Tanınmış erməni yazıçı:

Day.Az представляет новость на азербайджанском языке

"Dağlıq Qarabağda bir müddət əvvəl qanlı döyüşlər başa çatdı. Hər iki tərəf itkilər verdi. Əfsuslar olsun ki, Dağlıq Qarabağ probleminə onlarla kiçik və böyük, sadə və mürəkkəb problemlər qarışıb. Ona görə də Qarabağ problemini qısa müddətə həll etmək mümkün deyil. Hərbi yolla isə ümumiyyətlə, həll yolu yoxdur.

Bu ağrılı mövzuya toxunanda hər kəs tərəfindən anlayışla qarşılanmaq çətindir. Sola bir addım - həmyerlilərin ermənilər anlamayacaqlar, sağa bir addım - həmyerlilərin azərbaycanlılar anlamayacaqlar. Amma Qarabağdakı qarşıdurmaya son qoymaq üçün bunu etmək gərəkdir. Axı biz ermənilər və azərbaycanlılar qardaşlar yox, əkiz qardaşlarıq. Bizi birləşdirən cəhətlər ayıran məqamlardan daha çoxdur".

"Ədəbi Kanada" ("Literaturnaya Kanada") almanaxının baş redaktoru Vaahn Karapetyan belə yazıb. 

"1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibindən çıxmaqla bağlı qərar qəbul etdi və Moskvaya üz tutaraq bu qərarın təsdiqlənməsini istədi. Amma ermənilər nədənsə demirlər ki, o vaxtkı SSRİ-nin Ali Soveti bu qərarı təsdiqləməmişdi. Ona görə də indi Dağlıq Qarabağı idarə edən, Azərbaycana tabe olmayan hakimiyyət qanunsuzdur. Ermənistan birmənalı olaraq SSRİ Ali Sovetinin qərarını nəzərə almalı, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməli, işğal etdiyi əraziləri Azərbaycana qaytarmalı, bunun müqabilində geniş muxtariyyət almalıdır", - V.Karapetyan bildirib.

Onun sözlərinə görə, 25 ildən bəri davam edən münaqişəni bir-iki günə həll etmək olmaz: "Lazım gələrsə, uzun məsafə qət etməliyik. Amma başqa yolumuz yoxdur. Ermənistan və Azərbaycan dürüst istiqamətdə irəliləməlidirlər. Bu, tunel tikintisinə bənzəyir. Hər iki tərəfdən düzgün istiqamət seçilməsə, onlar heç vaxt görüşməyəcəklər, birləşməyəcəklər. Dürüst istiqamət seçdiyimiz təqdirdə isə sülh və sakitlik zamanı xeyrimizə işləyəcək, fiziki və mənəvi yaraları sağaldacaq. Bizi ayıran yox, birləşdirən qərarlar, addımlar gərəkdir. İndi, bu gün problemi istənilən yolla həll etməyə çalışanda dünən buğda səpib bu gün məhsul yığmağa çalışan kəndliyə bənzəyirik. Anlayıram ki, indi, hisslərin tarıma çəkildiyi bir zamanda yazdıqlarım utopiyaya bənzəyir, amma nə edim, gücüm buna çatır. Əfsuslar olsun... 1980-ci illərdə Hollandiyadan Belçikaya köçmüşdüm. Bu iki ölkəni yolda sadəcə, ağ xətt ayırır. Axı niyə biz belə yaşamamalıyıq?! Belə həyata bəlkə layiq deyilik?! Axı sənə pis olanda ilk əvvəl qonşunun qapısını döyürsən..."

V.Karapetyanın fikrincə, "erməni soyqırımı"nını danılmasının cinayət sayılmasını nəzərdə tutan qanun layihəsinin Rusiya Dövlət Dumasında müzakirəyə çıxarılması heç də Rusiyanın Ermənistana və ermənilərə "qardaşlıq münasibətləri"ndən xəbər vermir.

"Rusiyanın məqsədləri aydındır və ermənilərə "qardaş dəstəyi"ndən söhbət belə, gedə bilməz. Rusiya Türkiyəyə qaz boru kəməri çəkəndə erməniləri yada salmırdı. Amma Rusiyanın təyyarəsini Türkiyə vurandan sonra - özü də həmin hərbi təyyarə Türkiyənin hava sərhədlərini dəfələrlə pozandan sonra - Rusiya nədənsə ötən əsrdə baş vermiş hadisələri yada saldı. Sualım var: bu qanun layihəsi ermənilərin nəyinə gərəkdir?! Qanun layihəsi qəbul olunarsa Rusiyadakı ermənilərin oradakı azərbaycanlılara qarşı "soyqırım məhkəmə prosesləri" başlanacaq.

Rusiyada ermənilərlə azərbaycanlılar çoxdur, böyük diasporlardır. Bu qanun layihəsi qəbul olunarsa, iki diaspor arasında düşmənçilik son həddə çatacaq.

Sosioloq Aleksandr Tarasovun dediyinə görə, hazırda Rusiyanın 85 şəhərində faşist təşkilatları fəaliyyət göstərir. İndi Rusiya üzərində "Ermənilər dostdur, azərbaycanlılar isə düşməndir!" şüarı sanki göy qurşağı kimi bərq vurur. Bu, məni sevindirmir, yox, çünki azərbaycanlılar mənim qardaşlarımdır,  - V.Karapetyan bildirib.

O, 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş kütləvi qırğınları da "erməni soyqırımı" saymır: "Gəlin, "soyqırım" termininin nə olduğunu müəyyənləşdirək. Bu ifadəni 1943-cü ildə polyak hüquqşünas Rafael Lemkin gündəmə gətirdi. "Soyqırım" sözü milli mənsubiyyətə görə insanların kütləvi qətliamını nəzərdə tutur. Ermənilər 1915-ci ildə Türkiyədə kütləvi qırğınlara məruz qalıblar. Amma türklər də, assuriyalılar, kürdlər, azərbaycanlılar da bu qırğınların qurbanları olmuşdular.

O vaxt zaman elə idi. Bunu xatırlamaq gərəkdirmi? Təbii. Amma qürurlanmaq, qonşu xalqları şantaj etmək olmaz. Üstəlik, Lemke "soyqırım" ifadəsinin müharibədən sonrakı dövrə şamil olunmasının gərəkdiyini demişdi. Biz ermənilər isə bunu "unutmuşuq". Soydaşlarım Almaniyanın yəhudilərdən üzr istədiyini, yəhudi soyqırımını etiraf etdiklərini deməyi çox sevirlər.  Əvvəla, yəhudilərin o vaxt yeganə "günahı" almanlarla müqayisədə daha yaxşı yaşamaları idi. Ermənilər isə - kimsəyə sirr deyil - Rusiya və Türkiyə arasındakı müharibələrdə aşkar şəkildə rus qoşunlarına yardımlar ediblər, türk qoşunlarının hərəkəti və sirləri barədə ruslara məlumatlar ötürüblər, rus qoşunlarında xidmət ediblər, türkləri hədəfə alıblar. Bir sözlə, yaşadıqları Türkiyəyə xəyanət ediblər, "beşinci kolon" olublar".

Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.