MALBI-trans Orta dəhlizinin yeni inkişaf istiqamətləri barədə planlarını açıqlayıb

"MALBI-trans" və "Carpatica Feroviar" Orta Dəhlizin inkişafı çərçivəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. Saziş Çexiyadan Konstansa limanına yükdaşımaların təşkilini, ardınca isə Poti, Batumi və Xəzər dənizi vasitəsilə Aktauya çatdırılmanı nəzərdə tutur.

Day.Az xəbər verir ki, bunu Trend-ə verdiyi özəl müsahibədə "MALBI-trans" şirkətinin baş direktoru Liliana Krutonoq bildirib.

Onun sözlərinə görə, bağlanmış saziş çərçivəsində "MALBI-trans" Konstansa limanından əməliyyatlar həyata keçirəcək.

"Biz tərəfdaşlarımızla birlikdə konfrans keçirdik və orada gümüş sponsor kimi çıxış etdik. Şəhəri və limanı ziyarət etdik, infrastrukturla tanış olduq və müştərilərimiz üçün təqdimatlar keçirdik. Bu marşrutu optimal, yeni və az işlənmiş hesab edirik ki, bu da əlavə həcmlərin cəlb olunmasına imkan yaradır. Orta Dəhliz ümumilikdə Brest-Malaşeviçe marşrutu ilə müqayisədə ötürmə qabiliyyətinə görə geri qalır, lakin "Carpatica Feroviar" ilə müqavilə münasibətləri çərçivəsində onun daha da inkişaf etdirilməsi planlaşdırılır", - deyə Krutonoq qeyd edib.

O vurğulayıb ki, əsas əhəmiyyət daşıyan məqam müştərilərin sorğuları, onların arzuları və logistika prosesinə baxışıdır. Onun sözlərinə görə, "MALBI-trans" müştəriləri tərəfindən Orta Dəhlizə maraq artıq üç ildən çoxdur ki, müşahidə olunur.

Baş direktor əlavə edib ki, dövlət iştiraklı bir çox iri Avropa şirkətləri mövcud sanksiyalar, məhdudiyyətlər və daxili direktivlər səbəbindən Belarus və Rusiya üzərindən keçən Brest-Malaşeviçe şimal marşrutundan tranzit kimi istifadə edə bilmirlər.

"Alternativ axtarışında onlar belə xidmətləri göstərən tanınmış ekspeditorlara, o cümlədən bizə müraciət edirlər. Biz bu variantı təklif etdik, çünki artıq Çexiyadan Koper və Triest limanları üzərindən daşımalarda təcrübəmiz var, həmçinin Konstansa üzərindən sınaq göndərişlər həyata keçirmişik.

Konstansa bizim tərəfimizdən prioritet marşrut kimi nəzərdən keçirilir, çünki bu, yeni bir yoldur və fikrimizcə, inkişaf edəcək. Bundan əlavə, "Carpatica Feroviar" marşrutun inkişafına, ötürmə qabiliyyətinin artırılmasına və infrastrukturun yaxşılaşdırılmasına müsbət yanaşma nümayiş etdirir. Biz onlarla dövlət şirkətlərinin, nəqliyyat nazirliklərinin və infrastruktur təşkilatlarının marşrutun ötürmə qabiliyyətinin artırılması üzrə danışıqlarda iştirakını cəlb etmək imkanını müzakirə etdik", -Krutonoq vurğulayıb