COP29-a ev sahibliyi etməklə Azərbaycan beynəlxalq arenada artan nüfuzunu nümayiş etdirdi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi etməklə Azərbaycan beynəlxalq arenada artan nüfuzunu nümayiş etdirdi.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.

"İqlim dəyişikliyi XXI əsrin ən ciddi qlobal problemlərindən biridir. Bu fenomen yalnız ekosistemlərə deyil, həm də qlobal iqtisadiyyata, sosial ədalətə və beynəlxalq təhlükəsizliyə təsir edir. Buna görə də iqlim dəyişikliyinə qarşı mübarizə yalnız elmi araşdırmalarla məhdudlaşmır, eyni zamanda güclü siyasi iradə və beynəlxalq əməkdaşlıq tələb edir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu məsələdə vacib qərarların qəbul edildiyi tədbir oldu. Bu tədbirin Bakıda keçirilməsi Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səhnədəki yerini təsdiqlədi. Azərbaycan bu sammitə ev sahibliyi etməklə təkcə ekoloji problemlərin həllinə töhfə vermədi, həm də beynəlxalq arenada artan nüfuzunu nümayiş etdirdi.

COP29 bir tərəfdən planetin gələcəyi üçün həlledici qərarların qəbul olunduğu bir məkan, digər tərəfdən isə Azərbaycanın müasir və etibarlı tərəfdaş olaraq qlobal ictimaiyyətə öz mesajını çatdırdığı bir platforma oldu", - o bildirib.

Politoloq qeyd edib ki, Bakıda keçirilən COP29-un ən önəmli yekunlarından biri, iqlim dəyişikliyi ilə mübarizədə qlobal maliyyə dəstəyinin artırılması oldu.

"Sammitdə iştirak edən dünya liderləri inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi üçün illik 300 milyard dolların ayrılmasını təsdiq etdilər. Daha öncə bu məbləğ 100 milyard dollar bərabər idi.

Bu maliyyə paketi iqlim dəyişikliyinin təsirinə qarşı həssas olan ölkələrin dəstəklənməsi, bərpa olunan enerji mənbələrinə keçidin maliyyələşdirilməsi və təbii fəlakətlərin qarşısının alınması üçün istifadə ediləcək.

Fondun böyük bir hissəsi Afrika, Cənub-Şərqi Asiya və Latın Amerikası kimi bölgələrdə yerləşən ölkələrə yönəldiləcək. Həmçinin, bu maliyyə vasitəsi ilə kiçik ada dövlətləri iqlim dəyişikliklərinə qarşı qorunmaq üçün texnoloji və infrastruktur həllərə çıxış əldə edəcəklər. Bu məbləğdən bir hissəsi yaşıl texnologiyaların inkişafına və karbon emissiyalarının azaldılması üçün innovativ həllərə ayrılacaq", - A.Qarayev bildirib.

Onun sözlərinə görə, COP29-da bir sıra digər vacib qərarlar da qəbul edildi.

"Belə ki, Paris Sazişinin 6-cı maddəsi tam təsdiq olunub, inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olunub, Paris Sazişinin 13-cü maddəsinə uyğun olaraq İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması, qabiliyyət quruculuğu sahəsində inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki dəstəyin göstərilməsinə dair qərar qəbul olunub. Eyni zamanda "Gender və iqlim dəyişikliyi", "Uyğunlaşmaya dair qlobal hədəf", "Şarm əl-Şeyx yumşaltma ambisiyaları və icra iş proqramı" da daxil olmaqla, bir sıra digər sənədlər təsdiqlənib", - politoloq bildirib.

A.Qarayev qeyd edib ki, COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunu və mühüm tədbirləri təşkil etmək bacarığını bir daha sübut etdi.

"Azərbaycan hökuməti bu tədbirə ev sahibliyi etməklə yalnız qlobal ekoloji problemlərin həlli istiqamətində fəallığını nümayiş etdirmədi, həm də yüksək səviyyəli təşkilatçılıq standartlarını dünya ictimaiyyətinə təqdim etdi.

COP29 dünyanın müxtəlif guşələrindən gəlmiş 70 mindən çox iştirakçıya ev sahibliyi etdi. Qonaqlar arasında dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ekoloqlar, elm adamları və media nümayəndələri vardı", - o bildirib.

Politoloq vurğulayıb ki, COP29 Azərbaycanın həm ekoloji problemlərin həlli istiqamətində fəallığını, həm də yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini göstərdi.

"Tədbirin uğurla başa çatması Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, ölkənin bu cür tədbirlər üçün əvəzedilməz bir məkana çevrildiyini bir daha sübut etdi. Tədbirin yüksək səviyyədə təşkilatçılığı, 70 mindən çox qonağın iştirakı, orada qəbul edilən mühüm qərarlar COP29 ərəfəsində və keçirildiyi dövrdə Qərbin bəzi media orqanları və siyasi dairələri tərəfindən Azərbaycanın imicinə zərbə vurmağa yönəlmiş qarayaxma kampaniyalarını dəf etdi", - o bildirib.

A.Qarayev qeyd edib ki, bu kampaniyaların uğursuzluğunun əsas səbəblərindən biri Azərbaycanın artıq beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi tanınması idi.

"Bakı bu cür beynəlxalq tədbirlər üçün ideal mərkəz kimi qəbul olunur və ölkənin təşkilatçılıq təcrübəsi bu mövqeyi daha da möhkəmləndirdi. Tədbirin uğurla keçirilməsi həm də Azərbaycanın ev sahibliyi üçün doğru seçim olduğunu göstərdi. Azərbaycan təkcə coğrafi üstünlükləri və mədəni zənginliyi ilə deyil, həm də qlobal problemlərin həllinə aktiv töhfə vermə iradəsi ilə fərqlənir. Qarayaxma kampaniyalarına rəğmən, COP29 Azərbaycanın qlobal səviyyədə güclənən mövqeyini nümayiş etdirdi.

COP29 Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirərək, Bakının qlobal tədbirlər üçün əvəzedilməz bir məkana çevrildiyini bir daha göstərdi. Tədbir Azərbaycanın yalnız iqlim dəyişikliyi ilə mübarizədə deyil, həm də beynəlxalq əməkdaşlıqda oynadığı mühüm rolu vurğuladı. Bakı bu tədbirin uğurla keçirilməsi ilə beynəlxalq ictimaiyyətə güclü mesaj göndərdi: Azərbaycan müasir dünya problemlərinin həllində etibarlı tərəfdaşdır", - politoloq əlavə edib.