Malın çox olması niyə xoşbəxtlik deyildir?

Day.Az представляет новость на азербайджанском языке

Bəzi insanlar deyir ki, əgər kafirlər və münafiqlər Allahın ən rəzil bəndələridirsə, bəs dünyada niyə bu qədər rifaha malikdirlər? Bu qədər dünya nemətlərinə qərq olublar?

Allah Təala Özü bu suala belə cavab verir: "Odur ki, onların malları və övladları(nın çoxluğu) səni təəccübləndirməsin! Həqiqətən Allah onların (mal və övladlarının əldə edilməsi və qorunması) vasitəsilə dünya həyatında onlara əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir". ("Tövbə" 55).
Bir çoxlarımız belə düşünürük ki, əgər dünyada mal-dövlətə malik olsaq, övlad sahibi olsaq - xoşbəxt olacağıq. Ancaq bu həqiqətdən qafil oluruq ki, malı əldə etmək də əziyyətdir, onu qoruyub saxlamaq da. Biz zahirdə kafirlərin və münafiqlərin həyatına nəzər salır və elə bilirik ki, onlar xoşbəxtdirlər. Halbuki, bu azgın insanlar Allahla əlaqələrini kəsib, elə bir tufana düşüblər ki, nicat tapmaları çətindir.
Ölmüş keçi, peyin topasının üstünə düşmüşdü. Həzrət Peyğəmbər (s) də oradan keçirdi. Bu səhnəni görüb, buyurdu: "Bunun dəyəri nə qədərdir?". Deyirlər: "Əgər sağ olsaydı bir dirhəmdən çox olmazdı. İndi ki, ölübdür, dəyəri yoxdur". Həzrət (s) buyurur: "Bu ölmüş keçinin sahibi razı olarmı ki, onu əzizlərinin - qardaşlarının, övladlarının, dostlarının yeməyi üçün versin?". Deyirlər: "Xeyr. Bəlkə gördüyünüz ki, gətirib bu peyin topasının üstünə atırlar ki, itlər, çaqqallar dövrəsinə yığışsınlar".
Həzrət (s) buyurur: "Dünya da Allahın nəzərində bu ölmüş keçidən də alçaqdır. Heç bir zaman razı olmaz ki, bu üfunətli murdarı peyğəmbərlərə (ə), övliyalara və müqərrəbinlərə versin. Bəlkə onu Fironların, Nemrudların evinə atar ki, bir-biri ilə vuruşsunlar və qarınlarını parçalasınlar". (Tebyan)
"Kafirlər oda göstəriləcəkləri gün (onlara belə deyiləcəkdir): "Siz dünya həyatınızda (günahlara batmaqla)bütün kef və ləzzətlərinizi aldınız, orada bəhrələndiniz. Odur ki, yer üzündə nahaq təkəbbür göstərdiyinizə görə və itaətsizliyinizin cəzası olaraq bu gün alçaldıcı əzabla cəzalandırılacaqsınız"". ("Əhqaf" 20).
Kafirlərin bu dünyadakı bəhrələri o olur ki, bacardıqları qədər yeyir-içir, mədələrini doldurur və dünyadan kef alırlar. Lakin həm dünyada, həm də axirətdə İlahi lütf və feyzdən məhrum olub, həqiqi məhrumlardan olurlar. Əgər biz bir çox zənginlərin evinə getsək, görərik ki, süfrələri çox rəngarəngdir və yeməkdən əvvəl bir çox çərəzlər və meyvələr yeyərlər. Bütün bunlara baxmayaraq, yenə də gözləri daima acdır.
Bu süfrədə əyləşən qonaq əgər aqil olarsa, özünü çərəz və meyvə ilə doyuzdurmaz və özünü əsas yeməklər üçün saxlayar. İnsanın dünya həyatı da belə olmalıdır. Bu dünyada yaşayaraq, özünü əsil hədəfi olan axirəti üçün hazırlamalıdır.
"(Qızıldan) toxunmuş (daş-qaşla bəzədilmiş və bir sıraya düzülmüş) taxtlar üzərində. Onlara söykənmiş halda bir-biri ilə qarşı-qarşıya. Onların dövrəsində (təravət və cavanlığı) həmişəlik olan və qolbağı taxmış oğlanlar dolanacaqlar. (Çeşmədən) axan şərab kuzələri, bardaqları və piyalələri ilə!
Ondan (o şərabdan) nə başları ağrıyar, nə də ağıllarını itirərlər. Və seçdikləri meyvələrlə. Və meyilləri çəkən quş əti ilə. Və (orada onlar üçün) ağ dərili, iri gözlü gözəl qadınlar (vardır). Sədəfdə gizlənmiş inci kimi (ki, nə rəngi dəyişib, nə də kiminsə əli toxunub onlara)! (Dünyada) etdiklərinin (yaxşı əməllərin) mükafatı olaraq. Həmin cənnətlərdə əsla bihudə və günah sözlər eşitməyəcəklər". ("Vaqiə" 15-23).
Vay olsun o günə ki, bu behişt süfrəsinin başında əyləşək və bizə desinlər ki, bu süfrənin kənarından ayağa qalxın və bura sizin yeriniz deyildir. Ona görə də dünya mal-dövləti heç də xoşbəxtlik amili sayılmır. Həqiqi xoşbəxtlik - Allah mərifətində və Onu dərk etməkdədir.

Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.