Türkiyə qitələri birləşdirən nəqliyyat, logistika qovşağı rolunu oynayır - Sahibə Qafarova
Müasir Türkiyənin qurucusu Qazi Mustafa Kamal Atatürk dərin ehtiramla xatırlayaraq qeyd edib ki, Böyük Atatürkün respublika quruluşu, dünyəvi dövlətçilik və demokratik dəyərlər haqqında ideyaları qardaş Türkiyə Respublikasının davamlı inkişafının təməlində dayanır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının yaradılmasının 102-ci ildönümü münasibətilə Gülüstan Sarayında keçirilən tədbirdə çıxışı zamanı deyib.
Sahibə Qafarova vurğulayıb ki, müasir dövrün böyük siyasi və dövlət xadimi, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Bu gün qardaş ölkəmiz yeni beynəlxalq münasibətlər sisteminin cizgilərini müəyyən edən dövlətlər arasında aparıcı yer tutur. Türkiyə müstəqil və çoxvektorlu xarici siyasəti ilə məsuliyyət, prinsipiallıq və uzaqgörənlik nümunəsi göstərir.
Spiker diqqətə çatdırıb ki, Yaxın Şərqdən başlamış Şərqi Avropayadək bir sıra böhranlı regionlarda Türkiyənin göstərdiyi səylər sülhə və dialoqa xidmət edir, bütün dünyada dərin hörmət və rəğbət doğurur. Türkiyənin diplomatiyası çeviklik və müdrikliyin rəmzi, səsi isə sülh, sabitlik və ədalətin sədasıdır:
"Türk xalqının yaradıcılıq enerjisinin birləşdirilməsi iqtisadiyyat, elm, texnologiya, müdafiə sənayesi və digər sahələrdə heyrətamiz uğurların əldə edilməsinə gətirib çıxarıb. Qardaş ölkə bu gün dünyanın ən böyük iqtisadiyyatları sırasında layiqli yer tutur, strateji sahələrdə mühüm layihələr həyata keçirir. Türkiyə qitələri birləşdirən enerji, nəqliyyat və logistika marşrutlarının əsas mərkəzinə çevrilib.
Türkiyə gələcəyə inamla baxan, milli dəyərlərə sadiq və yeniliyə açıq ölkədir. Türkiyənin təcrübəsi sübut edir ki, dövlətin gücü yalnız iqtisadi və hərbi imkanlar ilə deyil, həm də mənəvi məsuliyyəti, qurub-yaratmaq və müdafiə etmək qabiliyyəti ilə ölçülür".
Spiker vurğulayıb ki, qardaş ölkənin uğurlarına Azərbaycanda öz uğurlarımız kimi sevinirik. Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi kimi, Azərbaycanla Türkiyə "bir millət, iki dövlətdir". Ölkələrimizin dostluq və qardaşlıq münasibətləri ortaq köklərimizdən və milli-mənəvi dəyərlərimizdən güc alır, qarşılıqlı hörmət və etimada əsaslanır.
"Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri ən yüksək zirvəyə - müttəfiqlik səviyyəsinə yüksəldib. Müxtəlif sahələrdə iş birliyimiz dostluq və qardaşlıq münasibətlərimizi daha da möhkəmləndirir, xalqlarımızın rifahına və tərəqqisinə xidmət edir. Birgə strateji layihələrimiz Cənubi Qafqaz bölgəsinin sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə deyilsə, "dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər bağlı olsun".
Azərbaycan və Türkiyə beynəlxalq məsələlərdə daim eyni mövqedən çıxış edirlər. Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət isə türk birliyinin möhkəmlənməsinə dəyərli töhfələr verir", - o əlavə edib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olmasını xalqımız heç zaman unutmayacaq:
"Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türkiyənin verdiyi siyasi və mənəvi dəstək, Türk xalqının tutduğu qəti mövqe Azərbaycan torpaqlarının işğalına son qoyulmasında önəmli rol oynayıb.
Bu gün Türkiyə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində və digər məsələlərdə də Azərbaycanın yanında yer alır. Azərbaycanla Türkiyənin birlik və bərabərliyi qarşıdakı illərdə xalqlarımıza yeni-yeni uğurlar gətirəcək".
Sahibə Qafarova çıxışının sonunda Türkiyə xalqını bir daha Cümhuriyyət Bayramı münasibətilə təbrik edib, Türkiyənin tərəqqisi, rifahı və xoşbəxtliyi üçün ən xoş arzularını ifadə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре