Bakı-Tbilisi-Bakı qatarlarında sərnişin yerlərinin sayı 120 faiz artırılıb

Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə qatarların sərnişin tutumu təqribən 120 faiz artırılıb.

Day.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.

Bildirilib ki, marşrut üzrə qatarların tərkibinə mərhələli şəkildə 2 komfort və 5 standart+ sinif vaqon əlavə olunub. Bununla da vaqon-restoran nəzərə alınmadan sərnişin vaqonlarının sayı 6-dan 13-ə, sərnişin tutumu isə 178 yerdən 386 yerə çatdırılıb.

Məlumata görə, indiyədək Bakı-Tbilisi-Bakı marşrutu üzrə 23 minə yaxın sərnişin daşınıb və qatarların doluluq səviyyəsi 100 faiz olub. Xüsusilə Gürcüstandan Azərbaycan istiqamətində yüksək tələbat səbəbindən satışa çıxarılan biletlər qısa müddətdə satılır.

ADY qeyd edib ki, marşrut üzrə biletlərin satış dinamikası, vaqonların doluluq səviyyəsi və sərnişin axını mütəmadi təhlil edilir. Bu təhlillərin nəticələrinə əsasən qatarların tərkibinin genişləndirilməsi və əlavə vaqonların istismara verilməsi istiqamətində tədbirlər görülür. Bu proses Azərbaycan və Gürcüstan tərəflərinin texniki və əməliyyat hazırlığı, sərhəd və gömrük prosedurları, hərəkət qrafiki, stansiyaların imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Qurumun məlumatına əsasən, sərnişin yerlərinin sayı planlı və mərhələli şəkildə artırılır. Hazırda Bakı-Tbilisi-Bakı marşrutu üzrə növbəti əlavə vaqonların istismara verilməsi üçün Gürcüstan tərəfi ilə zəruri texniki və əməliyyat işləri aparılır.