Bu il təmir və bərpa olunan tarixi abidələrlə bağlı son vəziyyət necədir?

Hazırda Dövlət Xidməti tərəfindən aparılan Çıraqqala abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işləri tamamlanıb və ərazidə ziyarətçilərə mədəni xidmətlərin göstərilməsi üçün müvafiq infrastrukturun yaradılması üzrə işlər davam etdirilir.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, həmçinin bərpasına bu il başlanan Kiçik Mərdəkan qəsrində bərpa işləri davam etdirilir:

"Həyata keçirilən bərpa işlərinin məqsədi abidənin tarixi görkəminin qorunması, uzunömürlülüyünün təmin edilməsi və ziyarətçilərin rahatlığı üçün müvafiq infrastrukturun yaradılmasıdır".

Qurumdan bildirilib ki, bərpa zamanı qəsrin təbii təsirlərdən yararsız hala düşmüş daşları çıxarılaraq orijinala uyğun yeniləri ilə əvəz olunur, hörgülərarası birləşmələr xüsusi məhlulla bərpa edilir, müdaxilələr nəticəsində üzərinə müxtəlif yazılar həkk edilmiş hissələr təmizlənir, ilkin səth bərpa olunur, aşınma və nəmə qarşı qoruyucu məhlullar tətbiq edilir.

"Həyata keçirilən bərpa işlərinin 2026-cı ilin yanvar ayında başa çatdırılması planlaşdırılır",-əlavə olunub.