Aİ ilə Ermənistan arasında imzalanan sənəd Ermənistanın iddialarını legitimləşdirməyə yönəlib

Dekabrın 2-də Brüsseldə keçirilmiş Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının VI iclasından sonra açıqlanan "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəliyi" Cənubi Qafqaz üçün növbəti yeddi ilin çərçivə sənədi kimi təqdim olunur. Lakin sənədin məzmunu göstərir ki, Avropa İttifaqı regionda neytral vasitəçi rolunu deyil, daha çox birtərəfli siyasi yanaşmanı üstün tutur. Sənədin strukturu və vurğuları regional reallıqları deyil, Ermənistanın iddialarını legitimləşdirməyə yönəlmiş tendensiyanı ehtiva edir.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Bu, yalnız diplomatik balansın pozulması deyil - Brüsselin siyasi seçiciliyinin postmünaqişə dövrünün həssas dinamikasına ciddi təsir göstərə biləcək addımıdır. Sənəddə "Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri" ifadəsinin işlədilməsi faktların açıq şəkildə təhrifidir. Beynəlxalq qurumların, o cümlədən BQXK-nın açıqlamalarına əsasən, həmin şəxslərin bölgəni tərk etməsi tamamilə könüllü xarakter daşıyırdı və bu, Azərbaycan tərəfindən təklif olunmuş reinteqrasiya prosesindən imtinadan sonra baş verdi. Bu şəxslərin "qaçqın" kimi qələmə verilməsi isə hüquqi müstəvidə gələcəkdə manipulyasiyalara zəmin yaradır. Beləliklə, Aİ sənədi postmünaqişə reallıqlarına deyil, Ermənistanın siyasi narrativinə əsaslanır", - deyə A.Qarayev bildirib.

Politoloq qeyd edib ki, sənəddə Aİ-nin Beynəlxalq Ədalət Məhkəməsinin bütün müvafiq qərarlarının tam, dərhal və effektiv həyata keçirilməsinin dəstəklənməsi xüsusi qeyd olunur. Lakin burada əsas problem - yalnız Ermənistanın iddialarının nəzərə alınması, Azərbaycanın qarşı tərəfə yönəltdiyi haqlı hüquqi tələblərin isə tamamilə gözardı edilməsidir.

"Halbuki Vaşinqtonda paraflanmış sülh sazişi bu məsələlərin iki ölkə arasında birbaşa həllini nəzərdə tutur. Aİ-nin sənədi isə bu balanslı hüquqi mexanizmi pozur və münaqişənin hüquqi çərçivəsinə üçüncü tərəfin müdaxiləsi riskini artırır. Aİ sənədində Azərbaycan məhkəmələri tərəfindən insanlıq əleyhinə və hərbi cinayətlərə görə ittiham olunaraq məhkum edilmiş şəxslərin "əsirlər" kimi göstərilməsi isə daha bir absurd və açıq siyasi manipulyasiya nümunəsidir. Bu yanaşma nə hüquqi məntiqə, nə də beynəlxalq humanitar hüquq normalarına uyğundur. Belə bir təhrif təkcə məhkəmə qərarlarının siyasiləşdirilməsi deyil, həm də qurbanların hüquqlarına qarşı hörmətsiz yanaşmadır", - o bildirib.

Onun sözlərinə görə, sənəddə Ermənistanın regionda konsensusdan məhrum olan "sülh kəsişməsi" təşəbbüsünə sərt siyasi dəstək göstərildiyi halda, 8 avqust Vaşinqton sammitində razılaşdırılmış və real beynəlxalq legitimliyi olan TRIPP - "Trump Route for International Peace and Prosperity" layihəsinin adının belə çəkilməməsi təsadüfi deyil.

"Bu, Aİ-nin regiondakı nəqliyyat-kommunikasiya gündəliyini obyektiv iqtisadi əsaslarla deyil, siyasi simpatiyalarla müəyyən etdiyini göstərir. Ermənistanın öhdəliklərini yerinə yetirmək niyyətinə dair suallar da məhz buradan doğur. Sülh sazişinin 7-ci maddəsi Azərbaycan və Ermənistan sərhədində üçüncü tərəfin hərbi və ya müşahidə qüvvələrinin yerləşdirilməsini qadağan edir. Buna baxmayaraq, Aİ sənədi EUMA müşahidə missiyasının davamlılığının və operativliyinin artırılmasını prioritet elan edir. EUMA-nın fəaliyyəti artıq sadəcə monitorinq deyil, Ermənistanın siyasi arqumentinə çevrilən alətə çevrilib. Bu isə regionda yeni gərginlik mənbəyi formalaşdırır və sülh prosesinə töhfə vermir", - o bildirib.

A.Qarayev vurğulayıb ki, Aİ-Ermənistan sənədi deklarativ olaraq regional sabitlikdən bəhs etsə də, mahiyyət etibarilə postmünaqişə dövründə formalaşmış pozitiv dinamikanı zəiflədərək sülh prosesini mürəkkəbləşdirir.

"Sənəd mövcud reallıqlara deyil, Ermənistanın siyasi gözləntilərinə uyğunlaşdırılıb və bu, Vaşinqtonda əldə olunmuş razılaşmaların ruhuna ziddir. Cənubi Qafqazda dayanıqlı sülh yalnız balanslı, faktlara əsaslanan və tərəflərin suveren hüquqlarına hörmət edən platforma üzərində mümkündür. Azərbaycan bu prosesə sadiqliyini nümayiş etdirib. İndi həm Aİ, həm də Ermənistanın üzərinə düşən öhdəlik - sənəddəki təhrifləri aradan qaldırmaq və regionu geriyə yox, irəli aparan real əməkdaşlıq gündəliyinə qayıtmaqdır", - politoloq əlavə edib.