Koronavirusun yeni dalğası ilə bağlı şad xəbər

"Sərt karantin rejimi o halda tətbiq olunur ki, yoluxanların sayında ciddi artım müşahidə olunsun və xəstəxanaların xəstə qəbul etməsində problemlər yaranmağa başlasın".

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

İnfeksionist bildirib ki, simptomları olan şəxslər test verdirmədən məclislərə qatılmasınlar:

"Yaxın bir 10 gün ərzində yoluxanların sayında ciddi artım müşahidə olunacağını düşünmürəm. Qonşu və dünyanın digər ölkələrinə baxsaq bu dalğanın əksər ölkələrdə ciddi qapanmalara, sərt karantin rejiminə gətirib çıxaracağının şahidi ola bilərik. Hələ ki, Azərbaycan üçün belə bir təhlükə yaşanmır və bir tərəfdən şanslıyıq ki, yay aylarında bu xəstəliyin hava damcı infeksiyalarında qış aylarına nisbətən daha az yayılması müşahidə olunur. Bu, onunla bağlıdır ki, insanlar qapalı məkanlardan az istifadə edirlər, daha çox açıq məkanlarda olurlar. Həmçinin də təhsil müəssisələrinin bu xəstəliyin yayılmasında ciddi şəkildə yayılmasında rol oynadığını nəzərə alsaq, məktəblər, ali təhsil müəssisələri də qapalı olduğu üçün bir növ xəstəliyin daha çox yayılmasının qarşısını alır.

Təhlükəni yalnız toyların, digər məclislərin qapalı məkanlarda təşkil olunmasında görürəm. Bunu da müvafiq qurumla ciddi nəzarətə götürsələr toyların və məclislərin təşkil olunmasında vaksin "pasport"u olmayanların, xəstələrin içəri buraxılmamasına ciddi nəzarət olunsa, oradan da xəstəliyin yayılması baxımından özümüzü sığortalaya bilərdik. Amma təəssüf ki, bu günlərdə bu şəkildə məclislərdə vaksin "pasport"u olmayanlar və qoyulan tələblərdən daha çox insanların məclisə cəlb olunmasını görürük ki, bu da bizi və doğmalarımızı riskə atmış olur. 

Qorunma tələblərinə (əl gigyenası, sosial məsafə, maska - red) ciddi şəkildə riayət olunsa, qapalı məkanların tez-tez havalandırılması, daha çox açıq məkanlardan istifadə olunması və vaksinasiya prosesi tam sürəti ilə davam etsə, əslində bu dalğadan da biz ən az ziyanla xilas ola bilərik. Ona görə də əhalini daha çox bir qədər səbrli olub, bu dalğanı da atlatmaqda mütəxəssislərə, müvafiq qurumalara kömək etməyə çağırırıq. Xüsusən də qapalı məkanlarda keçirilən məclislərə simptomları olan şəxslərin getməməsini xahiş edirik. Çünkü özləri də bilmədən "Mənə soyuq olub", "Sadəcə öskürürəm, sadəcə burnum axır" və yaxud temperaturum yoxdur və s. kimi şikayətlərim yoxdur deməklə özləri də bilmədən saysız-hesabsız insanların kütləvi yoluxmasına səbəb ola bilərlər. Ona görə burun axıntısı, öskürək, boğaz ağrısı, hərarət, baş ağrısı, ihsal - qarıngetmə, ürəkbulanma və s. ümumi zəiflik kimi simptomları olan şəxslərin test verdirmədən məclislərə qatılmaması məsləhətdir".