Tamaşaçılar tamaşanın iştirakçısına çevriləndə nə baş verir? - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Dünən axşam Opera və Balet Teatrının qarşısı qələbəlik idi. Xüsusilə balet tamaşalarının nümayişində müşahidə edilən əcnəbi tamaşaçıların çoxluğu bu dəfə yerli baletsevərlərin sayı ilə bərabər hüquqda idi, desək, yanılmarıq. Həm də tamaşaçıların davranışındakı təntənə, həyəcan təkcə premyera tamaşasına aid olan ab-hava deyildi, bu ruh yüksəkliyini doğuran başqa səbəblərdən biri, bəlkə də şüuraltı dərk edilərək birincisi, səhnə əsərinin məzmunundan qısa və dolğun şəkildə xəbər verən adı idi - "Məhəbbət tanqosu". Bahar çağı ola, Bakı əhli ola və bu adda tamaşanı xəbərləyələr. Reaksiyanı təsəvvür etmək çətin deyil, yəqin ki. Teatrın zalında tamaşaçılar nəinki parterdəki, amfiteatrdakı yerləri də tutmuşdular. Daha bir səbəb isə təbii ki, balet tamaşasının quruluşçu xoreoqrafı olaraq Rusiyanın xalq artisti Liliya Sabitovanın çıxış etməsi idi. Daşkənd Dövlət Akademik Xoreoqrafiya Məktəbinin, daha sonra isə Moskva Dövlət Akademik Xoreoqrafiya Məktəbinin məzunu olan L.Sabitova sovet və rus balet məktəbinin layiqli təmsilçilərindən biridir.

Özbəkistanın Opera və Balet Teatrının balet truppasının üzvü olduğu dövrdə aldığı ağır zədə üzündən səhnəni tərk etməli olub. Yalnız ikiillik müalicədən sonra "Moskonsert"ə qəbul edilib.
Bir sıra beynəlxalq müsabiqələr laureatı olan L.Sabitova Rusiyanın, Avropa və Amerikanın balet teatrları ilə əməkdaşlıq edib, nüfuzlu layihələrin iştirakçısı olub. 1990-cı ildən "Liliya Sabitovanın Balet Teatrı"nın bədii rəhbəridir.

Burada hər kəs tanqo oynayırdı - qadın tərəf-müqabili olan da, olmayan da, kişi tərəf-müqabili olan da, olmayan da, hətta ofisiant da. İştirakçıların, demək olar ki, hamısı bir-birindən gözəl musiqi parçalarının tənbəl, ya da bacarıqsız müşayiətçisi yox, musiqini içindən keçirən, duyan, yaşayan insanlar idi. İfaçılar yox, məhz insanlar. Səhnə əsərinin adından da bəlli olduğu kimi fabula məhəbbət və ehtiras dalğaları üzərində gəmi anlamını andırır. Bu gəminin sakinlərini canlandıran artistlər premyera tamaşasının adətən sığortalanmadığı əyər-əskikliklərə yol verməyərək partiyalarını məhəbbətin ülviliyi və tanqonun coşğusu ilə çatdırdılar, obrazlarını sevərək, anlayaraq canlandırdılar. Başqa sözlə, tamaşaçıların gözləntiləri özünü doğrultdu - bir saatlarını təkcə gözəl musiqi dinləməyə yox, bu musiqinin canlı orqanizmə çevrilməsini sadəcə seyr etməyə deyil, yaşamağa sərf etdilər, bütün tamaşa boyunca qəhrəmanların başına gələnləri nəfəslərini içlərinə çəkərək onlarla birlikdə sarsıldılar, sevdilər, nifrət etdilər, məhəbbət və ehtiras odunda yandılar. Az qala səhnə əsərinin iştirakçısına çevrildilər.

Bu sətirləri yazanın yanında xanımı ilə birlikdə oturmuş bir tamaşaçı səhnə əsəri bitər-bitməz yerindən sıçrayaraq "bravo" deyə səslənib alqışlamağa başladı. Ümumiyyətlə, "bravo" sədaları və sürəkli alqışlar bir neçə dəqiqə səngimək bilmədi. Tamaşa isə bir tavernada başlayıb, təbiət qoynunda davam edib yenə də tavernada sona çatır. Taverna, çoxlu müştəri, tavernanın sahibi Migel, rəqqasə Laura, Raul adlı müştəri və onun rəfiqəsi Tereza. Hadisələr bu dörd nəfərin arasında cərəyan edir. Tavernada rəfiqəsini gözləyən Raulun ağlına da gəlmir ki, rəqqasə Lauranı görən andan məhəbbət odunda yanmağa başlayacaq. Bu diqqəti hiss edən Laura onu cavabsız qoymur. Mənzərənin belə şəkil alması isə taverna sahibi Migelin heç də ürəyincə deyil. Çünki o, Lauranı həm bir rəqqasə, həm də diqqət ayırmaq həvəsində olduğu qadın kimi itirə bilər. Bu arada Tereza da gəlib çıxır. Və Raulun onun gəlişindən belə xəbərsiz halda vurğun baxışlarla Lauraya baxdığını görüncə qısqanclığın bütün yolverilən və yolverilməyən təzahürlərini meydana qoyur. Raulla Laura tavernadan qaçırlar. Hadisələrin sonrakı inkişafı isə Terezanı Lauranın qatilinə çevirir. Amma yalnız cismi sonuclayan qatilə, məhəbbəti isə əbədiyaşar edən "qatil"ə.

Qeyd olunmalıdır ki, "Məhəbbət tanqosu" tamaşasının teatrın balet truppasının üvzlərinin istedad və bacarıqlarının açılmasında, yeni tərəflərinin kəşf edilməsində fərqli mərhələ olması aşkar fakt kimi özünü təsdiq etdi. Baş rolların ifaçılarından yalnız Veronika Arazova (Tereza) bir qədər donuq ifa nümayiş etdirdi. Digərləri xalq artistləri Kamilla Hüseynova (Laura), Gülağası Mirzəyev (Raul), əməkdar artistlər Veronika Arazova (Tereza) və Samir Səmədov (Migel) tamaşaçıların nəzər-diqqətlərini gərək olduğu qədər öz üzərlərində saxlaya bildilər. Xüsusilə Lauranın ilk solo-rəqsi bütöv bir tamaşaya dəyən səhnə kimi qiymətləndirilə bilər. Tamaşada Pyatsolla, Rodriges, Velaskes, Dienin musiqisi səslənir. Bu musiqi əsərlərinin bəzilərinin qrammofon valı yazısının səsləndirilməsi tamaşanın təsir gücünü daha da artırır. Səhnə əsərinin libretto müəllifi Liliya Sabitova, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi Yusif Babayev, kostyumlar üzrə modelyer Nəzakət Əhmədovadır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.