Şeyx Yaxın Şərq və Ukraynadakı münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməyə çağırıb - FOTO
"Bu gün müharibələrin davam etdiyi bir zamanda beynəlxalq hüquqa söykənərək dünyada ədalətin, kövrək atəşkəslərin deyil, davamlı sülhün təntənəsi, Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün çalışmalı, dualar etməliyik".
Day.Az xəbər verir ki, bunu Anqola Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxlislam Allahşükür Paşazadə "Sülhə çağırış, Müharibələrə son qoyulması və Beynəlxalq hüquqa hörmət" təşəbbüsü çərçivəsində Yüksək səviyyəli dialoqda - "Sülh Alyansı" Sammitində çıxışı zamanı deyib.
"Yeni Gernikaların, Srebrenitsaların, Xocalıların baş verməməsi üçün BMT-nin əlaqələndirici rolu və Sivilizasiyalar Alyansının təşəbbüs və layihələri sayəsində biz, dini liderlər dünyanın daha əmin-aman, dərin mənəvi sütunlar üzərində daha dayanıqlı, ədalətli bərqərarı işinə öz töhfələrimizi verə bilərik. Bugünkü mühüm tədbirin təşkilinə görə Anqola hökumətinə və möhtərəm qardaşım cənab Moratinosa dərin təşəkkürlərimizi bildirirəm. Əminəm ki, bugünkü forum dünyada sülhün və əmin-amanlığın bərqərarı işinə öz layiqli töhfəsini verəcəkdir, inşallah", - deyə Şeyxlislam Allahşükür Paşazadə qeyd edib.
O, çıxışı zamanı, həmçininvurğulayıb ki, bəşəriyyətə nazil olmuş müqəddəs kitablarda əksini tapan ali həqiqətlərdən biri budur ki, Uca Rəbbin yaratdığı bir insanı belə qətlə yetirmək, bütün bəşəriyyəti məhv etmək qədər ağır cinayətdir:
"Bəşəriyyətin qan yaddaşında həkk olunmuş milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş qətliamlar insanlığa qarşı ən böyük və bağışlanılmaz günahlardandır. Gernika, Srebrenitsa və bu kimi insanlıq faciələrinin qurbanlarının xatirəsini ehtiramla yad etmək, Yer üzündə belə faciələrin bir daha baş verməməsi üçün səylərimizi birləşdirmək bizim insani borcumuzdur".
QMİ sədri diqqəti Xocalı soyqırımına yönəldərək qeyd edib:
"Kütləvi qətliam cinayətinə məruz qalan xalqlardan biri də Azərbaycan xalqıdır ki, bu dəhşətli həqiqəti dünya ictimaiyyəti bilməli, ədalətli qiymətini mütləq verməlidir. Biz hər il 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində 1992-ci ildə təcavüzkar qonşu dövlət tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə zəminində törədilmiş, 613 nəfər, o cümlədən, 106 qadın, 63 uşaq, 70 qocanın qətlə yetirilidiyi soyqırımın ildönümünü qeyd edirik".
Şeyxülislam A.Paşazadə Azərbaycan dövlətinin sülhün təşviqindəki rolunu vurğulayaraq bildirib:
"Müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında körpülərin qurulması, birgəyaşayışını əks etdirən dəyərli tarixi təcrübəyə, örnək tolerantlıq modelinə malik Azərbaycan dövlətinin BMT Sivilizasiyalar Alyansı ilə bəşəri mənafelər naminə əməkdaşlığı ən yüksək səviyyədədir. Dünyada insan qardaşlığında və bəşəri həmrəyliyə xidmət edən ideya və təşəbbüsləri ilə tanınan Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməyi bizim üçün fəxarət mənbəyidir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре