AYİB Orta Dəhliz çərçivəsində layihələri uzunmüddətli maliyyəşdirmə ilə dəstəkləməyə hazırdır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) uzunmüddətli kreditlər, davamlı komponentlər üçün donor maliyyələşməsi, həmçinin texniki, ekoloji və sosial qiymətləndirmələrin həyata keçirilməsi yolu ilə Orta Dəhliz və Zəngəzur dəhlizi çərçivəsində Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafını dəstəkləməyə hazırdır.

Day.Az xəbər verir ki, bunu Trend-ə verdiyi müsahibədə AYİB Azərbaycandakı baş bankiri Real Hacıyev deyib.

Onun sözlərinə görə, AYİB həmişə əlaqələndirici infrastruktur layihələrinə, o cümlədən təklif edilən dəmir yolu xətlərinə dəstəyini bəyan edib. Bu xətlər Orta Dəhlizin Asiya və Avropa arasında etibarlı nəqliyyat marşrutu kimi potensialını gerçəkləşdirməsinə kömək edəcək.

O qeyd edib ki, bank regionda əlaqəliliyin yaxşılaşdırılmasına və uzunmüddətli sülhə töhfə verən addımları alqışlayır.

AYİB-in Azərbaycanda infrastruktur və əlaqəliliyi dəstəkləməsi

R. Hacıyev vurğulayıb ki, AYİB Azərbaycana iri miqyaslı infrastruktur layihələrinin, o cümlədən Naxçıvan Muxtar Respublikasındakı layihələrin həyata keçirilməsində uzunmüddətli kredit resursları və potensial olaraq davamlı komponentlər üçün donor maliyyələşmə təqdim etməklə yardım göstərə bilər.

"Biz həmçinin hökuməti texniki, ekoloji, sosial, iqlim və digər aspektlər üzrə ətraflı texniki-iqtisadi əsaslandırmaların hazırlanmasında dəstəkləyə bilərik. Bu, layihələrin faydalarını maksimuma çatdırmağa, risklərini isə minimuma endirməyə imkan verəcək. Bundan əlavə, həm fiziki, həm də "yumşaq" əlaqəlilik tədbirlərini müəyyən etmək üçün genişmiqyaslı araşdırmaların aparılmasına kömək edə bilərik ki, bu da Azərbaycan üzərindən rəqabətqabiliyyətli və fasiləsiz regional əlaqəliliyi təmin edəcək", - deyə AYİB baş bankiri bildirib.

Orta Dəhlizin inkişafı üçün dəmir yolu və multimodal infrastrukturun müasirləşdirilməsi

Onun sözlərinə görə, Azərbaycanın dəmir yolu infrastrukturu inteqrasiya olunmuş liman infrastrukturu ilə birlikdə Orta Dəhlizin əsasını təşkil edir. Buna görə də AYİB hadisələrin inkişafını diqqətlə izləyir və bu məsələlərlə bağlı hökumət nümayəndələri ilə mütəmadi müzakirələr aparır.

"Başqa mühüm istiqamət isə müxtəlif nəqliyyat növlərinin vahid sistemdə birləşdirilməsi - multimodal həllərin yaradılmasıdır. Buraya, məsələn, konteyner daşımaları daxildir. Yük son məntəqəyə çatana qədər dörd fərqli nəqliyyat infrastrukturundan (quru, dəmir yolu, liman, dəniz) istifadə oluna bilər. Enerji keçidi və rəqəmsallaşma aspektləri də son dərəcə əhəmiyyətlidir. Çünki qlobal iştirakçılar tədarük zəncirlərində karbon izinə daha həssas yanaşır və daha müasir, lakin azkarbonlu nəqliyyat həlləri tələb edirlər.

Məsələn, bu yaxınlarda biz Gürcüstan və Azərbaycanın dəmir yollarına avtomobil qoşqularının dəmir yolunda daşınması (kontreyler daşımaları) ilə bağlı araşdırmada kömək etdik. Bu zaman yük maşınları sürücüləri ilə birlikdə Batumidən Bakıya dəmir yolu ilə daşınır, bu da yollara düşən yükü və tullantıları azaldır. Oxşar həllər daha innovativ və dayanıqlı nəqliyyat əlaqələrinin qurulması üçün də tətbiq oluna bilər", - deyə o bildirib.

Onun sözlərinə görə, investisiya tələbləri müəyyən edildikdən sonra AYİB "Azərbaycan Dəmir Yolları", AZCON və digər institutlarla əməkdaşlıq istiqamətlərinin daha ətraflı işlənməsi üçün hazır olacaq:

"Biz əminik ki, belə layihələr uğurlu ola bilər, çünki marşrut boyunca oxşar təşəbbüslərin müsbət nəticələrini görmüşük. Məsələn, Qazaxıstanda milli dəmir yolu operatoruna fəaliyyətinin yaxşılaşdırılması üçün investisiya etmişik. Özbəkistanda ticarət əlaqələrinin inkişafı üçün yolların və körpülərin müasirləşdirilməsinə dəstək olmuşuq, Qırğızıstanda isə Bişkek yaxınlığında konteyner stansiyasının modernləşdirilməsinə kömək etmişik ki, yüklərin emalı səmərəliliyi artsın".

Regionun nəqliyyat sektorunda AYİB layihələrinin ekoloji və iqlim dayanıqlılığı

R. Hacıyev bildirib ki, AYİB-də bütün layihələr Paris sazişinin yumşaltma və adaptasiya məqsədlərinə uyğunluq baxımından yoxlanılır. Yumşaltma istiqamətində bank tərəfdaşlara dekarbonizasiya üzrə etibarlı yol xəritəsi qurmaqda (qlobal istiləşməni 1,5°C səviyyəsində saxlama ssenarisinə uyğun) və yüksək karbon risklərinin qarşısını almaqda kömək edir. Adaptasiya istiqamətində isə fiziki və keçid iqlim risklərini müəyyənləşdirib idarə etməyə, uzunmüddətli dayanıqlılığı təmin etməyə dəstək olur.

"Bankın formalaşmış metodologiyası və öz ekspertlər komandası var. Onlar tərəfdaşlarla birlikdə bu imkanların müəyyən edilməsində işləyir və lazım gəldikdə onların həyata keçirilməsinə siyasi və texniki əməkdaşlıq tədbirləri ilə kömək edirlər. Əgər AYİB-in regiondakı nəqliyyat əməliyyatları portfelinə baxsanız, görərsiniz ki, bütün investisiyalarda Bankın aktiv dəstəyi ilə 'yaşıl' və iqlim elementləri gücləndirilmiş şəkildə tətbiq edilib", - deyə AYİB-in baş bankiri vurğulayıb.

ABŞ-nin sülh təşəbbüsü və onun regionun iqtisadi artımı və infrastrukturuna təsiri

"ABŞ-nin dəstəklədiyi sülh təşəbbüsü regionun infrastruktur mənzərəsini dəyişə biləcək dönüş nöqtəsidir. AYİB-in 2025-ci il üçün "Regional iqtisadi perspektivlər" proqnozuna görə, bu proseslərin inkişafı yeni ticarət marşrutları açacaq, investor etimadını artıracaq və iqtisadi artıma təkan verəcək", - deyə o əlavə edib.