Aktrisa Könül Şahbazova: "Vulqar obrazlarım var” – FOTO

Day.Az представляет новость на азербайджанском языке.
Aktrisa Könül Şahbazovanın Milli.Az-a müsahibəsi.
- Könül xanım, bu peşəyə maraq sizdə necə yarandı?
- Mən, əslində, rejissor olmaq iddiası ilə Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşdum. Elə oldu ki, ixtisasımı da dram rejissorluğu seçdim. Bu da teatrla əlaqəli olduğu üçün teatra üz tutdum. Çünki heç bir teatr tələbəni birbaşa rejissor ştatına götürməz. Ona görə də aktira kimi fəaliyyətə başladım və bu, məndə pis alınmadı. Maraq belə yarandı və davam etdirmək qərarına gəldim.
- Son zamanlar seriallarda tez-tez görünürsünüz. Nə zamandan bəri dəvətlər almağa başlamısınız?
- Çəkildiyim ilk serial "Bacanaqlar" olub. Keçən ilin avqust ayında bu serialın heyətinə qoşulmuşam.
- Sizə dəvət gəldi, yoxsa kastinqlə keçdiniz?
- Kastinqlə. Çünki mənimlə bərabər bir neçə aktrisa da var idi.
- Ondan sonra hansısa bir serialdan dəvət aldınız?
- Bəli, "Səndən sonra" serialında çəkildim.
- Bəs indi "Bacanaqlar"la paralel olaraq başqa bir serialda varsınız, yoxsa yox?
- Hal-hazırda "Nifrət" serialında rol alıram. Ancaq hələ ki, efirə yayımlanmayıb. İşallah, yayda bir bədii filmin çəkilməsi nəzərdə tutulub. Həmin filmdə mənə baş rol həvalə olunub.
- Sırf kino aktrisası kimi fəaliyyət göstərmək istərdiniz?
- Xeyr, çünki teatra çox bağlanmışam. Əgər mən nə vaxtsa konkret bir seçim etməli olsam, düşünmədən teatrı seçərəm. Bilirəm ki, bu ağılsızlıqdır, teatrın məvacibi olduqca azdır, amma mən yenə də qərarımı dəyişmərəm.
- Səhnəyə "qalxmaq" çətindir, yoxsa "düşmək"?
- Bu bir az şəxsiyyət məsələsidir, məncə. Təcrübəsiz adam üçün hər ikisi çətindir. Şəxsi praktikama görə deyə bilərəm ki, mənim üçün səhnədən "düşmək", "qalxmaq"dan çətindir.
- İntim səhnələrdə rol almısınız?
- Hər şeyin qədəri var. Düzdür, teatrda da, çəkilişlərdə də vulqar obrazlarım var. Amma açıq-saçıqlıq olmayıb. Belə səhnələrə dəvət almaq üçün həm bizim rejissorlardan, həm də Türkiyədən dəvətlər almışam, lakin qəbul etməmişəm.
- Sizin dəvət aldığınız səhnə yataq səhnəsi idi, yoxsa öpüş?
- Nə fərqi var?.. Ümumiyyətlə, intimlə bağlı olan bütün səhnələrə yox demişəm.
- Məncə, bizim filimlərdə bir o qədər də açıq-saçıqlığa yol verilmir axı...
- Bizdə də belə səhnələr çəkilir.
- Onda ola bilsin ki, efirə verilmir...
- O daha rejissorun işidir (gülür).
- Birdən desələr ki, intim bir səhnə üçün sizə təsəvvür olunmaz dərəcədə yüksək qonorar veririk... Yenə qəbul etməzsiniz?
- Heç bir məbləğ mənim prinsiplərimdən üstün deyil.
- Ailə qurmusunuz?
- Xeyr, hələ nişanlıyam.
- Seçim edərkən çətinliyiniz oldu?
- Qətiyyən olmadı (gülür).
- Sahibi olduğunuz peşə gələcəkdə ailə münasibətlərinizə hansısa bir xələl gətirə bilər?
- Düşünürəm ki, yox. Çünki nişanlım da aktyordur. Biz eyni teatrda işləyirik. Bir də o bilirdi ki, aktrisa alır. Sonradan problemin yaranması, məncə, ağılsızlıqdır.
- Daha çox onunla partnyor olmaq istərdiniz, yoxsa qeyrisiylə?
- Onunla partnyor olduğumuz tamaşalar çox olub. Amma mənim üçün fərqi yoxdur, əsas odur ki, partnyorlar bir-birlərini duya bilsinlər. Səhnəyə şəxsi məsələni qatmaq olmaz.
- Sizi ən yaxşı başa düşən kimdir?
- Mən elə də çətin insan deyiləm. Hamını başa düşürəm və yetərincə məni də anlayırlar. Səhnə, yaxud da çəkiliş meydançasında ciddi problemlər olmur (gülür).
- Mən həmişə demişəm ki... Bu fikri necə tamamlamaq istərdiniz?
- Mən həmişə demişəm ki, işləmək, işləmək, bir də işləmək. Nə qədər ki, ortada iş, zəhmət var və nəhayət, nəticə dəyərləndirilirsə, deməli, heç nə hədər olmayıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.






Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре