Müharibədə hər travma alan şəxsə əlillik verilə bilməz

Əyani müayinə zamanı müharibə ilə əlaqədar əlilliyinin saxta olduğu aşkar edilən Bərdə rayon sakini Mustafayev Şamaillə bağlı yayılan məlumatlar sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Mövzu ilə əlaqədar olaraq Lent.az-a açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova bildirib ki, insan müharibədə iştirak edib, travma alsa da, aldığı travmanın əlilliyə əsas verməməsi mümkündür:

"Nazirlik tərəfindən son 2-3 il ərzində saxta əlilliklə bağlı ciddi mübarizə tədbirləri həyata keçirilir. Əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar əlillik təyinatı alan şəxslər bununla əlaqədar əyani müayinələrə dəvət olunurlar. Müayinə zamanı onların yerindəcə real vəziyyətləri dəyərləndirilir. Sənədlərdə ziddiyyətli məsələlər ortaya çıxırsa isə əlillik ləğv olunur.

Əyani müayinələrin birində Ş.Mustafayevin 2016-cı ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının onun barəsində rəsmiləşdirdiyi göndərişdəki diaqnoz ("kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya" və s.) təsdiqini tapmayıb. Ümumiyyətlə, onun sağlamlıq durumunda heç bir əlillik əlaməti olmadığı və beş il əvvəl "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" ona aparılmış ikinci dərəcə əlillik təyinatının da saxta olduğu müəyyən edilib. Diaqnoz təsdiqini tapmadığı üçün orada olan həkim-ekspert, nevropatoloq sözügedən şəxsə vəziyyəti izah etməyə çalışıb. O isə həqiqəti qəbul etmədiyi üçün həkim-ekspertə xəsarət yetirib".

Mətbuat katibi xatırladıb ki, yanlış təyin olunmuş əlilliklər aşkarlandığı təqdirdə əlillik ləğv olunur:

"Və qanunvericiliyi pozmuş şəxslər cəzalandırılaraq vəsaitin dövlət büdcəsinə həm müvafiq vəzifəli şəxslər, həm də vətəndaşlar tərəfindən geri ödənilməsi öhdəliyi tələb kimi qoyulur.
Bundan başqa bildirim ki, vətəndaşlar verilən qərarla razılaşmadıqları zaman müvafiq instansiyalara, məhkəmələrə şikayət edə bilərlər".