Arzu Mələk: "Həyatımda uğursuz sevgi olub" - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Müğənni Arzu Mələyin Milli.Az-a müsahibəsi.

- Arzu xanım, bir vaxtlar sizin mahnılarınızı sevən nəsil var idi. İndi necə düşünürsünüz, mahnılarınıza tələbat varmı?

- Var idi deyəndə ki, məni sevənlər həmişə olub, var və olacaq. Mənim fanatlarımın əlindən telefon susmur. Bəzən hətta telefon zənglərinə cavab verməyə yoruluram. Bir neçə il bundan öncə yazdırdığım mahnıları bu gün də məndən istəyirlər. "Gəl qaytar" adlı mahnımı mən olmadığım toylarda disk vasitəsilə oxudurlar. Hal-hazırda Nadir Əzimovdan və Mətanət Dadaşovadan mahnılar almışam. Aranjmandadır, inşallah, bu yaxınlarda eşidəcəksiniz.

- Son zamanlar efirlərdə görünməməyinizə səbəb nədir?

- Niyə ki? Mən efirlərdə görünürəm. Sadəcə, son vaxtlar az görünə bilərəm. Ayda iki-üç dəfə televiziya kanallarında verilişlərdə oluram. Bu da müvəqqətidir.

- Vaxtilə Heydər Əliyev Sarayında konsertləriniz olub. Bu gün niyə konsert proqramları ilə çıxış etmirsiniz?

- Bu il mütləq solo-konsert verəcəyəm. Sadəcə, mən təkəm, başqaları kimi sponsorlarım yoxdur. Hər şey öz gücümədir, ona görə də işlərim ləng gedir. Əvvəllər özümü tanıtmaq üçün çox əziyyətlər çəkmişəm. Özünüz bilirsiniz ki, gündə efirlərdə olmaq, konsertlər vermək və s. üçün müğənninin maliyyə durumu yaxşı olmalıdır. Mən özümü bacardığım qədər tanıtdım. Amma bugünkü qazancımın hamısını mən efirə verə bilmərəm. Mənim başqa problemlərim də var axı. Bu gün gündəmdə qalmaq üçün güclü maliyyə lazımdır.

- İmicinizdə köklü dəyişikliklər oldu... Bu işdə kimlər sizə kömək etdi?

- Mən vizajist Fatimə xanım və modelyer Zemfira Qurbanova ilə işləyirəm.

- Arzu xanım, maşallah, qızlarınız sizdən heç seçilmirlər. Çox bənzəyirsiniz...

- İki qızım var, ikisi də tələbədir. Hamı qızlarımı mənə bənzədir.

- Vaxtilə mahnılarınızı dinləyib sizə aşiq olanlar olubmu?

- Siz elə danışdınız ki, guya mən artıq qocalmışam (gülür). Niyə vaxtilə? Mənə bu gün də aşiq olanların sayı-hesabı yoxdur. Mənim bəyəm neçə yaşım var ki? Şükür Allaha, görünüşüm də öz yerində. Hal-hazırda sevdiyim insan yoxdur, amma nə zamansa mahnılar vasitəsi ilə sevdiyim insana nəsə demişəm.

- Arzu xanım, bildiyimə görə, Moskvada toylara tez-tez gedirsiniz. Maddi baxımdan əziyyət çəkirsinizmi?

- Mən Moskvada toylarda nadir hallarda oluram. Moskvaya və digər şəhərlərə daha çox konsert proqramlarına dəvət alıram. Qazancım yalnız bugünkü tələbatımı ödəyir. Axı mənim toydan başqa əlavə gəlir mənbəyim yoxdur. Efir, müğənninin geyimi, mahnılarım və aranjmanlar, bunlar, əlbəttə ki, maddiyyat tələb edir.

- Arzu xanım nəyi etiraf etmək istərdi?

- Mən hər şeyə görə Allahımdan çox razıyam. Amma bir şeyi etiraf etmək istərdim ki, mən özümə nə arzu edirdimsə, onları həyatda görə bilmədim.

- Həyatınızda uğursuz sevgi ilə üzləşmisinizmi?

- Bəli, həyatımda uğursuz sevgi olub.

- Sevdiyiniz insanın yanınızda olmamasına görə çox peşmansınız?

- Artıq bu barədə heç nə düşünmürəm.

- Arzu xanım, qızlarınıza necə toy arzu edərdiniz?

- Təbii ki, qızlarıma yüksək səviyyədə toy arzu edirəm. Hərdən xəyallarımda da bu barədə düşünürəm.
 

Böyütmək üçün şəkillərə klikləyin.

Фото: Milli.az