Benzin və dizelli maşınlar sıxışdırılacaq

Müəllif: Elvin Səxavətoğlu

Məlumdur ki, 20-ci əsrin əvvəllərində daxili yanma mühərriki olan avtomobillərin istehsalına başlanılıb. Bu tarixi hadisədən əvvəl nəqliyyat vasitələri at qoşqusu ilə hərəkət edirdi. Təxminən yüz ildən çoxdur ki, dünya bazarında benzin və dizellə işləyən avtomobillər öz mövqeyini qoruyur.

Çünki son dönəmlərə qədər həmin avtomobilləri hərəkətə gətirən yanacağa alternativ vasitə yox idi. Həmçinin alternativin yaradılması üçün stimul və səbəblər mövcud deyildi. Hazırda isə dünyada sözün həqiqi mənasında avtomobil sənayesində trendlər dəyişməkdədir.

Dəyişikliyə səbəb nədir? 

Ən əsas səbəb iqlim dəyişikliyidir. Hazırda dünyada qlobal istiləşmə müşahidə olunur. Xüsusilə böyük iqtisadiyyata, ağır sənayeyə malik ölkələr atmosferin çirkləndirilməsində, dolayısı ilə qlobal istiləşmənin sürətlənməsində böyük rol oynayır.

Karbon qazının (CO2) böyük hissəsini dünyada yalnız bir neçə ölkə havaya buraxır. Onlar Çin, ABŞ, Hindistan, Rusiya və Avropa İttifaqıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 13 milyondan çox ölüm halları havanın çirklənməsi ilə bağlıdır.

Qlobal istiləşmənin ilbəil artdığı dövrdə dövlətlər "yaşıl enerji"yə keçidi daha da sürətləndirirlər.

Proqnozlara görə, 2030-cu ilədək bərpaolunan mənbələrdən və yaxud "yaşıl enerji"dən alınan elektrik enerjisi dünyada elektrik enerjisi istehsalının 65 faizini təmin edəcək. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud "yaşıl enerji" mənbələrindən əldə edilə bilər.

Karbon qazı emissiyası qlobal səviyyədə 2050-ci ilə qədər 70 faiz azaldılacaq ki, bu da iqlim dəyişikliyinin qarşısının alınmasına kömək edəcəkdir. İlk növbədə külək və günəş enerjisi hesabına elektrik enerjisi istehsalında sürətli artım olacaqdır. Bunun əsasən Qafqazda, Mərkəzi Asiyada, Şərqi və Cənub-Şərqi Avropada baş verəcəyi bildirilir. Qlobal iqlim dəyişikliyinin qarşısının alınması üçün 2050-ci ildən sonrakı dövrdə karbon qazı emissiyasının minimum həddə endirilməsi nəzərdə tutulur. Hidrogen və sintetik yanacaqlar, birbaşa elektrikləşdirmə, bioyanacaqlar innovativ biznes modellərinə və bu sahədə struktur dəyişikliyinə ciddi təsir göstərəcək.

Yuxarıda sadalanan məqamlardan belə aydın olur ki, elektrik enerjisi istehsalındakı "yaşıl enerji" dövrü özünü avtomobil sənayesində də göstərməyə başlayıb.

Artıq dünyanın avtomobil sənayesində benzin və dizellə işləyən nəqliyyat vasitələrinin mövqeyi sarsılmaqdadır. Hazırda dövlətlər elektriklə işləyən nəqliyyat vasitələrini təşviq etməyə başlayıblar. Hətta Çin, Avropa İttifaqı və ABŞ-da bu proses çox sürətlə getməkdədir.

Proseslər göstərir ki, qlobal istiləşmənin qarşısını almaq, havanın çirklənməsinə mane olmaq üçün benzin və dizellə işləyən avtomobilləri bazardan çıxarmaqdan başqa çıxış yolu yoxdur.

Çünki daxili yanma mühərriki ilə işləyən avtomobillər atmosferə nəzərəçarpacaq dərəcədə tullantılar atır.

Artıq bir çox ölkə Aİ-92 markalı benzindən imtina edib.

Buna paralel olaraq, elektrikli avtomobillərin istehsalını genişləndirir, hibrid avtomobillərin idxalına vergi güzəştləri tədbiq edir. Hətta Avropa İttifaqında benzin və ya dizel mühərrikli yeni avtomobillərin istehsalı və qeydiyyatı artıq 2035-ci ildən mümkün olmayacaq. Bununla yanaşı, iri istehsalçılar artıq "premium" markalı elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına yönəlib.

Bəs, Azərbaycanda bu sektorda vəziyyət necədir?

Hazırda bu tip avtomobillərin idxalına Azərbaycanda da vergi güzəştləri mövcuddur. Bu səbəbdən son illər hibrid avtomobillərin idxalı artıb. Əgər 2021-ci ildə ölkəyə 12,9 min ədəd hibrid avtomobil idxal olunubsa, 2023-cü ildə bu göstərici 14,1 min ədəd təşkil edib. Elektromobillərin idxalında isə kəskin artım qeyd olunub. Belə ki, 2021-ci ildə elektromobillərin ölkəyə idxalı 0,2 min səviyyəsində idisə, 2023-cü ildə bu göstərici 3,1 min ədədə yüksəlib.

Amma benzin və dizellə bağlı mənzərə heç də ürəkaçan deyil.

Araşdırmalar nəticəsində məlum olub ki, ölkəmizdə olan avtomobillərin strukturunda Aİ-92 markalı yanacaq işlədən avtomobillərin payı azalır. Əksinə bazarda havanı daha çox çirkləndirən dizel yanacağı ilə işləyən avtomobillərə maraq atmaqdadır.

Rəsmi statistikanı təqdim edirik:

- 2021-ci ildə ölkəyə 50,6 min 2022-ci ildə 35,1 min, 2023-cü ildə isə 38,7 min benzin mühərrikli avtomobil idxal olunub;

- Dizel mühərrikli avtomobillərdə isə bu rəqəm müvafiq olaraq 21,4 min (2021), 21,8 min (2022), 32,1 min (2023) ədəddir.

Görünən odur ki, vətəndaşlar Azərbaycanda dizel benzindən ucuz olduğu üçün daha çox dizel yanacağı ilə işləyən avtomobillərə maraq göstərirlər.

Bu isə ölkədə havanın daha çox çirkləndiyi anlamına gəlir.

Bəs, çıxış yolu nədir?

İlk növbədə Azərbaycanda  "Avro-5" markalı benzin istehsal olunmalıdır. Bu istehsal prosesi ekoloji standartına uyğun aparılmalıdır.

Daha sonra "Aİ-92" yanacağından istifadədən imtina olunmalıdır. Çünki dünyanın əksər ölkəsində "Aİ-92" markalı yanacaqdan imtina edib.

Qeyd edək ki, gələcəkdə ölkədə Aİ-92 benzininin bütövlükdə Aİ-95 ilə əvəzlənməsi hədəflənib. Həmçinin, dizeldən istifadənin ekoloji zərəri nəzərə alınaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə hazırkı mərhələdə onlar arasındakı qiymət fərqi azaldılıb.

Aşağıdakı cədvələ nəzər salsanız, görərsiniz ki, əksər ölkələrdə dizel benzindən baha satılır.

N

Ölkə

Benzin (Avro 92)

Benzin (Avro 95)

Dizel

1

Albaniya

-

3.33

3.37

2

Almaniya

-

3.44

3.05

3

Andora

-

2.69

2.63

4

Avstriya

-

3.00

2.94

5

Belçika

-

3.24

3.29

6

Birləşmiş Krallıq

-

3.20

3.70

7

Bolqarıstan

-

2.52

2.52

8

Bosniya və Herseqovina

-

2.54

2.52

9

Çexiya

-

2.87

2.74

10

Danmarka

-

3.55

3.11

11

Estonia

-

3.22

2.85

12

Finlyandiya

-

3.37

3.18

13

Fransa

-

3.46

3.14

14

Xorvatiya

-

2.74

2.54

15

İrlandiya

-

3.26

3.14

16

İslandiya

-

3.62

3.73

17

İspaniya

-

3.02

2.72

18

İsveç

-

2.98

2.89

19

İsveçrə

-

3.57

3.64

20

İtaliya

-

3.44

3.16

21

Kipr

-

2.85

2.87

22

Latviya

-

3.09

2.91

23

Litva

-

2.80

2.63

24

Lüksemburq

-

2.91

2.72

25

Macarıstan

-

2.89

2.87

26

Malta

-

2.46

2.23

27

Montaneqro

-

2.89

2.59

28

Moldova

-

2.41

1.99

29

Niderland

-

4.03

3.44

30

Norveç

-

3.57

3.18

31

Polşa

-

2.85

2.85

32

Portuqaliya

-

3.31

3.00

33

Rumıniya

-

2.61

2.63

34

San Marino

-

3.24

2.96

35

Serbiya

-

3.07

3.16

36

Slovakiya

-

2.98

2.78

37

Slovenyia

-

2.83

2.72

38

Şimali Makedoniya

-

2.48

2.19

39

Yunanıstan

-

3.55

3.03

40

Türkiyə

-

2.25

2.12

41

Ukrayna

2.26

2.42

2.30

42

Rusiya

0.88

1.05

1.23

43

Belarus

1.17

1.23

1.23

44

Gürcüstan

1.94

2.06

2.02

45

Ermənistan

2.16

2.34

2.38

46

Azərbaycan

1.00

2.00

0.80

47

Qazaxıstan

0.78

1.01

1.12

48

BƏƏ

-

1.39

1.33

49

Küveyt

-

0.59

0.63

50

Oman

-

1.10

1.14

Azərbaycanda dizel və benzinin qiymətini yenidən tənzimləməklə yanaşı, paytaxtda ictimai nəqliyyatda ekoloji təmiz sıxılmış təbii qaz (CNG) və elektrik mühərrikli avtobuslardan istifadə daha da artırılmalıdır.

Buna paralel olaraq, regionlarda da ictimai nəqliyyatda CNG (sıxılmış təbii qaz) və elektrik mühərrikli avtobuslara keçid olmalı, bu proses sürətləndirilməlidir.

İlk növbədə nəzərə almaq lazımdır ki, atmosferin çirklənməsini azaltmaq, onkoloji xəstəliklərin qarşısını almaq və digər bu kimi problemləri aradan qaldırmaq üçün benzin və dizellə işləyən avtomobillərdən imtina sürətləndirilməlidir. Həmçinin daxili yanma mühərriklərindən imtina ekoloji baxımdan sərfəli olduğu kimi, COP-29-a ev sahibliyi edəcək ölkə olaraq Azərbaycanın bu sahədə də dünyaya nümunə olması, ölkənin imici və əhalinin sayı baxımından vacibdir.