ABŞ, İran, Hindistan və Fransa Ermənistanı yeni müharibəyə hazırlayır

Müəllif: Elvin Səxavətoğlu

ABŞ, Fransa, İran və Hindistan Ermənistanı fəal şəkildə silahlandırır. Bununla bağlı yerli və xarici mediada kifayət qədər faktlar müvcuddur.

ABŞ-Ermənistan hərbi sövdələşməsi

Rəsmi Vaşinqton Rusiya-Ukrayna müharibəsi fonunda artan qlobal gərginliyin Cənubi Qafqaza sıçraması üçün əlindən gələn hər şeyi edir.

Məsələn, avqustun 2 və 3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına doğru 2 hərbi təyyarə qalxıb. ABŞ-nin iki hərbi təyyarəsi sözügedən hava limanına silah və şəxsi heyət çatdırıb, Ermənistanı snayper tüfəngləri, gecəgörmə cihazları, rabitə vasitələri, zirehlər, mini-dron və minalarla təmin edib. Bundan əlavə, ABŞ Ermənistanın İranla sərhədində yerləşən uyğunlaşdırılmış silah və sursatlar, eləcə də İranın raket trayektoriyalarını izləmək üçün qurğular göndərib.

Amma ABŞ rəsmi bəyanatlarında Azərbaycanla Ermənistan arasında tez bir zamanda sülh müqaviləsinin imzalanmasını istədiyini vurğulayır.

Hindistan-Ermənistan hərbi sövdələşməsi

Rəsmi Yeni Dehli artıq İrəvana "Pinaka" raket sistemini satıb. Rəsmi İrəvan 2024-cü ilin sonuna kimi "Akash 1S" Hava Hücumundan Müdafiə Sistemlərini əldə etmək istəyir. Bu müdafiə sistemləri reaktiv, raket və dronlara qarşı müdafiə qabiliyyətinə malikdir.

"Akash 1S" geniş imkanlara malikdir. Təxminən 4 ilə 25 km radiusda döyüş təyyarələri, idarə olunan raketlər və pilotsuz uçuş aparatları kimi hava hədəflərini zərərsizləşdirə bilir. Hindistanla Ermənistan arasında silah ticarətinin dövrüyyəsi 600 milyon dollar civarındadır və Yeni Dehlinin ən böyük silah idxalçısı Ermənistandır.

Qeyd edək ki, Hindistan dünya silah bazarına yeni daxil olur. Yeni Dehli 2018-2022-ci illərdə dünyanın ən böyük silah ixracatçısı olub. Ermənistana silah satışı Hindistan üçün effektiv reklam ola bilər.

Ən diqqətçəkən fakt isə silahların Ermənistana İran vasitəsi ilə gətirilməsidir.

Silahlar İranın Bəndər-Abbas dəniz limanına gətirilir. Oradan isə İran ərazisindən quru yolla Ermənistana çatdırılır.

Fransa-Ermənistan hərbi sövdələşməsi

Rəsmi İrəvan Fransadan "Acmat" şirkətinin istehsalı olan çoxməqsədli "Bastion" zirehli texnika alıb. Bu silahlar ölkəyə  Gürcüstan vasitəsi ilə gətirilib.

Yerli mediada yayılan məlumatlara görə, Fransa Ermənistana bir neçə həftə ərzində yeni silahlar göndərib.

Bildirilir ki, Fransanın 155 mm-lik SEZAR özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və "hava-hava" raketləri Ermənistana çatdırılıb.

Hindistan-Ermənistan hərbi sövdələşməsində olduğu kimi Fransa-Ermənistan hərbi sövdələşməsində də İran iştirak edir. Paris İrəvana silahları bu dəfə İran vasitəsi ilə çatdırıb.

Silahlar Fransanın Orli hava limanından İranın Mehrabad hava limanına göndərilir, oradan isə İranın "Merac" aviaşirkəti silahları birbaşa Ermənistana göndərilib.

Bildirilir ki, Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 "hava-hava" tipli raketlər, 30 ERYX tank əleyhinə raketlər, onlarla Almaniya istehsalı olan DM32 qumbaraatanları, həmçinin "Panzerfaust" da daxil olub.

Qeyd edək ki, ABŞ, Hindistan, İran və Fransanın Ermənistana göndərdiyi silahların tam siyahısı məlum deyil. İddia olunur ki, bəzi silahlar gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə Ermənistana göndərilir.

İran-Ermənistan hərbi sövdələşməsi

Bir müddət əvvəl "İran İnternational" saytında İran-Ermənistan hərbi razılaşmasına aid məlumat dərc edilmişdi. İddia olunurdu ki, İran və Ermənistan 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb. İran tərəfi bununla bağlı heç bir rəsmi təsdiq və ya təkzib bəyanatı yaymayıb. Yerli mətbuatda yayılan məlumatlara görə, həmin xəbər saxta deyilmiş. Həqiqətən də İrəvan və Tehran arasında qeyd olunan gizli silah müqaviləsi imzalanıb.

Təbii ki, İranın həm Hindistan, həm də Fransa silahlarının Ermənistana çatdırılmasında vasitəçi olması, qeyri-dost addımdır. Özünün silah satması isə riyakarlıqdır.

İran rəsmi bəyanatlarında deyir ki, "bölgəyə kənar qüvvələrin müdaxiləsi qəbuledilməzdir". Digər tərəfdən kənar qüvvələr hesab etdiyi dövlətlərin silahlarının Ermənistana çatdırılması üçün vasitəçilik edir.

Proseslər göstərir ki, regionda maraqları olan qüvvələr üçün Azərbaycan-Ermənistan müqaviləsi sərf etmir. Çünki sülh olarsa, bölgədə gərginlik olmayacaq və silahlanma azalacaq.

Ermənistanın silahlandırılması isə bölgədə gərginliyi pik həddə çatdırır. Bu isə yeni qanlı müharibənin xəbərçisidir. Azərbaycan yeni hərbi qaşıdurma istəmir. Amma ərazi bütövlüyümüzə və milli maraqlarımıza təhdid olarsa, sərt cavab veriləcək.