Şuşa və Xankəndidə su təminatı ilə bağlı son vəziyyət

İşğaldan azad edilmiş ərazilərdə içməli su və kanalizasiya infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilib.

Azərbaycan Su Ehtiyatları Agentliyindən (ADSEA) Day.Az-a verilən məlumata görə, ən böyük su təchizatı sistemlərindən biri Xankəndi şəhərində fəaliyyət göstərir.

Bildirilib ki, şəhər Xəlfəli çayı, magistral su kəmərləri və 15 subartezian quyusu vasitəsilə su ilə təmin olunur. Xankəndidə 104 kilometr uzunluğunda su şəbəkəsi, sutkalıq gücü 16 min kubmetr olan iki sutəmizləyici qurğu, 15 min kubmetr tutumlu su anbarları və 67 kilometr kanalizasiya şəbəkəsi istismar edilir. Hazırda şəhərdə 3 264 abonentə xidmət göstərilir.

Şuşa şəhərində isə Kiçik Kirs və Zarıslı su mənbələrindən qidalanan sistem vasitəsilə şəhərin su təminatı həyata keçirilir. Burada 34,5 kilometr su şəbəkəsi, 27,5 kilometr kanalizasiya xətti və sutkalıq məhsuldarlığı 5 min kubmetr olan sutəmizləyici qurğu fəaliyyət göstərir. Şuşada 535 abonent və 30 istehlakçı su xidmətlərindən istifadə edir.

Xocalı, Əsgəran, Xocavənd, Hadrut və Ağdərə yaşayış məntəqələrində də mövcud su mənbələri bərpa olunub, yeni su xətləri çəkilib, əlavə subartezian quyuları qazılıb və tullantı sularının təmizlənməsi üçün müasir qurğular quraşdırılıb.

Hazırda regionun şəhər və qəsəbələrində dövlət qurumları, təşkilatlar və məskunlaşmış əhali üçün dayanıqlı su təchizatı xidmətləri təmin edilir.