Prezident İlham Əliyevin ABŞ-yə tarixi səfəri: Azərbaycan-Ermənistan sülh prosesi və ATƏT-in sonu - ŞƏRH

Cəmi beş il əvvəl Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpasını, eləcə də Ermənistanın, dünya ölkələrinin, beynəlxalq təşkilatların da bu reallığı qəbul edəcəyini təsəvvür edə bilərdikmi? Doğrudur, biz inanır və ümid edirdik ki, gec-tez ədalət bərpa olunacaq.
Day.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hicran Hüseynova deyib.
"Azərbaycan yeganə dövlətdir ki, öz ərazi bütövlüyünü bərpa edib və illərlə "dondurulmuş" adlandırılan, həll olunmaz kimi təqdim edilən bir münaqişənin ədalətli həllinə nail olub. Vaşinqtonda Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasına dair Anlaşma Memorandumu imzalandı. Eyni zamanda, Azərbaycan-Ermənistan münasibətləri və ümumilikdə Cənubi Qafqazda yeni dövrün başlanğıcı hesab edilə biləcək digər vacib bir sənəd - Prezident İlham Əliyev, Nikol Paşinyan və Donald Tramp tərəfindən Birgə Bəyannamə imzalandı. Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan bu Birgə Bəyannamə, eyni zamanda sülh sazişinin paraflanması və ATƏT-in Minsk Qrupunun ləğvi məqsədilə ATƏT-in Baş katibinə ünvanlanan birgə müraciət, regionda tamamilə yeni bir dövrün başlandığını deməyə əsas verir. Bəli, biz bu gün böyük sülhün bir addımlığındayıq. 8 avqust tarixi bu baxımdan mühüm əhəmiyyət daşıyır", - deputat bildirib.
Onun sözlərinə görə, Vaşinqtonda Azərbaycan və Ermənistan münasibətlərində əldə olunan tarixi nailiyyətlər Azərbaycan rəhbərinin səriştəli hesablamasının, güclü iradəsinin və diplomatik istedadının nəticəsidir:
"Azərbaycan Prezidenti İlham Əliyev nəyi, necə və nə vaxt edəcəyini bilən liderdir. Dövlət başçısı perspektivləri görür, hər bir qərarını dəqiq hesablayır və ölkənin milli maraqlarını qətiyyətlə müdafiə edir. Prezident İlham Əliyev bu məqsədə ən çətin yolla, güclü beynəlxalq təzyiqlərə, bəzi dövlətlərin və təşkilatların müqavimətinə baxmayaraq, heç bir güzəştə getmədən çatdı.
2020-ci ildə baş verən Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə yekunlaşdı. Bu, böyük tarixi uğur idi. Ardınca isə həmin qələbənin möhkəmləndirilməsi istiqamətində tədbirlər həyata keçirilməyə başlandı. Prezident İlham Əliyev beynəlxalq diplomatiyada növbəti dəfə ustad dərsi göstərdi və bu, 44 günlük Vətən müharibəsinin nəticələrini qəbul etməyənlərə, regionda yaranmış yeni reallığı pozmağa çalışanlara bir dərs oldu".
H.Hüseynova qeyd edib ki, sülh prosesinin ləngiməsində aparıcı rolu Ermənistanın müttəfiqləri oynayıb:
"Bayden administrasiyası bu "prosesə" rəhbərlik edirdi. Bayden-Blinken tandemi və Fransa prezidenti Makron Bakının təşəbbüslərini neytrallaşdırmaq və normallaşma prosesinə öz gündəmlərini sırımaq üçün xeyli səy göstərdilər. Bunun üçün çox çirkin üsullardan istifadə olunurdu. Təxribatın ardınca təxribat gəldi, bir sıra ölkələrin parlamentlərində, Avropa və insan haqları təşkilatlarında Azərbaycana qarşı qarayaxma kampaniyaları aparılırdı. Mənfur kampaniya Co Baydenin kreslosunun titrəməsi ilə sona çatdı.
Prezident İlham Əliyevin Vaşinqtona səfəri, Nikol Paşinyanla birgə imzalanan sənədlər - bu, anti-Azərbaycan "cəbhəsinin", eyni zamanda, prezident Emmanuel Makron, Parisdən "Artsax"ı tanımasını tələb edən fransız parlamentarilərinin iflasıdır. Bu, hamının düşündüyü kimi, ANCA-nın rəhbərlik etdiyi güclü və super nüfuzlu erməni lobbisinin və diasporunun məğlubiyyətidir.
Vaşinqtonda imzalanan Birgə Bəyannamə sülh müqaviləsi istiqamətində atılan ən mühüm addımdır. Bu, Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir. İrəvan Bakının bütün şərtlərini qəbul edib. Ermənistan Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciət imzaladı. Ermənistan Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Müstəqillik Bəyannaməsinə istinadı öz Konstitusiyasından çıxarmağa razılıq verdi".
H.Hüseynova sonda vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin daha bir uğuru Zəngəzur dəhlizinin xəyaldan reallığa çevrilməsi oldu:
"Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycanın regionda dünya dövləti səviyyəsində yaratdığı status-kvonu bir daha təsdiq etdi. İndi heç kim şübhə edə bilməz ki, Cənubi Qafqazın yeni reallığı nəhayət beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur. Daha bir vacib uğur isə ABŞ prezidenti Donald Trampın Azadlığa Dəstək Aktının 907-ci maddəsinin icrasını dayandıran sənədi imzalaması oldu. Prezident İlham Əliyevlə Prezident Donald Trampın uğurlu əməkdaşlığının nəticəsi olan bu qərar Azərbaycanın 33 ildir məruz qaldığı ədalətsizliyə son qoyur".
Milli Məclisi deputatı Məzahir Əfəndiyev isə Trend-ə bildirib ki, 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində Azərbaycan ərazisinin demək olar, beşdə biri 30 il müddətində işğal altında saxlanıldı:
"İşğal həmin ərazilərdən təxminən bir milyon azərbaycanlının kütləvi etnik təmizlənməsi və digər ağır cinayətlərin törədilməsi ilə müşayiət olundu. Bu gün Azərbaycan bütün dünya dövlətləri tərəfindən Cənubi Qafqazın lider dövləti olaraq qəbul olunur. Ermənistan artıq Azərbaycanın davamlı sülhə dair şərtlərini qəbul etməyə və Sülh Sazişini imzalamağa yaxındır.
Azərbaycan sülhün əldə olunmasının, habelə regionda yeni quruculuq dövrünün başlanmasının vaxtı olduğunu bütün ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlərdə mövqe kimi nümayiş etdirir. Bu prosesdə vasitəçi kimi çıxış edən Amerika Birləşmiş Ştatları Azərbaycanın Cənubi Qafqazda siyasi və iqtisadi sabitliyi təmin etmə səylərini, beləliklə dünya siyasi arxitekturasının tamamlanması işinə dəstəyini yüksək qiymətləndirirlər. İstər Vaşinqton, Brüssel, Moskva formatında keçirilən görüşlərdə, istərsə də bir sıra mötəbər beynəlxalq konfrans, forumlar, tədbirlərdə Azərbaycan bu məsələlərdə iştirak etməyə hazır olduğunu nəinki bəyan edir, həm də regionun davamlı inkişafının təmin edilməsi işində lokomotiv dövlət rolunu öz üzərinə götürür".
Deputat bildirib ki, hələ Bayden administrasiyası dövründə ABŞ-nin yüksək dairələrində kifayət qədər güclənmiş lobbiçi qruplaşmaların təhriki ilə bəzi Amerika rəsmiləri Azərbaycana qarşı açıq şəkildə ədalətsiz, qeyri-adekvat, beynəlxalq hüququn norma və prinsiplərə zidd olan mövqe nümayiş etdirirdilər:
"Ümumiyyətlə, Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı hörmət, etimada əsaslanaraq hər zaman müsbət dinamika ilə inkişaf edib. Bu münasibətlərin əsası 1992-ci ilin 28 fevral tarixində qoyulub, xüsusilə, Ulu Öndər Heydər Əliyevin əvəzsiz səyləri nəticəsində iki ölkə arasında əsasən enerji sahəsində qarşılıqlı marağa söykənən əməkdaşlıq formalaşdırılıb. Bu günə qədər Azərbaycanla ABŞ arasında 80-dən artıq dövlət əhəmiyyətli sənədin imzalanması mövcud yüksək səviyyəli münasibətlərin bariz göstəricisidir.
Həmçinin, Donald Trampın 2024-cü ildə yenidən Prezident seçilməsi Azərbaycan-ABŞ münasibətlərinə demək olar ki, yeni nəfəs verdi, liderlər arasında telefon danışıqları və məktub mübadilələri baş tutub. Prezident İlham Əliyev bir sıra çıxışlarında Donald Tramp haqqında yüksək fikirlər səsləndirərək, məhz Trampın prezidentliyi dövründə ABŞ-nin yeni müharibələrə başlamadığını, onun ailə və ənənəvi dəyərlərə sadiqliyini xüsusilə vurğulayıb.
Bu baxımdan, Prezident İlham Əliyevin avqustun 7-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfər etməsi həm iki ölkə arasında mövcud münasibətlərin bundan sonra yeni müstəvidə inkişaf edəcəyini, həm də Cənubi Qafqazda uzun zamandır gözlənilən sülhün bərqərar olunacağını, habelə bir sıra dövlətlər üçün yeni investisiya imkanlarının açılacağını deməyə əminlik verir".
M.Əfəndiyev qeyd edib ki, bu tarixi səfər aşağıdakı istiqamətləri özündə ehtiva edir:
"Birincisi - Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlığa dair Xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, müdafiə, silah satışı və terrorizmə qarşı mübarizəni də əhatə edən təhlükəsizlik əməkdaşlığı istiqamətlərində strateji tərəfdaşlığın inkişafı üçün böyük əhəmiyyət daşıyır. Bu sənəd, ABŞ texnologiyası və investisiyalarının Azərbaycana axını, eləcə də ABŞ-nin bölgədə iqtisadi fəallığının artması üçün əməli şərait yaradacqdır.
Eyni zamanda, Tramp administrasiyası tərəfindən "Azadlığı Müdafiə Aktı"na əlavə olunmuş 907 saylı düzəlişin icrasının dayandırılması sənədi imzalanıb. Qeyd edim ki, bu düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş və Azərbaycanın Ermənistana qarşı guya "blokada" tətbiq etməsi bəhanə edilərək, ölkəyə dövlət yardımını qadağan etmişdi. Bu ədalətsiz qərar yalnız Tramp administrasiyası dövründə ləğv olundu.
İkincisi - Prezident İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında baş tutan üçtərəfli görüşün nəticəsinə dair yeddi bənddən ibarət Birgə Bəyannamənin imzalanmasıdır.
Bu Bəyannamə Azərbaycanla Ermənistan arasında imzalanacaq Sülh Sazişinin mətninin demək olar ki, tamamlanması ilə yanaşı, regionda yeni dəhlizin - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) açılması, eləcə də 30 ildir nəticəsiz fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qərarının qəbul edilməsi baxımından tarixi əhəmiyyət daşıyır".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре