Yağ qatqılı, kartof texniki çıxdı

Qida təhlükəsizliyi məsələsi müasir dövrdə həm istehlakçıların sağlamlığının qorunması, həm də istehsal və satış proseslərində şəffaflığın təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. İstehlak bazarında təqdim olunan qida məhsullarının keyfiyyəti, tərkibi və etiket məlumatlarının düzgünlüyü daim nəzarətdə saxlanılmalı, hər hansı uyğunsuzluq aşkar edildikdə operativ tədbirlər görülməlidir.

Məsələn, hər hansı bir vətəndaş rayondan kərə yağı sifariş verib, amma sonradan məlum olub ki, həmin kərə yağı təmiz deyil, qatqısı var. Digər bir vətəndaş isə bazardan kartof alıb və məlum olub ki, məhsul insanın yeməsi üçün deyil, heyvanların yeməsi üçün nəzərdə tutulan texniki kartofdur.

Bu baxımdan istehlakçıların hüquqları, şikayət mexanizmləri və qida məhsullarının laborator müayinədən keçirilməsi imkanları barədə məlumatlı olması olduqca vacibdir.

Belə hallarda vətəndaş nə etməlidir?

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Day.Az-a açıqlamasında deyib ki, istehlakçılar qida məhsulları alarkən həmin məhsullarla bağlı hər hansı şikayət və ya şübhə yarandığı halda aidiyyəti dövlət qurumlarının qaynar xəttinə və ya rəsmi internet səhifələrinə müraciət edə bilərlər.

"Qida məhsullarının, o cümlədən yağ və digər ərzaq məhsullarının laborator analizinin aparılması üçün müvafiq məhsuldan nümunə təqdim olunmalıdır. Əgər söhbət emal olunmuş qida məhsulundan gedirsə, laborator analiz üçün məhsulun tərkibi, istehsalçı şirkət barədə məlumatlar, eləcə də etiket üzərində göstərilən məlumatlar da təqdim edilməlidir. Şikayət əsasında aparılan araşdırmalar zamanı bir çox hallarda laborator analizlər ödənişsiz şəkildə həyata keçirilə bilər. Bu isə birbaşa aidiyyəti qurumun səlahiyyətlərinə və qərarına bağlıdır."

Müətəxəssis bildirib ki, ölkədə fəaliyyət göstərən özəl laboratoriyalar da mövcuddur və istehlakçılar istədikləri qida məhsullarını ödənişli əsaslarla həmin laboratoriyalarda yoxlada bilərlər.

"Eyni zamanda bəzi universitetlərin nəzdində fəaliyyət göstərən laboratoriyalar vasitəsilə də ödənişli analizlər aparmaq və rəsmi rəy əldə etmək mümkündür. Analizlərin qiyməti məhsulun növünə və aparılan laborator müayinənin xarakterinə görə dəyişir."

Məhsəti Hüseynova beynəlxalq təcrübədən də  danışıb. O bildirib ki, beynəlxalq təcrübəyə nəzər saldıqda, qida təhlükəsizliyi sahəsində ciddi nəzarət mexanizmlərinin mövcud olduğu görülür.

"Məsələn, Yaponiyada qida məhsulunun etiketində göstərilən məlumatlarla faktiki tərkib arasında uyğunsuzluq aşkar edildiyi və ya qida təhlükəsizliyi qaydaları pozulduğu halda məhsul dərhal bazardan yığışdırılır və istehsalçı cinayət məsuliyyətinə cəlb olunur. Avropa ölkələrində bu sahə Avropa Qida Təhlükəsizliyi orqanları tərəfindən tənzimlənir və şikayətlər əsasında məhsullar satışdan geri çağırıla, istehsalçılara yüksək məbləğdə cərimələr tətbiq oluna bilər. Xüsusilə Almaniya və Fransada bu cür nəzarət mexanizmləri olduqca sərtdir. Amerika Birləşmiş Ştatlarında isə qida təhlükəsizliyinə nəzarət müvafiq federal qurumlar tərəfindən həyata keçirilir və burada müstəqil laboratoriyaların rəyləri də rəsmi sənəd kimi qəbul olunur. Qida məhsullarında hər hansı uyğunsuzluq aşkar edildikdə, bu rəylər hüquqi əsas sayılır."

Elvin Səxavətoğlu
Day.Az