"Azad media"nın seçki siması:

Müəllif: Trend-in siyasət şöbəsi

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. İlk dəfə ölkənin bütün ərazisində, suverenliyini və sərhədlərin tam bərpa etmiş Azərbaycanda keçirilmiş səsvermənin çox yüksək səviyyədə hazırlandığı, elə həmin səviyyədə də keçirildiyini bir çox beynəxalq müşahidəçilər vurğuladılar.

Cəmiyyətin bir Lider ətrafında birləşməsinin bariz nümunəsi olan seçkilərdə ictimai-siyasi konsolidasiya amilinin nə demək olduğunu anlamayan "müstəqil müşahidəçi"lər isə seçkilər hələ başlamamış artıq əsas tezislərin hazırlandığı və təlimatlar əsasında formalaşdırıldığı hesabatlarını yazmağa başlamışdılar.

Eyni zamanda, psevdo "müstəqil" media, YouTube kanalları ilə yanaşı, Qərbin bir sıra mass-mediası seçkiləri hədəfə aldı.

Məqsəd Azərbaycan vətəndaşlarının səsverməsinə, seçiminə və iradəsinə kölgə salmaq, uydurmaları və gümanları faktlar kimi təqdim etmək, alınmış sifarişlərlə əmrləri tam yerinə yetirməkdi.

Növbədənkənar prezident seçkiləri ilə bağlı "azad və müstəqil media"nın hazırladıqları şantaj, yalan, saxta və feyk reportajlarla məlumatların bəzilərinə nəzər salaq.

Sumqayıt nə vaxtdan Kazan "oldu"?

Növbədənkənar prezident seçkilərində "topa şəklində bülletenlərin atılmasını əks etdirən faktlar var" iddiasını səsləndirirlər və bu iddia daha çox Qəirb mediasının, bəlli siyasətçilərin, habelə Azərbaycanla bağlı "xüsusi mövqe"yi ilə seçilən təşkilatların ifasında eşidilir.

İstinad edilən "danılmaz fakt"lardan biri qismində 44 saylı Sumqayıt üçüncü Seçki Dairəsinin 21 saylı məntəqəsində seçki qutusuna topa şəklində bülletenlərin atılmasını əks etdirən video göstərilir.

Videokadrlarda bir seçicinin bülletenləri seçki qutusuna topa şəklində atması əks olunub.

Halbuki o video yeni deyil, Azərbaycanada heç bir aidiyyatı yoxdur.

Kadrlar 8 sentyabr 2019-cu ildə Rusiyanın Kazan vilayətində Şəhər Şurasına seçkilər zamanı çəkilib.

Bu faktla bağlı "Azadlıq radiosu" süjet də hazırlayıb.

"Azadlıq Radiosu"nun qanuna sayğısızlığı

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində "neqativ hal" axtarışına çıxan "Azadlıq Radiosu" növbəti dəfə saxta məlumat tirajlayıb.

"Neqativ hal" axtarmaq sahəsində xüsusi təlim keçmiş "Azadlıq Radiosu"nun repartyorları səsvermə günü "neqativ" tapmadıqda saxta məlumat yaratmaq metodu ilə onu uydurmaq qərarına gəliblər.

Belə materialların təhlili göstərir ki, "neqativ"lər ya xüsusi teatrlaşdırılmış formada, ya da gizli üsul və vasitələrdən istfadə edilərək hazırlanmışdır.

Məsələn, çəkiliş aparıldığı dairə və məntəqə dəqiq bilinməyən və daha da təbii alınsın deyə əlində bel tutmuş şəxsi "yüzbaşı" kimi təqdim edirlər.

"Faktyoxla Lab."ın apardığı araşdırma nəticəsində bəlli olub ki, bu səhnəciyin ardınca isə üzü görsənməyən kişi "müsahibə" verir. Əslində həmin müsahibədə də qanundankənar, hər hansı hüquqpozma hal qeydə alınmır. Radionun "həmsöhbəti" deyir ki, biz insanları təşviq edirik ki, seçkiyə gəlsinlər. Avtobuslar təşkil olunmuşdu, seçiciləri bir neçə dəfə məktəbdə təşkil olunan seçki məntəqəsinə aparıblar".

Bu, hal "Azadlıq Radiosu"nun seçki prosesində gizli üsul və vasitələrdən istifadə etməklə hazırladığı növbəti videodur. Bir daha xatırladırıq ki, gizli üsul və vasitələrdən istifadə etməklə məlumat yaymaq Azərbaycan Respublikasının "Media haqqında" Qanunun maddələrini pozmaqla yanaşı, ifadə azadlığını öz qoruması altına almış Avropa İnsan Hüquqları Bəyannaməsinin 10-cu maddəsi ilə ziddiyyət təşkil edir.

Amerika vətəndaşlarının vergisi hesabına fəaliyyət göstərən "Azadlıq Radiosu" Amerika Konqresinə saxta məlumatlarla dolu səhnəciklər göndərmək üçün Azərbaycan qanunlarını, beynəlxalq hüquq və normaları pozur.

"BBC Azərbaycanca"nın manipulyasiyası və qeyri-peşəkarlığı

"BBC Azərbaycanca" "Seçkilərdə "minbaşı": "Görmürsünüz, hamı keçib salam verir" başlıqlı video paylaşıb.

Məlumatda qeyd olunur ki, "BBC Azərbaycanca"nın əməkdaşı 44 saylı Sumqayıt üçüncü seçki dairəsi, 36 saylı məntəqədə səsverməni izləyib.

"Faktyoxla Lab." "BBC Azərbaycanca"nın seçki məntəqəsindən hazırladığı videonu araşdırıb.

Əvvəla, "BBC Azərbaycanca"nın hazırladığı bu material açıq-aşkar qanun pozuntusu ilə müşaiət olunub. Belə ki, video-süjet boyunca həmsöhbətin çəkiliş getməsindən xəbərsiz olduğu açıq sezilir. Gizli çəkiliş isə şəxsin konstitusion hüquqlarının pozulması və şəxsi həyatına müdaxilə sayılır.

İkincisi, "BBC Azərbaycanca"nın bu reportajı informasiya manipulyasiyasıdır. "BBC Azərbaycanca"nın müxbiri səmimi ortam yaradaraq, yönləndirci suallarla həmsöhbətindən neqativ məlumat "qoparmağa" çalışır. Amma müxbirin bu niyyəti baş tutmur, səmimi cavablar verən qadın söhbətində neqativ, qanundankənar heç bir fikir səsləndirmir, yalnız "biz insanları seçkiyə gəlməyə təşfiq edirik. Bilirsiniz ki, insanlarımız bir az laqeyiddilər. Çağırırıq ki, gəlsinlər kimə istəyirlər səs versinlər" deyir.

Üçüncüsü, "BBC Azərbaycanca"nın bu reportajı peşəkarlıqdan uzaqdır. Videonun məhz söylənildiyi kimi 44 saylı Sumqayıt üçüncü seçki dairəsi, 36 saylı məntəqədə çəkildiyini təsdiqləyən heç bir təsdiqləyici məlumat, görüntü təqdim olunmur. BBC kimi böyük media qurumunun belə yanaşması nüfuzuna xələl gətirəcək haldır.

"BBC Azərbaycanca"nın "minbaşı" haqda hazırladığı video-reportaj, jurnalistikanın bir çox prinsiplərinin pozulduğu, müxbirin söhbət etdiyi şəxsin konstitusion hüquqlarının kobud şəkildə pozulması fonunda hazırlanmış, manipulyativ xarakterli, qeyri-peşəkar materialdır.

"Amerikanın səsi"nin qeyri-ciddi reportajı

"Amerikanın səsi" "23 saylı seçki dairəsinin 2 saylı məntəqəsində müşahidəçilərə təzyiq edilir" başlıqlı məlumat paylaşıb.

Təqdim edilən kadrlar bir xanım müşahidəçinin şikayətləri, ona təzyiqlər edilməsi barədədir.

Həmin videonu araşdıranda bəlli olur ki, xanım sanki seçki məntəqəsindəki normal atmosferi korlamaq, qəsdən uca səslə kənardakıların diqqətini cəlb etmək üçün danışır. O, hətta seçki məntəqəsinin üzvlərinin onun üzərinə yeridiyini, təzyiq altında olduğunu iddia edir. Ancaq öz yaydığı videodan da aydın görünür ki, ona heç bir təzyiq yoxdur, məntəqə üzvlərindən heç kim onun müşahidə aparmasına mane olmur. Əslində həmin şəxslər (daha çox qadın müşahidəçilər) onları videoya çəkməməyi tələb edirlər. Videonun sonunda xanım müşahidəçilərdən birinin "xahiş edirəm, məni o kadrlardan çıxardın" dediyi eşidilir.

İkincisi, həmin məntəqədə digər müşahidəçilərin sakit tərzdə öz normal fəaliyyətlərini davam etdirməsi və heç birinin narazılığını ifadə edəcək davranışın olmaması həmin xanım müşahidəçinin təxribat üçün öyrədildiyinə, "Amerikanın səsi" və digər xarici media üçün məqsədli şəkildə "xammal" olduğuna şübhə yaratmır.

Beləliklə, "Amerikanın səsi" radiosunun 3 saylı seçki dairəsinin 2 saylı seçki məntəqəsində xanım müşahidəçiyə qarşı təzyiqlər edilməsi barədə süjeti informasiya manipulyasiyasıdır. Bu, bir daha seçki prosesinin şəffaflığına kölgə salmaq üçün tərtib edilmiş təxribat hesab edilə bilər.

"Mikroskopmedia"nın seçki təxribatı

Xaricdə fəaliyyət göstərən "Microskopmedia" saytının Facebook səhifəsində Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı edilən paylaşımda iki nəfər məntəqə üzvünün seçki qutusuna yaxınlaşaraq topa şəklində bülleten atmaqları ilə bağlı video əks olunur. Hadisənin bu gün saat 12:07-də və 12:15-də 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 9-cu məntəqəsində edildiyi bildirilir.

Paylaşılan video montaja məruz qalsa da qeyd edilən qanunazidd hərəkətlərin törədildiyinə heç bir şübhə yoxdur. Bununla belə, həmin hadisənin "Mikroskopmedia"nın nəzərinə düşməsi bir sıra suallar ortaya çıxardır.

Ölkə üzrə 1000 məntəqədə müşahidə kamerasının quraşdırılmasını nəzərə alsaq, cəmi iki nəfərdən ibarət olan "Mikroskopmedia komandasının" eyni vaxtı 100-lərlə kameranı izləməsi və orada qanunsuzluq aşkar etməsi texniki cəhətdən real olsa da, fiziki cəhətdən bunu etmək mümkün deyil.

Mərkəzi Seçki Komissiyasının (MSK) kameraları yalnız canlı (onlayn) rejimdə fəaliyyət göstərdikləri üçün, kadrları geriyə çevirib yenidən baxmaq (playback) olmur. Belə çıxır ki, "Mikroskopmedia" həmin məntəqədəki səsvermə prosesinin video qeydiyyatını aparırmış. Azərbaycana qarşı düşmən mövqeyi sərgiləyən belə bir resursun məqsədi isə aydındır. Onlar qabaqcadan əlbir olduqları şəxslərlə bu cür qanunazidd hərəkəti razılaşdıraraq açıq formada seçki prosesinə kölgə salmağa çalışıblar.

Sadəcə, kin və primitivlik...

Sadaladığımız faktlar yetər ki, fevralın 7-də Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı bir sıra "müstəqil kütləvi informasiya vasitələri"ndə yayılmış reportajlar və xəbərlərin əsassız olduğunu anlayaq. "Əsassız" baş verənləri səciyyələndirəcək ən yumşaq ifadədir, çünki önümüzdə kin, primitivlik və alınmış sifarişi nəyin bahasına olsa da, yerinə yetirmək əzmi var.

Sifariş məlumdur: seçkilərlə bağlı mümkün qədər neqativ rəy yaratmaq, maksimum sayda "qanun pozuntu"larını "aşkarlamaq" və prosesə kölgə salmaq.

Peşəkarlıqdan, obyektivlikdən, müstəqillikdən fasiləsiz bəhs edən həmin mass-medialarla ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkiləri müşahidə etmiş uzunmüddətli və qısamüddətli missiyaları arasında fərq yoxdur.

ATƏT DTİHB müşahidəçiləri eynən sadaladığmız mass-media mənsubları kimi saxtakarlıqlara, gümanlara, şayiələrə əsaslanmaqla yanaşı, aşkar yalanları və uydurma "fakt"ları "danılmaz sübut"lar qismində təqdim etməyə çalışırlar.

Problem bu şəxslərlə strukturların subyektivliyi, qərəzi və ya kini yox, ifrat dərəxədə primitiv yanaşma tərzləri, qeyri-peşəkarlıqları və aşkar yalan yaymalarıdır.

Media azad olmalıdır.

Fəqət ədalətdən, vicdandan və obyektivlikdən yox.