Azərbaycan diplomatiyasının növbəti qələbəsi

"Dörd saat ərzində, dörd  dildə,  təxminən 50 sualı heç bir şübhə və tərəddüd üçün yer qoymadan cavablandıran Azərbaycan Prezidenti İlham Əliyev dünyanın aparıcı informasiya vasitələrinin nümayəndələri və yerli jurnalistlər qarşısında Dağlıq Qarabağla bağlı qəti mövqeyini bir daha ortaya qoymaqla Azərbaycanın Cənubi Qafqazda artıq yeni reallıqlar yaratdığına və hər kəsin də bu reallıqları qəbul etmək məcburiyyətində olduğuna dair növbəti dəfə bütün dünyaya aşkar mesaj ünvanlamış oldu" . Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib. 

Millət vəkilinin sözlərinə görə, dövlət başçısına ünvanlanan suallar arasında Qarabağla bağlı, xüsusilə də bölgədə mövcud olan hazırkı vəziyyət və gələcək planlara dair sualların üstünlük təşkil etməsi dünya ictimaiyyətinin ölkəmizə və regionda gedən proseslərə olan böyük marağından xəbər verir: "Təbii ki, Azərbaycanın tarixi qələbəsilə başa çatmış Vətən müharibəsinin nəticələri və bölgənin, eləcə də ümumilikdə Cənubi Qafqazın bundan sonrakı inkişaf perspektivləri ilə bağlı bir çox suallar, hazırda aparıcı dünya dövlətlərinin rəhbərləri ilə yanaşı, dünya ictimaiyyətini də son dərəcə maraqlandıran məsələlərdəndir. Nəzərə alsaq ki, Azərbaycan artıq uzun müddətdir ki, regionun lider dövləti kimi çıxış edir və öz ərazi bütövlüyünü təmin etdikdən sonra, həm də məhz öz gücünə qalib gəldiyi müharibənin nəticəsi olaraq təmin etdikdən sonra bu mövqeyini daha da möhkəmləndirib, o zaman bu marağın əsassız olmadığını anlamaq çətin deyildir. Digər tərəfdən isə, bu gün ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolun önəmi dəfələrlə artıb. Artıq Azərbaycanla hesablaşmaq, Azərbaycanı dinləmək və eşitmək vaxtı olduğunu dünyanın bir çox inkişaf etmiş aparıcı ölkələri qəbul edirlər. Yeri gəlmişkən, mətbuat konfransında dövlətimizin başçısına ünvanlanan suallardan bu da məlum olurdu ki, xarici jurnalistləri Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin daxili məsələləri ilə bərabər, həm də regional və dünya miqyaslı problemlərə dair fikir və rəyləri, gedən proseslərə münasibəti də maraqlandırırdı. Başqa sözlə desək, Prezident İlham Əliyevin dünyanın siyasi elitasının nüfuzlu nümayəndələrindən biri kimi qəbul edildiyi bu mətbuat konfransında bir daha öz təsdiqini tapmış oldu." 

Kamaləddin Qafarov keçirilən mətbuat konfransının həmçinin Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından da xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı: "Ölkə Prezidentinin keçirdiyi mətbuat konfransı üçün məhz 26 fevral tarixinin, Xocalı soyqırımının 29-cu ildönümü gününün seçilməsi də, əlbəttə ki, təsadüfi deyildi. Media nümayəndələrinə müraciət edən Prezident İlham Əliyev erməni faşizminin törətdiyi bu qanlı soyqırımı haqqında  daha ətraflı məlumat verməklə Azərbaycan həqiqətlərinin bizimlə tərəfdaş olmaq, əməkdaşlıq etmək istəyən bütün ölkələr tərəfindən birmənalı olaraq qəbul edilməsinin zəruriliyini vurğulamış oldu. "Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir"- deyən dövlət başçısı ölkəmizin öz problemlərini özü həll etmək iqtidarında olduğunu qeyd edərək, eyni zamanda da beynəlxalq ictimaiyyətin, dünya ölkələrinin bu məsələyə münasibətinin bizim üçün əhəmiyyətli olduğunu bildirdi. Qeyd edildi ki, Xocalı soyqırımı artıq dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmişdir və bu proses davam etdirilir. Bu məsələ ilə bağlı diqqəti çəkən məqamlardan biri də bu oldu ki, bir çox xarici jurnalistlər Xocalı hadisələrini məhz soyqırımı kimi qəbul etdiklərini birmənalı şəkildə ifadə etdilər. O cümlədən Böyük Britaniyanın "Teleqraf" qəzetinin təmsilçisinin Azərbaycan Prezidentinə müraciət edərək: "Bu qorxunc soyqırımını anım günündə bizimlə görüşdüyünüzə görə təşəkkür edirəm"- deyə sözə başlaması da jurnalistin və onun təmsil etdiyi media qurumunun bu məsələyə münasibətindən xəbər verir." 

Millət vəkili Dağlıq Qarabağın statusu ilə bağlı verilən suala cavab olaraq Prezident İlham Əliyevin öz qəti mövqeyini ortaya qoymasını Azərbaycanın Cənubi Qafqazda yeni reallıqlar yaratdığına və bu reallıqların bütün dünya tərəfindən qeyd-şərtsiz qəbul ediləcəyinə dair növbəti mesaj kimi qiymətləndirdiyini bildirdi: "Etiraf edim ki,  jurnalistlərdən biri tərəfindən verilən, statusla bağlı sual məni bir qədər təəccübləndirdi. Daha dəqiq desəm, sualın qoyuluşu. Əgər diqqət etdinizsə həmin sualda belə bir ifadə yer almışdı: "...Siz dediyiniz kimi, beynəlxalq ictimaiyyətin ciddi əleyhinə olduğu 44 günlük Vətən müharibəsini Müzəffər Ali Baş Komandan kimi uğurla yekunlaşdırdınız. ... Amma beynəlxalq ictimaiyyətdə belə bir qənaət var - Dağlıq Qarabağın statusu tam olaraq müəyyənləşmədən bu müharibə heç vaxt bitməz..." Artıq sualın özündə yer almış ziddiyyət də açıq-aydın göstərir ki, beynəlxalq ictimaiyyətin rəyi heç də həmişə alternativsiz həqiqət kimi qəbul edilə bilməz. Bəli, 30 il ərzində bir çox beynəlxalq qurum və təşkilatlar bu müharibənin əleyhinə çıxış etdilər, bizi və bütün dünyanı münaqişənin hərbi yolla həllinin olmadığına inandırmağa çalışdılar. Bu qüvvələr sadəcə olaraq ölkəmizin ərazi bütövlüyünün bərpa olunmamasını və torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasını istəyirdilər.  Prezident İlham Əliyev hər zaman bunun əksini söylədi və tarix də məhz Azərbaycan Prezidentinin haqlı olduğunu təsdiqlədi. Əminəm ki, bu gün də beynəlxalq ictimaiyyətdə "Dağlıq Qarabağın statusu tam olaraq müəyyənləşmədən bu müharibə heç vaxt bitməz" kimi əsassız və tamamilə yanlış rəy formalaşdırmaq istəyənlər məhz həmin qüvvələrdir. Dövlət başçısının bu suala verdiyi qəti cavab isə həmin qüvvələrə ünvanlanmış net bir mesaj kimi qiymətləndirilə bilər: "Mən bu haqda artıq demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Azərbaycan bu münaqişənin bir tərəfi idi. Biz bu fikri açıq-aydın ifadə edirik ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub. ...O ki qaldı, statusa, mən öz çıxışlarımda statusun ünvanını göstərdim. Bir daha o məsələyə qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar." Bu o deməkdir ki, artıq Dağlıq Qarabağın hər hansı bir statusu barədə xəyallar qurmağın deyil, Azərbaycanla gələcək əməkdaşlıq barədə düşünməyin vaxtıdır. Bunun üçün isə Azərbaycanı qalib ölkə və Cənubi Qafqazda yaranmış yeni reallıqların müəllifi kimi qəbul etmək və bizimlə bütün münasibətləri də məhz bu yanaşma nöqtəsindən qurmağa cəhd etmək lazımdır".