Rusiya telekanalında Qarabağa dair ermənipərəst "tamaşa"

Day.Az представляет новость на азербайджанском языке
Rusiyanın "Pyatıy Kanal" (Beşinci kanal) telekanalındakı "Otkrıtaya studiya" (Açıq studiya) proqramının aprelin 5-dəki buraxılışı "Sərhədlərimizin yaxınlığındakı alov" adlanıb. Verilişin mövzusu isə Dağlıq Qarabağ münaqişəsinin yenidən qızışmasına və Rusiyanın cənub sərhədlərindəki münaqişələrin Rusiyanın təhlükəsizliyi üçün nə dərəcədə qorxulu olmasına həsr olunub.
Milli.Az bildirir ki, İnna Karpuşinanın aparıcılığı ilə proqramda məsələnin ermənilərin xeyrinə yozulmasına cəhd edilib. Lakin heç də hər şey əvvəlcədən hazırlanmış plan üzrə getməyib.
Dağlıq Qarabağ uğrunda 1987-ci ildən etibarən başlayan münasişənin bir neçə gün əvvəl qızışdığını deyən aparıcı erməni sakinlərin öldürüldüyünü xüsusi vurğulasa da, Azərbaycan tərəfdə dinc sakinlərin öldürülməsi faktını ümumiyyətlə qeyd etməyib.
Verilişdə göstərilən 3 günlük hərbi əməliyyatlara dair süjetdə isə Dağlıq Qarabağ az qala müstəqil tərəf kimi, cəbhə xətti isə Dağlıq Qarabağla Azərbaycanın sərhədi kimi qeyd olunub. Hətta oranın separatçı rejimin nümayəndəsinin guya bu məsələni tərəf kimi özlərinin Azərbaycanla qaydasına qoya biləcəklərini əlavə edib.
Bundan sonra səhnəyə verilişə skype-la qoşulan Rusiyanın Yaxın Şərq və Mərkəzi Asiya Ölkələrinin Tədqiqatı Mərkəzinin erməni əsilli direktoru Semyon Baqdasarov çıxıb və öncədən hazırlanmış ssenariyə görə, "tamaşa"da baş rolu oynamağa başlayıb. Hətta bir sıra hallarda aparıcı özü bacarmadığı və ya sərf etmədiyi məqamlarda dərhal söhbətə onun hakim kimi qoşulmasını istəyib. Baqdasarov ara-sıra həyasızlığına salaraq azərbaycanlı ekspertlə mübahisəyə girişib və ona danışmağa imkan verməyib. Aparıcı isə ona "qaşın üstə gözün var" deməyib.
S.Baqdasarov əvvəlcə məsələnin Türkiyə tərəfindən qızışdırıldığını və Türkiyənin vəziyyətin bu cür olmasından məmnun qaldığını, guya Rusiya münaqişənin həllini istəsə də, Türkiyənin atəşkəslə razılaşmayacağını deyib.
Erməni ekspert tarixə ekskurs etməyin sərf etmədiyini görüb söhbətin mövzusunu dəyişərək Rusiyanın sərhədlərinin təhlükəsizlyinin təmin edilməsinə yönəldib. O yenə də ciddi-cəhdlə məsələni Türkiyənin üzərinə yıxmağa çalışıb və Türkiyə rəsmilərinin Bakıya səfərlərinin təsadüfi olmadığını iddia edib. Onun fikrincə, postsovet ölkələrinə xəbərdarlıq edilməli, Rusiyanın cənub sərhədlərində təhlükə yaradan istənilən hərəkət antirusiya fəaliyyəti kimi dəyərləndirilməlidir.
O, həmçinin PKK terrorçularını "azadlıq ordusu" kimi qələmə verib. Rusiyanın kürdləri dəstəkləməli olduğunu deyib.
Baqdasarov Krımda elektrik enerjisinin kəsintisi ilə nəticələnən partlayışın Türkiyənin təchiz etdiyi taralar tərəfindən törədildiyini, Orta Asiyada, Özbəkistanda, Çində uyğurların islamçı-türk təşkilatlarının Türkiyədən idarə olunduğunu, Türkiyənin İŞİD-i və "Cəbhət əl-Nüsra"nı dəstəklədiyini iddia edib.
O, türk xüsusi xidmət orqanlarının Əfqanıstanda fəal işlədiklərini, yay aylarında Əfqanıstan-Tacikistan sərhədində, eləcə də Qırğızıstanda münaqişə başlaya biləcəyinə dair ehtimallar səsləndirib.
Baqdasarov deyib ki, Rusiyanın cənub sərhədlərində qeyri-stabillik dairəsi yaradılır.
Bütün hadisələrin günahkarı kimi ABŞ və Türkiyəni görən erməni ekspertin fikrincə, Rusiya öz maraqlarından çıxış edərək hərəkət etməli və bu məsələdə oz silahlı qüvvələrinə güvənməlidir.
O dolayısı ilə Rusiyanın imperialist dövlət olduğuna işarə edib: "Bizə nə sərf edirsə, onu da etmək lazımdır. Rusiyanın daxilində hələ də böyük imperiya ruhu var. Kim bununla razılaşmırsa, öz yaşayış yerini dəyişməlidir".
Bəzi məsələlərdə Baqdasarova italiyalı jurnalist, yazar Culyetto Kyeza da dəstək verib. Onun fikrincə, bu regionda vəziyyətin dəyişməsi xaricdən, ələlxüsus da Türkiyədən olan müdaxilə ilə bağlıdır. Kyezanın fikrincə, müəyyən Qərb dairələri də bundan maraqlıdır, Rusiya isə məsələnin sülh yolu ilə həllinə çalışır. Çünki Qərb və Avropa Rusiyanı digər dövlətlər qarşı-qarşıya qoymaqla çətin vəziyyətdə qoymaq istəyir. İtaliyalı yazar qeyd edib ki, bütün baş verənlər təsadüfi deyil və Rusiya sərhədlərinə yaxın baş verən ümumi böhranın tərkib hissəsidir.
O, həmçinin yaxın zamanlarda Moldovada Dnestryanıda vəziyyətin pisləşəcəyini bildirib.
Studiyaya Skype-la qoşulan Moldovanın rusiyapərəst "Vətən-Avrasiya İttifaqı" ictimai hərəkatının sədri İqor Tulyantsev Dnestryanıda münaqişənin alovlanması ehtimalını şərh edərkən bildirib ki, Rusiya burada vəziyyətin gərginləşməsində maraqlı deyil. O, ümumiyyətlə Rusiyanı regionda sülhün və sabitliyin qarantı kimi gördüyünü deyib. Dnestryanıda vəziyyətin gərginləşəcəyi təqdirdə isə, Rumıniyanın günahkar olacağını iddia edib.
Studiyadakı media mərkəzdən söhbətə qoşulan iki jurnalist də şüuraltı separatçılara dəstək verən ifadələr işlədiblər. Dəfələrlə Azərbaycanda olmuş İqor Maksimenko adlı jurnalist bildirib ki, Bakı son illər çox inkişaf etsə də, orada erməni məhəlləsinin ruhu çatışmır. O, Ermənistanda olmuş xarici ölkə vətəndaşlarının Azərbaycana buraxılmamasına da ironiya ilə yanaşıb. Maksimenkonun fikrincə, ABŞ Rusiyanın Qafqazdakı mövqelərinin güclü olması ilə razılaşa bilmir, Dağlıq Qarabağdakı son döyüş əməliyyatları isə Rusiyanı münaqişəyə cəlb etmək üçün süni təxribatdır.
Verilişdəki digər iki ekspert - Boris Kuznetsov və İqor Qretskiy isə nisbətən obyektivliyi ilə seçiliblər. Məsələn, münaqişəni həll etmək üçün əvvəlcə atəşin kəsilməli olduğunu deyən Beynəlxalq və Regional Siyasət mərkəzinin direktoru Boris Kuznetsovun fikrincə, bu eskalasiya danışıqların yeni mərhələsi üçün başlanğıc ola bilər. O, hadisələrin gedişində İran faktorunu da unutmamaq lazım gəldiyini və rəsmi Tehranın regionda öz maraqlarını Rusiyadan da sərt qorumağa çalışacağını vurğulayıb. Dnestryanı ilə Dağlıq Qarabağ münaqişələri arasında paralel aparmağın əleyhinə çıxan ekspertin sözlərinə görə, Rusiya Azərbaycanı özündən uzaqlaşdırmamalı, eyni zamanda hər iki tərəflə mehriban qonşuluq münasibətlərini saxlamalı və tərəflərin danışıqlar masası arxasında oturmasına nail olmalıdır.
Ermənipərəst "tamaşa"nın alınmamasının əsas səbəbkarı isə verilişdə ekspert qismində iştirak edən tarix elmləri doktoru, hərbi-siyasi analitik, Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinin azərbaycanlı dosenti Niyazi Niyazov olub. Aparıcının və erməni ekspertin dəfələrlə onun sözünü kəsməsinə baxmayaraq, o, bəzi həqiqətləri tamaşaçıların diqqətinə çatdıra bilib.
Vəziyyətin təhrif olunmuş formada təqdim olunduğunu deyən N.Niyazov bildirib ki, münaqişəni guya Azərbaycanla Dağlıq Qarabağdakı ermənilər arasında olduğu kimi təqdim etmək düzgün deyil. O, söhbətin bir dövlətin ərazi bütövlüyündən getdiyini, işğal edilmiş ərazilərdən bütün azərbaycanlıların qovulduğunu və Azərbaycanın onu geri qaytarmaq istədiyini deyib. Onun fikrincə, münaqişə həll olunmayınca, problem də həll olmayacaq və buraya Türkiyəni, ABŞ-ı, Fransanı qatmaq lazım deyil.
O, aparıcının ermənilərin tarixən guya Dağlıq Qarabağda yaşaması və guya sonradan Azərbaycana birləşdirilməsi haqqında absurd fikirlərini də alt-üst edib.
N.Niyazov ümumiyyətlə Türkiyə mövzusunun qabardılmasının əleyhinə çıxıb. O, hətta Baqdasarovu iki dəfə "Baqdasaryan" adlandırmaqdan da çəkinməyib və erməni ekspertin PKK-nı dəstəkləməsinin əleyhinə olaraq PKK-nın beynəlxalq ictimaiyyət tərəfədinən terror təşkilatı kimi tanındığını diqqətə çatdırıb.
Azərbaycanlı ekspert vəziyyətin heç də cəmi 3 gün deyil, əslində artıq ilyarımdır gərginləşdiyini, əgər münaqişə həll olunmazsa, ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı 5 rayon azad edilməzsə, Minsk qrupunun genişləndirilmiş Madrid prinsipləri həyata keçməzsə, problemin sülh yolu ilə həlli olmayacaq və Azərbaycan bütün hallarda gec-tez hərbi əməliyyatlarla torpaqlarını azad edəcək.
O, hətta Rusiyanın özünə qarşı da iradlar səsləndirib: "Rusiya bir sıra məsələlərdə, hətta cəfəngiyyata görə Qərblə münaqişəyə gedə bilir. Amma məsələ Dağlıq Qarabağa gələndə ABŞ və Fransa ilə əkiz qardaşlara çevrilir", "Rusiya diplomatik mübarizə aparmalıdır. Rusiya Dağlıq Qarabağ məsələsində Qərblə əməkdaşlığa getməklə çox uduzdu. Bunu özü öz çiyinlərinə götürməli idi".
Ekspert qeyd edib ki, problem dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Çünki bu məsələ ilk növbədə Rusiyanın özü üçün də aktualdır: "SSRİ-nin dağılması prosesi məhz Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı ilə başladı. Məhz bu problem bütün postsovet məkanında milliyyətçilərin əl-qolunu açdı".
O, həmçinin bildirib ki, Rusiyanın Ermənistanın maraqlarını qoruması naminə münaqişəyə girməsi səhv olardı.
Sonda studiyadakı tamaşaçıların 60 faizi "Dağlıq Qarabağdakı münaqişə Rusiyanın təhlükəsizliyinə təhdiddirmi?" sorğusuna cavab olaraq "hə", 40 faizi isə "yox" deyib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре