Bakıda məktəb və bağçalarda istiliklə bağlı hansı tədbirlər görülüb?
Payız-qış mövsümünə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin istiliklə təminatı tam nəzarətə götürülüb və qarşıya çıxan problemlərin operativ həlli üçün zəruri işlər görülüb.
Bu barədə BŞTİ məlumat yayıb.
Bildirilib ki, məktəb və uşaq bağçalarının istiliklə təmin olunmasının normal təşkili üçün monitorinqlər aparılıb. Aşkarlanmış problemlərin səbəbləri müəyyənləşdirilərək onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb, zəruri hallarda dəstək üçün aidiyyəti qurumlara müraciət olunub. Təhsil müəssisələrinin binalarının dam örtüklərinin, pəncərə şüşələrinin və giriş qapılarının vəziyyəti yoxlanılıb, təminat resurslarından səmərəli istifadə edilməsi üçün tədbirlər həyata keçirilib.
Həmçinin payız-qış mövsümünə hazırlıq çərçivəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin təsərrüfat üzrə məsul şəxslərinin iştirakı ilə görüşlər keçirilib. Görüşlərdə təhsil müəssisələrində istilik sistemlərinin qış mövsümünə hazırlığının yoxlanılması, sınaq istismarının keçirilməsi və bu proses zamanı təhlükəsizlik qaydalarına riayət olunması barədə ətraflı məlumat verilib.
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin istiliklə təminatında yarana biləcək məsələlərin araşdırılması və həlli üçün BŞTİ-nin Çağrı Mərkəzi (146-1) ilə əlaqə yaratmaq mümkündür.
Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrindən 254-ü "Azəristilik" ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 335-i fərdi qazanxana vasitəsilə, 8-i fərdi və mərkəzləşdirilmiş qaydada, 119-u isə kombi sistemi vasitəsilə istiliklə təchiz edilir.
Onu da qeyd edək ki, təhsil müəssisələrinin istiliklə təminatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, hər il ənənəvi olaraq noyabrın 15-dən başlayır və aprelin 15-dək davam edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре