Milli Məclisdə Azərbaycan və Latviya arasında kənd təsərrüfatı, qida sənayesi və səhiyyə sahələrində əməkdaşlıq müzakirə edilib

Dekabrın 10-da Milli Məclisdə Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya ilə görüşü keçirilib.

Day.Az xəbər verir ki, görüşün məqsədi parlament seçkilərindən sonra yeni formalaşan dostluq qrupunun üzvləri ilə səfirin tanışlığı olub.

Görüş zamanı ikitərəfli münasibətlərin inkişafına dair geniş müzakirələr aparılıb. İki ölkə arasında kənd təsərrüfatı, qida sənayesi və səhiyyə sahələrində təcrübə mübadiləsinin davam etdirilməsi, qarşılıqlı səfərlərin artırılması və bu sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

İşçi qrupunun rəhbəri Kamran Bayramov məlumat verib ki, həm 2024-cü il, həm də 2025-ci il Azərbaycan və Latviya arasında münasibətlərin genişlənməsi baxımından olduqca zəngin və əlamətdar olub.

2024-cü ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub və bu çərçivədə hər iki ölkədə siyasi, iqtisadi və humanitar tədbirlər təşkil edilib, qarşılıqlı səfərlər həyata keçirilib.

Vurğulanıb ki, xüsusilə bu il iki ölkə arasında münasibətləri təşviq edən qarşılıqlı səfərlər baş tutub.

Bu ilin mayında Latviyanın kənd təsərrüfatı naziri Azərbaycana səfər edərək kənd təsərrüfatı və qida sənayesi sərgilərində iştirak edib. Avqustda isə Latviyanın səhiyyə naziri ölkəmizdə səfərdə olub, qastroenterologiya konqresində iştirak edib və Milli Məclisdə Dostluq Qrupunun üzvləri ilə görüş keçirib. Bir neçə gün əvvəl isə Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Latviyada işgüzar səfərdə olub, çox sayda görüşlər keçirib, Azərbaycan və Latviya Səhiyyə nazirlikləri arasında səhiyyə və tibb elmi sahəsində Əməkdaşlıq Sazişi imzalanıb.

Görüşdə parlamentlərarası əməkdaşlığın inkişafına da xüsusi diqqət yetirilib. Milli Məclis və Latviya Seymi arasında əlaqələrin genişlənməsi, qarşılıqlı səfərlərin təşkili və parlamentarilərin beynəlxalq platformalarda bir-birinin mövqeyini dəstəklənməsi ön plana çəkilib.

Latviya səfirinə Azərbaycanda və regionda baş verən proseslər, Azərbaycan-Ermənistan sülh gündəliyinin təşviq edilməsi, Vaşinqton Sammiti və onun nəticələri, işğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, eləcə də "Böyük Qayıdış" Dövlət Proqramının icrası barədə ətraflı məlumat verilib. Səfir sülh gündəliyinin, sülhün bərqərar olmasının region üçün siyasi, iqtisadi və humanitar əhəmiyyəti barədə də məlumatlandırılıb.

Qeyd edək ki, görüşdə Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olan millət vəkilləri Sevil Mikayılova, Elçin Mirzəbəyli, Azər Allahverənov, Mahir, Süleymanlı, Malik Həsənov, Aydın Hüseyov və digər rəsmi şəxslər iştirak ediblər.