Azərbaycan İran və Rusiya ilə münasibətlərində qarşılıqlı anlaşma prinsiplərinə sadiqdir – Baş nazirin müavini

Azərbaycan Respublikası həm İran İslam Respublikası, həm də Rusiya Federasiyası ilə münasibətlərində mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir.
Day.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası və İran İslam Respublikası nümayəndələri ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanı deyib.
"Bu xüsusda əminik ki, hər iki ölkə ilə çoxşaxəli əlaqələrimiz bundan sonra da həm ikitərəfli, həm də üçtərəfli müstəvidə dostluq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda inkişaf edəcək, yeni məzmunla daha da zənginləşəcək", - deyə o bildirib.
Ş.Mustafayev dövlətlərarası münasibətlərin qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında daha da inkişaf etdirilməsinin və gücləndirilməsinin vacibliyini xüsusilə qeyd edib.
"Bütün sahələrdə əməkdaşlığın inkişafı üçün regionda sülh, sabitlik, təhlükəsizlik, rifah və əməkdaşlıq təşəbbüslərinin gücləndirilməsi olduqca önəmlidir.
Bu baxımdan Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış "3+3" regional məşvərət mexanizminin aktuallığı artmaqdadır. Bu təşəbbüs mövcud ikitərəfli və digər əməkdaşlıq formatlarını tamamlayır, regional təhlükəsizliyi və sabitliyi gücləndirir, iqtisadi artım və tərəqqi naminə yeni imkanlar yaradır.
Onu da qeyd edim ki, ölkələrimiz arasında üçtərəfli görüş formatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Həmin təşəbbüsə əsasan 2016-cı il avqustun 8-də Bakı şəhərində Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin birinci Zirvə toplantısı keçirilib. Daha sonra isə 2017-ci il noyabrın 1-də Tehran şəhərində ikinci Zirvə toplantısı baş tutub", - deyə Baş nazirin müavini qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре