"Bütün dünya Rafaelə qarşı hazırlaşır" Day.Az представляет новость на азербайджанском языке

Karate üzrə Azərbaycan millisinin baş məşqçisi Rəhman Hətəmov ilk Avropa Oyunlarının ikinci yarış günündə yetirmələrinin çıxışından razı qalıb. Anspress-in məlumatına görə, məşqçi buro247.az saytına idmançıların çıxışı zamanı çox həyəcanlandığını deyib:

"Karateçilərimiz onlara bəslənən etimadı doğruldmağa çalışırlar. Bir gündə 4 medal qazandıq. Üstəlik bazar günü daha 6 çəkidə mübarizə olacaq. Azərbaycan karateçiləri hər bir yarışdan Vətənə medalla qayıdıb. Bakıda keçirilən yarış bizim üçün ikiqat əhəmiyyətli idi. İlk Avropa Oyunlarının proqramına karate məhz ölkəmiz tərəfindən daxil edildi. Çünki bizə inanırdılar. Bu gün əminliklə deyə bilərəm ki, idmançılarımız hər bir yarışda layiqli çıxış etmək üçün sona qədər yarışırlar".

Baş məşqçi ilk Avropa Oyunlarının açılış mərasimi barədə danışarkən yetirmələrinin həmin tədbirdən böyük güc aldığını dedi: "Açılışdan 1 gün sonra karateçilər mübarizəyə qoşulurlar. Ona görə idmançılara sərbəstlik verdim. Dedim əgər kimsə bu mərasimdə iştirak etməsə, onu başa düşərik. Yorğunluq ola bilər, çünki, idmançı yarışa az vaxt qalarkən həyəcanlı olur. Açılışda parad zamanı azarkeşlərin dəstəyi əks-təsir göstərə bilər. İdmançılarımızın çoxu açılışda iştirak etmək istədiyini bildirdi. Mərasimdən sonra isə dedilər ki, belə möhtəşəm ab-hava onlara əlavə güc verdi. Onlar mütləq qızıl medal uğrunda yarışacaqlar".

Rəhman Hətəmov karate üzrə dünya və Avropa çempionu Rafael Ağayevin Avropa Oyunlarında çıxışına toxunaraq onun qrupdakı çıxışından razı qalmadığını deyib: "Rafael dünyanın məşhur karate ustasıdır. Bütün dünya ona qarşı hazırlaşır. Onun məşqlərini internetdən axtarırlar. Çünki Ağayevi məğlub etmək onların ən böyük arzusudur. İlk Avropa Oyunlarında qrupdakı çıxışı zamanı Ağayev bütün potensialını göstərmədi. Sonra biz istədiyimiz Rafaeli gördük. Azarkeşlər onu hücuma səsləyirdi. Amma bizim taktikamız fərqlidir. Risk etməyə ehtiyac qalmır. İstənilən hesabla qələbə elə qələbədir. Ona görə Ağayevi risk etməyə qoymadım".

Karate üzrə Azərbaycan millisinin baş məşqçisi yetirmələrinin çıxışı zamanı dərman qəbul etdiyini də gizlətmədi: "Gün ərzində bir neçə idmançımız çıxış edir. Onların hər birinin 5 rəqibi olur. Bəzən onlar mübarizə aparanda çox əsəbləşirəm. Dediyimi etməyəndə özümdən çıxıram. Buna görə hər görüşdən əvvəl ürək dərmanı içirəm. Artıq öyrəşmişəm. Başqa cür alınmır. Əsəblərimi cilovlamaq üçün vacibdir. Əsas odur ki, ölkəmizi layiqincə təmsil edirik. Dövlət başçısı İlham Əliyev hər zaman karate haqda yüksək fikirlərdə olub. Cənab prezidentə təşəkkür edirik. Bizə hər cür şərait yaradılıb. Ona görə bu gün bütün rəqiblərimiz bizdən çəkinir".