəfi Doğu, günəş batan tərəfi Batı, şimalı - Quzey, cənubu isə Güney kimi işlədirik.

Daha sonra Strabon yazır:

"... Məhz bu körfəz vilayətində iberiyalılar bastetan adını daşıyırlar (onlara bastul da deyirlər)... Kalpa dağı yerləşir...

Əgər daxili dənizdən xarici tərəfə üzsən, bu dağ sağda qalır, ondan 40 stadiya kənarda Kalpa şəhəri yerləşir...

... Bunlardan daha güclü və şöhrətlisi isə əsası Marsel tərəfindən salınmış Kordubdur...

... İberiyalı keltlər arasında Konisturq, liman şəhərləri arasında isə daha məşhuru Asta şəhəridir...

Hər halda, təbiətlə tanış olan insanlar... Bu yerlərdə özləri üçün şəhərlər və başqa yaşayış yerləri saldılar. Bu şəhərlər siyahısına bunlar daxildir: Asta, Nabrissa, Onoba, Ossonoba, Menoba və başqaları...

... Salaq sakinləri əsrarəngiz və zərif parçadan hazırlayırlar...".

Çox güman ki, Bastul / Basdul kimi işlənə bilər. "Bas" sözü feil funksiyasını daşımasına baxmayaraq, müxtəlif formalarda indi də müasir dilimizdə işlədilməkdədir; basmaq, basdırılmaq, basdırma, basıntı (toplantı), basar, Basqal və s. Qeyd edək ki, Qaraxanlılar dövlətində bir türk tayfasının adı Basmal idi.

M.Kaşğari "Divanü-lüğat-it-türk" kitabında "Bas" sözünün müxtəlif anlamlarını verir:

"Bas = basmaq,üstünə çökmək, yıxmaq, qamarlamaq;

Basa = sonra;

Basar = dağ sarmaşığı;

Basık = düşmən tərəfindən basılmaq;

Basın = zəif saymaq, zülm etmək;

Basruk = basqı.

"Qədim türk sözlüyü"ndə də "bas" sözü müxtəlif çalarlarda verilir:

"1.bas - basmaq; iğac, qaya qum bari gop basar - ağac, qayalar, qum hamısı tam sıxır;

2.bas - möhür vurmaq; tamqalarımızı basip bertemiz - biz öz möhürümüzü vurduq;

3. bas - sıxmaq, basıb keçmək;

4. bas - hücum etmək; qirqiz bodiniq uda basdimiz - gecə qırğız xalqına hücum etdik;

5. bas - əldə etmək; er qızı basdi - kişiqadını əldə etdi;

Basa - sonra; men anda basa keldim - mən ondan sonra gəldim.

Basal - soğan;

Basan - yas;

Basar - dağ sarımsağı;

Basquci - idarə edən, hakim;

Basiq - gecə hücumi;

Basil - idarə olunan;

Basin - məğlub olan;

Basinc - sıxışdırılan".

"Dul" sözü ilə bağlı "Türkün gizli kitabı" kitabında yazırdıq:

"D.Aytmuradov çinşünas İ.Biçurinə istinadən qeyd edir ki, "dul+qa" bir çox türk tayfalarında dəbilqə mənasını verir. Müasir Azərbaycan dilində də "dulusçu" sözü indinin özündə də əldə saxsı qablar düzəldən sənətkara deyirlər. Bəlkə də "basdul" sözü saxsı qablar basan, yəni düzəldən tayfalara deyirlərmiş.

Azərbaycanda əri və ya arvadı ölmüş şəxsə dul deyirlər.

Asta şəhərinin adı da maraq kəsb edir. Belə ki, müasir türk dillərində "asta" sözü "yavaş", "ləng", "aramla" mənasını verir. "Asta yerişli" sözü indi də işlənməkdədir. "Asta" sözü "giriş qapısı" mənasındadır. Qazaxıstanın paytaxtı Astana şəhəri bu anlamdadır. Azərbaycanın cənub bölgəsində, ölkəyə giriş hissəsində Astara şəhəri yerləşir".

Qədim türkçədə "Ast" - küçə, "astın" - aşağı, alt mənasını verir.

Strabon da qeyd edir ki, liman şəhərləri arasında ən məşhuru Astadır, ölkəyə giriş buradan başlanır.

Hər halda eradan əvvəl indiki İspaniya ərazisində  Asta şəhərinin olması və indiyədək bu adın eyni mənada müasir türk dillərində saxlanılması və işlənməsi, özlüyündə bir çox mətləblərdən xəbər verir. Daha bir ehtimal da mövcuddur. Yuxarıda Orxon-Yenisey abidələrindən yazanda, qeyd etmişdik ki, L.N.Qumilyov bu abidələrdən bəhs edərkən naməlum "az" tayfasının adını çəkmiş və onların haradan gəldiklərindən məlumatsız olduğunu bildirmişdir. Asta şəhərinin adı ehtimallara görə, As / az tayfasının adından götürülə bilər.

As / az tayfası haqqında professor Firudun Ağasıoğlu yazır: "Azərbaycan ölkə adının kökündəki azər boy adının yaranmasında özək olan az boyu türk etnosu içində çoxsaylı soylardan biridir. Aziya / Asiya adındakı paralellik kimi, az etnoniminin də as variantı geniş yayılmışdır. Bunun səbəbi az / as boylarının vaxtilə qədim Azərbaycandan  Batı, Quzey və Doğu ölkələrə olan köçü ilə bağlıdır. Üç-dörd min ildir ki, bu boylar tarixi mənbələrdə xatırlanır". Daha sonra müəllif qeyd edir ki, müxtəlif türk xalqlarının boy-soy (tayfa-nəsil) bölgüsü kimi diqqəti çəkən və tərkibində az / as komponentini yaşadan etnonimlər maraq kəsb edir. Məsələn, başqort-katay boyundaki as, assı soyları balkarların as adlanması, A.Vamberin özbəklərin 32 əsas boy sırasında as boyunu qeyd etməsi, qırğızların azıq boyu, qədim Azərbaycan əhalisinin az adlanan bir qisminin sonralar azər boyu kimi tanınması az / asların türklüyünə şübhə qoymur.

Maraqlıdır ki, Az tayfasının Troyadan (müasir Türkiyə ərazisindən - Y.O.) Avropa və İslandiyaya köç etməsi haqqında "Kiçik Edda" abidəsi də lazımı qədər və ətraflı məlumat verir. Hətta orada qeyd edilir ki, aslar Troyadakı (Turoba) adətləri, Türkel, Anar, Atlı kimi şəxs adlarını və digər toponimləri özləri ilə Avropaya aparmışlar. Yeri gəlmişkən, yəhudi yazarı Rafail Nidelman özünün "İnsan tarixində müəmmalar, sirlər və kodlar" kitabında Troya haqqında maraqlı məlumat verir. O yazır ki, Sultan Mehmet Fatih 1453 -cü ildə İstanbulu fəth edəndə belə bir ifadə işlədib: "Konstantinopolu almaqla mən Troyanın yerlə-yeksan olunmasının qisasını alıram". Hələ bir neçə il əvvəl "Türkün tarixinə yeni baxış" kitabında yazmışdım ki, Avropada VII əsrdən başlayaraq "türk" sözünün şərhini verməyə çalışıblar. Bu o zaman başlanıb ki, Troya əfsanəsi yazılı şəkildə təsdiqini tapdı və troyalıların türk köklü olduğu versiyası irəli sürüldü. Buna əsasən Troya çarı - TORQUDUS-un adının türk adına çox uyğun gəlməsi idi".

Maraqlıdır ki, Troya şahzadəsinin adı Qöktar, anasının ismi isə Qökua olub, türk adlarından heş nə ilə fərqlənmirlər. Homerin şəhadətinə görə Troyada yaşayan tayfalardan biri isə "turşa" adlanırdı.

ARDI VAR