Göydələnlər tikilərkən normalara əməl edilirmi?

Day.Az представляет новость на азербайджанском языке

Tikinti zamanı sanitar qaydalar, ekoloji standartlar qanunvericiliklə tənzimlənməlidir

Son illər ölkəmizdə hündürmərtəbəli binaların sayında bir artım müşahidə olunur. Bəzən bu "göydələnlər" iç-içə, digər fərdi yaşayış evlərinə, sosial tikililərə təhlükə yaratmaqla inşa edilir.

Day.Az xəbər verir ki, tikinti üzrə ekspert Ramil Osmanlının "Ekspress"ə bildirdiyinə görə, əvvəllər tikintiyə dair xüsusi normalar, qaydalar var idi: "Yanaşı, baş-başa olan binalarda ara məsafələri konkret tənzimlənmirdi, amma bina salınarkən üzbəüz olan binaların hündürlüyü, xüsusilə beşmərtəbəli (hündür) binaların hündürlüyü nəzərə alınırdı. Binanın hündürlüyü 100 metrdirsə, 1,5-ə vurulurdu. Üzbəüz binalar tikilərkən 150 metr ara məsafə gözlənilirdi. Çox təəssüflər olsun ki, bu normalar indi heç yerdə gözlənilmir".

Müsahibimiz deyib ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsi yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti işlərinin aparılmasının əsas şərtlərini özündə əks etdirir. Məcəllədə tikililər arasında ara məsafə haqda qaydalar verilib. Göstərilir ki, tikinti işləri aparılarkən tikilinin divar hündürlüyünün 0,6 hissəsi müəyyənləşdirilir. Yəni tikilinin hündürlüyü nə qədər müəyyən olunubsa, onun qonşu obyektlərdən ara məsafəsi 0,6-ya vurulmaqla müəyyən olunmalıdır. "Amma yenə də vurğulayıram ki, hal-hazırda bu müddəalara, demək olar, əməl olunmur. Məsələn, paytaxtda tikinti aparan tikinti şirkətlərinin işini müşahidə etsək, görəcəyik ki, onların əksəriyyəti bu müddəalara əməl etmir, normaları pozur. Buna nəzarət edən qurumlar da bununla bağlı ciddi addımlar atmırlar".

Osmanlı qeyd edib ki, tikinti zamanı sanitar qaydalar, ekoloji standartlar qanunvericiliklə tənzimlənməlidir: "Tikinti aparılarkən ara məsafələri elə tənzimlənməlidir ki, qonşu obyektlərə təhlükə yaratmasın. Xüsusilə, böyük tikililərin tikintisi zamanı ara məsafə nəzərə alınmayıbsa, qonşu binalar sıradan çıxır, qəza vəziyyətinə düşür. Bu səbəbdən də, böyük tikililərin inşası zamanı məcəllədə göstərilən qaydalar, normalar gerçəklikdə də öz əksini tapmalıdır. Tikinti işləri gedərkən, hətta səs-küy məsələləri tənzimlənməlidir. Tikinti qonşu tikililərdə çatlar yaradırsa, bu, artıq müəyyən məsuliyyət yaradır".

Ekspertin dediyinə görə, son vaxtlar onlarla məhkəmə mübahisələri ilə rastlaşıb: "Bir çox hallarda hər hansı bir hündürmərtəbəli bina və ya sosial obyekt inşa olunarkən qonşuluqda yerləşən fərdi yaşayış binalarına ciddi ziyan dəyib, həmin fərdi yaşayış evlərinin divarları çatlayıb, yaxud su sızmaları və yaxud uçmalar baş verib. Təəssüflər olsun, əksər hallarda fərdi yaşayış evlərinin sakinləri məhkəmə mübahisələrində tikinti aparan qurumlara uduzublar, ona görə ki, fərdi yaşayış evlərinin sakinlərinin bir əraziyə milyonlarla investisiya qoyan sahibkarla mübarizə aparması Azərbaycan reallığında bir qədər real, mümkün deyil. Bu məsələlər qanunvericilikdə subyektiv müddəaların ortaya çıxmasına və əksər hallarda qanunvericiliyin pozulmasına gətirib çıxarır".
Qeyd edək ki, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində ara məsafəsi divar hündürlüyünün 0,25 hissəsi qədər nəzərdə tutulub. Əgər binanın yanında başqa bir bina tikilirsə, həmin binanın da bu binaya münasibətdə ara məsafəsi olmalıdır. Bu iki obyekt arasında ümumi ara məsafəsi divar hündürlüyünün 1,2 hissəsi qədər edir. Məsələn, əgər 10 metr hündürlüyü olan bir obyekt tikilirsə, bir binanın torpaq sahəsinin ara məsafəsi 6 metr olmalıdır. Cəm halında götürsək, bu iki obyektin arasında ara məsafəsi 12 metr olmalıdır.

Ara məsafənin gözlənilməsi havanın hərəkəti, gün işığının düşməsi, sağlam həyat şəraiti üçün də vacibdir. Bir-birinə çox yaxın tikilmiş hündürmərtəbəli binalarda mənzillərə nəinki günəş işığı düşmür, eyni zamanda, havanın hərəkətinin də qarşısı alınır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.