Xoruldamağın təhlükələri

Day.Az представляет новость на азербайджанском языке.
Rahat yatmamaq, narahat yuxuya getmək insanın gündəlik iş həyatına böyük təsir göstərir. Yorğunluq, əhvalsızlıq, əsəbi və gərgin olmaq gündəlik iş rejiminin də pozulmasına gətirib çıxarır. Yuxu problemi yaşayan, bu problemi aylar, hətta illərlə həll edə bilməyənlər isə gərginliklərini ailələrinə, ətrafındakılara hiss etdirir və münasibətlərin daha da korlanmasına şərait yaradır.
Yuxusuzluq və ən azı onun qədər insana narahatlıq verən xoruldama xəstəliyi tək insanın özünə deyil, ətrafına da narahatlıq yaradır. Bir çox elm adamlarının dediyinə görə, yuxu ilə bağlı olan xəstəliklər obezit, şəkərli diabet, zob və bu kimi bir sıra xəstəliyin yaranma riskini də artırır. Yuxu problemləri xüsusən kişilərdə olduqda, ürək ritminin pozulması, ruhi pozuntuların yaranması kimi halların artması ehtimalı böyükdür. Yuxusuzluq və sağlam olmayan, tez-tez bölünən yuxular gün ərzində insanın fikrə getməsi, təzyiq, yaddaş problemləri, ən qorxulusu isə yollarda qəza riskini artırır.
Xoruldamaya insanlar adi bir hal kimi baxsalar da, əslində xoruldamaq xəstəlikdir. Bu, Opstruktiv Apnoe sindromunun əlamətidir.
Bakıdakı özəl klinikalardan birinin lor həkimi Nailə Baxışovanın sözlərinə görə, xoruldamaq sağlam bədənə aid deyil və tezliklə xoruldamanın səbəblərini axtarıb tapmaq lazımdır: "Ümumi mənada nəfəs alma zamanı ağızdan başlayaraq ağciyərlərə qədər olan yoldakı darlıqlar, şişlər və anatomik pozuntular xoruldamaya səbəb olur. Xoruldama qadınlara nisbətən kişilərdə daha çox yaranır. Burda da əsas səbəb hormonal səbəbdir. Qadınlarda isə menopoz dövründən sonra bu xəstəlik müşahidə olunur".
Xoruldama cəmiyyətdə geniş yayılmış xəstəlikdir. İnsanların 45%-i nadir hallarda, 25%-i isə hər gün xoruldama halları ilə üzləşir. Həkim bildirir ki, yaşı az olan insanlarda belə xoruldama halları müşahidə olunur. Bunun səbəbləri burundakı çəpər əyrilikləri, burun polipləri, burun ətindəki şişliklərdir: "Körpəlikdən uşaqlar burnu üstə yıxılır, yaxud ən kiçik zərbələrdə burunda çəpər əyriliyi yaranır. Bunu da əksər valideynlər bilmir. Yaş artdıqca əyrilik nəfəs almada narahatlıq yaradır. Gecə yuxusunda nəfəs darlığı, ağzı açıq yatmaq və xoruldama halları müşahidə olunur. Burun çəpəri əyriliyinin həlli yolu kiçik bir əməliyyatdır".
Ağızda dilin böyüklüyü, boğaz ətləri, qırtlaq üstündə olan qırtlaq qapağının əyilməsi də xoruldamalara səbəb olur. Uşaqlarda olan xoruldama isə əgər yuxusuzluqla birlikdə müşahidə olunursa, uşaq yata bilmir, yatdıqda isə xoruldayaraq, boğazı quruyaraq yatırsa, o zaman bunun müalicəsini etmək mütləqdir.
N.Baxışova sakit və arabir olan xoruldamaların qalıcı olmadığını və tez bir zamanda keçəcəyini də bildirir. Sadə dərman müalicəsiylə belə xoruldamaların qarşısını almaq mümkündür. Belə hallarda əməliyyata müraciət etmək lazım deyil: "Xoruldamanın səbəbi burun tutulması ilə əlaqəlidirsə, burun tutulması ilə bağlı uşağın başqa orqanları da təsirə məruz qalır. Ən çox rastlanan hal isə nəfəs yolları infeksiyalarıdır. Xoruldama qulaq problemlərinə də yol açır".
Xoruldamanın müalicəsi onun səbəbinə uyğun aparılmalıdır. Burun çəpəri əyriliyi varsa, çəpərin düzləşdirilməsi, yaxud burunda ət varsa, onun əməliyyatla çıxarılması, poliplərin yandırılması xoruldama problemini həll edə bilər. Edilən bütün müalicələrə baxmayaraq, elə insanlar ola bilər ki, onlarda xoruldama tamamən aradan qaldırıla bilinməsin.
Həkim qeyd edir ki, xoruldama boğazdan da yarana bilər. Çəkisi çox olan insanlarda ağız içində şişmə olduğu üçün xoruldama artır. Burunda olan problemlər xoruldamaya necə təsir edirsə, boğazda olan narahatlıqlar da xoruldamaya bir o qədər təsir göstərir: "Dil kökünün böyüklüyü, damağın yumşaq, yaxud sallaqlığı, dilin 1 sm-dan daha uzun olması, çox iri boğaz ətləri, normadan böyük burun ətləri xüsusən uşaqlarda nəfəs dayanmasına və xoruldamaya səbəb olar. Bütün bu hallar həkimə müraciət edilərək aradan qaldırıla bilər.
Yuxusuz qalıb, sonra dərin yuxuya getmək də xoruldamaya səbəb olur. İnsanda nə qədər yuxu aclığı yaransa, xoruldama şiddəti də bir o qədər çox olur. Normal yatmaq və mümkün qədər yuxusuz qalmamaq da xoruldamanın qarşısını ala bilər.
Qripə yoluxan zaman da xoruldama halları mümkündür ki, bu halda da burun damcıları ilə xoruldamanı dayandırmaq mümkündür. Belə xoruldamalar qrip keçənə və insan sağalana kimi müvəqqəti olur".
Express.az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре