Heydər Əliyev Mərkəzində italyan heykəltəraşın “Təbiətin nemətləri” adlı sərgisi açılıb

Martın 6-da Heydər Əliyev Mərkəzində italyan heykəltəraş Cüzeppe Kartanın (Giuseppe Carta) "Təbiətin nemətləri" ("Gifts of nature") adlı fərdi sərgisi açılıb.

Day.Az xəbər verir ki, ekspozisiyada böyük meyvə və tərəvəz heykəllərinin müəllifi Cüzeppe Kartanın müxtəlif əsərləri sərgilənir. Müəllif bu əsərlərin bir qismini məhz Heydər Əliyev Mərkəzindəki sərgisi üçün yaradıb və onlar ictimaiyyətə ilk dəfə Bakıda təqdim olunur.

Tədbiri açan Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov diqqətə çatdırıb ki, Mərkəz yarandığı gündən burada çoxsaylı tədbirlər keçirilir. O, bu gün çox maraqlı heykəltəraş Cüzeppe Kartanın əsərlərinin təqdim olunacağını deyib və sərginin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib.

Anar Ələkbərov vurğulayıb ki, sərgidə Cüzeppe Kartanın 40-a yaxın əsəri təqdim olunur. Həmçinin bildirib ki, ölkəmiz bu yaxınlarda Venesiya Bienallesində də iştirak edəcək və həmin Bienalledə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın bir sıra memarlıq əsərləri təqdim olunacaq. O qeyd edib ki, artıq bu istiqamətdə hazırlıqlara başlanılıb. Xüsusi olaraq Zəfər muzey və park komplekslərinə önəm veriləcək, Zəngilan və Şuşa məscidləri, "Ağ şəhər" Kompleksi Venesiya Bienallesində təqdim olunacaq.

İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko çıxışı zamanı sərginin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. O, Fondun İtaliya incəsənətini, italyan mədəniyyətini hər zaman təşviq etdiyini diqqətə çatdırıb, yüksək səviyyədə və hərtərəfli əməkdaşlığa görə minnətdarlığını ifadə edib. Səfir bundan sonra da bir sıra digər çoxsaylı təşəbbüslərə dəstək veriləcəyini qeyd edib.

Tədbirdə çıxış edən heykəltəraş Cüzeppe Karta Heydər Əliyev Mərkəzinin gözəl, əhəmiyyətli və nüfuzlu məkanlar sırasında olduğunu bildirib.

O, incəsənət sahəsində fəaliyyəti barədə məlumat verərək, artıq 30 ildir heykəltəraşlıqla məşğul olduğunu söyləyib, öz əsərlərini olduqca sadə formada ərsəyə gətirdiyini qeyd edib.

Heykəltəraş bildirib ki, yaratdığı bütün əsərləri "cücərmə" adlandırır və əsərlərində "cücərmə"ni əks etdirməyə çalışır. Onun sözlərinə görə, hər kəs öz üzərinə düşən işi etməklə, təbiətə minnətdar olmalıdır.

Sonra sərgiyə baxış keçirilib.

Mərkəzin park ərazisində və sərgi zalında nümayiş olunan əsərlər arasında xüsusi sənətkarlıqla işlənilən, yaradılması böyük zaman tələb edən fındıq, moruq, şaftalı, Çili bibərinin unikal heykəlləri və instalyasiyalar yer alıb.

Əsərlər mövzunun sadəliyi baxımından tamaşaçıya çox yaxındır, eyni zamanda, təbiətin bizə bəxş etdiyi nemətlərin nə qədər dəyərli olduğunu ifadə edir. Məhz bu xüsusiyyət Cüzeppe Karta yaradıcılığının incəsənət nöqteyi-nəzərindən ümumbəşəri mesajını çatdırır.

Nar, zeytun, üzüm və s. heykəlləri Cüzeppe Kartanı dünyaya sülhü, torpağı və xalqların mədəniyyətini təbliğ edən incəsənət xadimi kimi tanıdıb. Onun sənətinin əsas mövzusu təbiət və torpağın nemətləridir. O, bu mövzunu həyatın, ümidin, yenidən doğuluşun və cücərmənin universal rəmzi kimi təsvir edir.

Avropada tanınan "Böyük bibərlər" seriyası Cüzeppe Karta tərəfindən Çin Xalq Respublikasının Siçuan əyalətinin Çonqkinq şəhəri üçün hazırlanıb. 7,5 hündürlüyündəki bu heykəl bölgənin rəmzi kimi əsas meydanı bəzəyir. Cüzeppe Karta nüfuzlu Dünya Çili Alyansının (World Chilli Alliance) rəmzini də yaradıb.

Müəllif "Milan Ekspo 2015"də Birləşmiş Millətlər Təşkilatının meyvə bağları konsepsiyası çərçivəsində də qırmızı bibər heykəlini təqdim edib. Həmin ilin sonunda bu heykəl onun Vətənində Sardiniya Bankının mülkiyyətinə çevrilir.

İtaliyanın Çili Bibər Akademiyası tərəfindən isə Cüzeppe Kartaya dünya üzrə "Çili bibəri səfiri" titulu verilib.

Cüzeppe Kartanın təsvir obyektlərindən biri də nardı. O, 2012-ci ildə məşhur tenor və bəstəkar Andrea Boçellinin Toskana bölgəsindəki "Sükut teatrı" üçün 9 metrlik nəhəng narla səhnə dekorasiyası hazırlayır. Daha sonra Kartanın "narlar"ı "Sükut teatrı"nın rəmzinə çevrilir.

Ümumiyyətlə, Kartanın meyvə və tərəvəz heykəllərinin dünyanın bir-birindən fərqli yerlərini bəzəməsinə dair siyahını artırmaq olar. Onun buyaradıcılıq konsepsiyası dünyada rezonans yaradabilib.

Kartanın kompozisiyaları eşidilməyən, lakin hiss olunan həzin bir melodiyanı xatırladır, əsərləri təbiətin əbədi gözəlliyini bir daha təsdiq edir.

ABŞ, Avstraliya, Böyük Britaniya, Çin, Fransa, İsveçrə, İtaliya, Yeni Zelandiyada təşkil edilən sərgilərdə, festivallarda, Venesiya Biennalesində təmsil olunan, çoxsaylı beynəlxalq mükafatların sahibi Cüzeppe Kartanın əsərlərini paytaxt Bakıda bir ilə yaxın müddətdə izləmək mümkün olacaq.

"Təbiətin nemətləri" sərgisi Heydər Əliyev Mərkəzində 2026-cı ilin yanvar ayınadək davam edəcək.