"Müsavat" niyə qurultay keçirmək istəmir?

Day.Az представляет новость на азербайджанском языке.

Siyasilər deyirlər ki, qurultay keçirilsə, Müsavat Partiyası parçalanacaq

2010-cu ilin parlament seçkilərindən sonra Müsavat funksionerləri partiyanın növbəti qurultayının keçirilməsini gündəmə gətirdilər. Partiya rəhbərliyi öz aralarında uzun-uzadı müzakirə və mübahisələr açdıqdan sonra hakimiyyətin qurultay üçün yer ayırmadığını bəhanə etdi. Hətta o zaman Müsavat başqanı daxili gərginliyi azaltmaq üçün Türkiyə və Gürcüstana bu məqsədlə müraciət ediləcəyini bildirdi. Amma 2013-cü ilin prezident seçkiləri öncəsi İsa Qəmbərin özünün namizəd olması, ardınca Milli Şuranın yaranması və vahid namizəd ətrafında baş verən olaylar qurultay mövzusunu bir müddət səngitdi. Prezident seçkilərində müxalifətin yenidən məğlubiyyəti isə Müsavat dəhlizlərində təkrar qurultay mövzusunun müzakirəsinə, 20 ildir partiyaya başqanlıq edən şəxsin dəyişməsi tələblərinə səbəb oldu. Məcburiyyət qarşısında qalan İ.Qəmbər qurultay üçün yer ayrılması tələbi ilə cari ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. Bakı meriyası isə öz növbəsində mayın 24-də Müsavat Partiyasının VIII qurultayının keçirilməsi üçün bir neçə yer təklif edib. Lakin İ.Qəmbər və tərəfdaşları ayrılan yerlərin tutum həcminin azlığını əsas gətirərək, tədbirin keçirilməsi üçün Əl Oyunları İdman Sarayının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasının ayrılmasının məqsədəuyğun sayıb. Əslində, belə bir mövqe ilə onlar qurultayı keçirməkdə maraqlı olmadıqlarını bir daha ortaya qoyublar. Elə bu günlərdə BŞİH Başçısı Hacıbala Abutalıbovun Müsavat funksionerlərinin söylədiklərinə reaksiyası da deyilənləri təsdiqləyib. Bakı şəhərinin meri Müsavat Partiyasına bir neçə dəfə yer ayrıldığını bildirib. Qeyd edib ki, Müsavat rəhbərliyi qurultayı keçirmək istəmədiyindən, bu partiyanın üzvləri hər dəfə müxtəlif bəhanələr gətirirlər: "İstənilən vaxt onlara yer ayrılıb. Ancaq həmişə qurultayı keçirməmək üçün bəhanə tapırlar. Deyirlər, 600 nəfərlik yer ver, 650 nəfərlik yer verirəm. Sonra deyirlər, "yox, bizim 1000 nəfərlik nümayəndəmiz var". 1000 nəfərlik yer verirsən, deyirlər, "yox 1500 nümayəndəmiz var". Qurultay keçirmək istəyən 100 nəfərlik yerdə də keçirər... Bir həftə ərzində Müsavat Partiyasına 650-700 nəfərlik yer ayrılacağıq. Ancaq əmin olun ki, onlar qurultay keçirməyəcəklər".

Sözügedən məsələ ilə bağlı "Kaspi"yə açıqlama verən Azərbaycan Vəhdət Partiyasının (AVP) sədri Tahir Kərimli MP-nın qurultayının məqsədli şəkildə yubadıldığını bildirib. Onun sözlərinə görə, İ.Qəmbərin Müsavat başqanı olaraq qalması bu partiyanı parçalanmaqdan saxlayan yeganə yoldur: "Əvvəla Müsavat Partiyası özünün arzu etdiyi kimi hətta Heydər Əliyev adına sarayda da qurultay keçirmək istəyərdi. Bununla həmin partiya cəmiyyətə mesaj verəcəkdi ki, hakimiyyət Müsavatla hesablaşır, məcburən ona imkanlar yaradır və iqtidar tərəfindən müdafiə olunur, həmçinin qurultayda iştirak edən iki mindən artıq insan Müsavatı ana müxalifət kimi qəbul edir. Bundan başqa, Müsavat funksionerləri bu arzularını reallaşdırmaqla cəmiyyətə göstərmək istəyirlər ki, gələcəkdə hakimiyyətə ən iddialı namizəd məhz onlardır. Əlbəttə, bu, partiya olaraq onların arzularıdır. Ona görə də onlar daha böyük yer istəməklə, bunu nəzərdə tuta bilərlər. Çünki daha böyük yerin verilməsi hakimiyyət tərəfdən onlara böyük etimadın, yaradılan şəraitin göstəricisi sayıla bilərdi. Bu, dərhal vətəndaşlar üçün də cəlbedici görünəcəkdi və qurultaya daha çox adamın cəlb olunmasına səbəb olacaqdı. Amma mənim fikrimcə, Müsavat tərəfindən qurultayın gecikdirilməsi sırf məqsədli xarakter daşıyır. Məsələ budur ki, İsa Qəmbər əvəz olunmaq istəmir. Onun ətrafındakı bir çox müsavatçılar da başqanın yeni bir adam olmasını istəmirlər".

T.Kərimli Müsavat Partiyasında başqanlığa iddialı şəxslərin və onların ətrafında toplaşanların bir-birini qəbul etməyən qruplara bölündüyünü diqqətə çatdırıb. Deyib ki, bunu onların mətbuata açıqlamalarından, sosial şəbəkələrdəki müzakirələrindən də açıq-aydın hiss etmək mümkündür. T.Kərimlinin fikrincə, hər bir qrup öz miqyasında təbliğat aparır, dəstəklədikləri şəxsin qurultayda başqan seçilməsini istəyir: "İstənilən qrupun namizədi başqan olacağı təqdirdə digər qrupların bununla razılaşacağını güman etmirəm. Dərhal Müsavatda dərin parçalanmalar, qopmalar olacaq. Hətta keçmiş "baqajları" da onları bu vəziyyətdən xilas edə bilməyəcək. Bu kimi səbəblərdən mümkün qədər İsa Qəmbərin sədrliyi ilə partiyanın idarə olunması yeganə çıxış yolu sayılır. Bundan o tərəfə söylənilən bütün fikirlər bəhanədir. Qurultayı 500-600, hətta 300 nəfərlə də keçirmək mümkündür. Heç uzağa getməyək, Yeni Azərbaycan Partiyası istəsəydi ən böyük stadionda da qurultayını keçirə bilərdi. Buna onun potensialı var. YAP Azərbaycanın ən böyük partiyasıdır. Lakin biz gördük ki, YAP 500-600 nəfərlə qurultay keçirdi. Müsavat da YAP-dan böyük partiya olmadığı üçün, onların yerin tutum həcminin az olmasını əsas gətirib qurultaylarını təxirə salmaları yalnız bəhanədir. Müsavat başqanı İsa Qəmbər əvəzlənmək istəmədiyi üçün qurultay keçirilmir".

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun isə MP-nın qurultay keçirmək üçün etdiyi müraciətlərə münasibəti fərqli olub. O, deyib ki, BŞİH ilə Müsavat arasındakı anlaşılmazlıq qurultayının keçirilməsi istiqamətində prosesləri bir qədər də ləngidir. S.Cəlaloğlu az sayda partiya üzvünün iştirakı ilə də qurultay keçirilməsini mümkün sayıb. Onun sözlərinə görə, bir partiya üçün qurultay vacibdirsə, mövcud şərtlər nəzərə alınmaqla bu tədbiri keçirmək olar. Əgər qurultayın keçirilməsi lazım deyilsə, bu zaman ən müxtəlif şərtlər, iddialar irəli sürmək olar: "Bakı meriyasının Müsavat Partiyasına Qurultay keçirmək üçün hətta yer verməyəcəyi təqdirdə biz ADP-nin konfrans zalını onlara verməyə hazırıq. Düzdür, bu vaxta qədər ADP-yə bu barədə müraciət edilməyib. Amma böyük məmnuniyyətlə Müsavat Partiyasına ADP-nin konfrans zalını verərdim. Ancaq Müsavat Partiyası min nəfərlik yer axtarır. ADP-nin zalında isə bu qədər insanı tuta biləcək yer yoxdur. Hər halda müraciət edilsə, tərəfimizdən heç bir problem olmayacaq".