Oğlunu İŞİD-dən qurtaran general İstanbul terrorunda öldü

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin İstanbul şəhərində, Atatürk hava limanında baş vermiş partlayış nəticəsində həyatını itirən insanların gözyaşardan taleləri üzə çıxmaqda davam edir. Terrorun qurbanı olanlardan biri də general-mayor Fəth Beyyud adlı şəxs olub.

Day.Az anspress-ə istinadən bildirir ki, o, bir müddət əvvəl öz oğlunu İŞİD terror təşkilatının caynağından çətinliklə də olsa xilas edə bilib. 

Tunisli həkim, general-mayor Fəth Beyyudun yaxınları bildiriblər ki, onun oğlu bir müddət əvvəl oxumaq üçün Türkiyəyə gəlib. Lakin burada o, sosial paylaşma saytları vasitəsilə İŞİD üzvləri ilə tanış olaraq Suriyaya keçib. 

Beyyud oğlunun geriyə - Türkiyəyə qayıtması üçün çox səy göstərib və sonda buna nail olub. Polis terror təşkilatından geri qayıdan oğlanı saxlayıb. General-mayorun qohumları deyirlər ki, oğlu Türkiyəyə qayıtdıqdan sonra daim Beyyudun nəzarətində olub. 

Hücumun baş verdiyi gün Beyyudun həyat yoldaşı Tunisdən Türkiyəyə oğlunu ziyarətə gəlib. Hərbçi həkim də hava limanına onu qarşılamağa gedibmiş. Ailə birlikdə Tunisə dönməyi planlaşdırırdı. Lakin ailə başçısı qanlı terrorun qurbanı oldu. 

Tunis Xarici İşlər Nazirliyi tərəfindən daha əvvəl edilən yazılı açıqlamada, Hərbi Xəstəxananın Pediatriya kafedrasının müdiri olan hərbi təbib general-mayor Fəth Beyyudun Atatürk hava limanındakı terror hücumunda həyatını itirdiyi açıqlanıb.

Ötən gün Türkiyənin İstanbul şəhərində Atatürk hava limanında terror hadisəsi baş verib. 3 kamikadze əllərində Kalaşnikov avtomatı ilə hava limanına daxil olub. Onlar əvvəlcə qarşılarına çıxan hər kəsi güllələyiblər. Daha sonra polislərin də atəş açdığını görüncə özlərini partladıblar.

Hadisə nəticəsində 42 nəfər ölüb, 239 insan isə yaralanıb. Ölənlərin çoxunun türk vətəndaşı olduğu deyilir. Ölənlər arasında turistlər də var. Verilən məlumata görə, terror qurbanları arasında Azərbaycan vətəndaşları yoxdur.

Türkiyənin İstanbul şəhərində baş verən qanlı olayla bağlı bir çox dünya liderləri Türkiyə prezidentinə başsağlığı verib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.