Dəyişkən havalar nə qədər

Yay fəsli artıq başlayıb və insanlar isti, günəşli günlərin davamlı olacağını gözləyirlər. Lakin bu il havanın dəyişkən keçməsi diqqət çəkir. Bir gün yüksək temperatur və açıq səma hökm sürürsə, növbəti gün yağışlı və küləkli hava şəraiti müşahidə olunur. Bu dəyişikliklər gündəlik həyatın müxtəlif sahələrinə təsir göstərir və insanları hava proqnozlarını daha yaxından izləməyə vadar edir.

İqlim dəyişiklikləri və atmosfer proseslərində baş verən fərqliliklər hava şəraitinin qeyri-sabit olmasına səbəb olur. Dəyişkən hava həm kənd təsərrüfatına, həm də insanların istirahət və açıq hava fəaliyyətlərinə müəyyən çətinliklər yaradır. Buna baxmayaraq, yay fəslinin özünəməxsus gözəllikləri davam edir və hər kəs ümid edir ki, qarşıdakı günlər daha sabit və əlverişli hava ilə yadda qalacaq.

Mövzu ilə bağlı Day.Az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib ki, yay fəsli artıq ölkəmizə qədəm qoyub, lakin bu il yaz və bahar aylarının normadan daha yağıntılı və sərin keçməsi səbəbindən hava şəraitində müəyyən dəyişkənliklər müşahidə olunur.

O, qeyd edib ki, son günlər bəzi bölgələrdə yağışlı və küləkli hava şəraiti davam etsə də bu hal yay fəslinin gecikməsi anlamına gəlmir.

"Əslində, mövsümlərarası keçid dövründə belə hava dəyişikliklərinin baş verməsi tamamilə təbii haldır və atmosfer proseslərinin normal gedişi ilə əlaqədardır.

Qarşıdakı bir neçə gün ərzində qeyri-sabit hava şəraiti tədricən zəifləyəcək və yerini daha isti, günəşli yay havasına verəcək. Temperatur göstəricilərinin yüksəlməsi, yağıntıların azalması və sabit hava şəraitinin formalaşması gözlənilir. Buna görə də narahatlığa əsas yoxdur. Yay mövsümü özünü tam şəkildə göstərəcək və insanlar yaxın günlərdə əsl yay ab-havasını hiss edəcəklər. Hava şəraiti artıq mərhələli şəkildə yay rejiminə keçir və isti günlərin uzun müddət davam edəcəyi proqnozlaşdırılır", - deyə o bildirib.

Nəsimi Ələsgərli